Liturgiya oxunuşları: 27 İYUL. Adi Dövrün XVII həftəsinin bazar
BİRİNCİ OXUNUŞ Yer 13,1-11
Rəbb mənə belə dedi: «Get özünə bir kətan qurşaq al və belinə bağla, amma onu suya qoyma». Mən Rəbbin sözünə görə qurşaq aldım və belimə bağladım. Mənə yenə Rəbbin sözü nazil oldu: «Belindəki aldığın qurşağı götürüb qalx və Fərat çayına tərəf get. Onu orada qayanın oyuğunda gizlət». Mən gedib Rəbbin əmr etdiyi kimi onu Fərat çayının yaxınlığında gizlətdim. Uzun müddət sonra Rəbb mənə dedi: «Qalx Fərat çayına tərəf get və sənə gizlətməyi əmr etdiyim qurşağı oradan götür». Mən Fərat çayına tərəf getdim və qurşağı gizlətdiyim yerdən qazıb götürdüm. Gördüm ki, qurşaq çürüyüb və daha heç nəyə yaramır. O zaman mənə Rəbbin bu sözü nazil oldu: «Rəbb belə deyir: “Yəhudanın təkəbbürünü və Yerusəlimin böyük qürurunu beləcə çürüdəcəyəm. Sözlərimə qulaq asmayan, inadkarlıqla ürəklərinin istədiyinə uyan, başqa allahlara qulluq və səcdə edərək onların tərəfdarı olan bu pis xalq heç bir şeyə yaramayan həmin qurşaq kimi olacaq”. Rəbb deyir: “Qurşaq insanın belinə necə yapışırsa, bütün İsrail nəslini və Yəhuda nəslini Özümə eləcə yapışdırdım ki, Öz xalqım olub Mənə şöhrət, tərif və izzət gətirsinlər, ancaq onlar qulaq asmadı”.
Təfsir
Təsəvvür edək ki, biz bir kəmər almışıq. O, fabrikdən yenicə çıxıb: qüsursuz, möhkəm, parlaq, zərif və tamamilə yenidir. İndi isə seçim bizim əlimizdədir. Ya onu taxıb paltarımızı səliqədə saxlayacaq, görünüşümüzə yaraşıq verəcəyik, ya da evimizin yaxınlığındakı çayın dibində, on metr dərinlikdə bir daşın altına gizlədəcəyik. Birinci halda insanlar səliqəli görünüşümüzə heyran qalacaqlar. İkinci halda isə hamı bizə güləcək, çünki pul boş yerə xərclənmiş, yeni əşya isə yararsız hala salınmış olacaq. İsa da duz haqqında danışarkən buna bənzər bir nümunə gətirir. Duz öz xüsusiyyətini qoruyub saxladıqda yeməyə dad verir. Əgər öz gücünü itirərsə, artıq heç nəyə yaramaz və çölə atılar. Buna görə də hər birimiz özümüzdən soruşmalıyıq: Mən nə üçün yaradılmışam? Bu dünyaya niyə gəlmişəm? Bu gün olduğum yerdə gördüyüm işlərin məqsədi nədir? Yeremyanın kəməri bizə sadə, lakin dərin bir cavab verir: sən Allahla birlikdə yaşamaq üçün yaradılmısan. Ondan möhkəm yapış və Onda qal. O zaman həyatında hər şey öz həqiqi yerini tapacaq.
İNCİL Matta 13,31-35
İsa onlara başqa bir məsəl də danışaraq dedi: «Səmavi Padşahlıq bir adamın götürüb öz tarlasında səpdiyi xardal toxumuna bənzəyir. Xardal toxumu bütün toxumların ən kiçiyi olsa da, böyüdükdə bütün bostan bitkilərindən hündür, lap ağac boyda olur. Belə ki göydə uçan quşlar gəlib onun budaqlarında yuva qurur». İsa onlara başqa bir məsəl də söylədi: «Səmavi Padşahlıq xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə una qarışdırıb bütün xəmir acıyanadək saxlayır». İsa bütün bu şeyləri xalqa məsəllərlə söyləyirdi və onlara məsəlsiz heç bir şey söyləməzdi ki, peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin: «Ağzımı məsəllərlə açacağam, dünya yaranandan bəri gizli qalan şeyləri bəyan edəcəyəm».
Təfsir
Bu dəfə Rəbb Səmavi Padşahlığı bitkilər aləmindən götürdüyü iki bənzətmə ilə təsvir edir: xardal toxumu və maya. Məna aydındır: Səmavi Padşahlığın taleyi xardal toxumu kimi böyümək və maya kimi başqalarını böyütməkdir. Qarşımızda hərəkət və inkişafla dolu bir mənzərə açılır. Səmavi Padşahlıq daim genişlənən, böyüyən və yayılmağa davam edən ilahi həqiqətdir. Lakin bu böyümə bizim gücümüzlə baş vermir. Bitki öz təbiətinə uyğun olaraq inkişaf edir, maya isə sadəcə xəmirin içində olmaqla onu qaldırır. Bu bənzətmənin mənası aydındır: bizdən tələb olunan iman, etibar, xoş niyyət, səbir və Allahın iradəsini təvazökarlıqla qəbul etməkdir. Böyüməni, qüvvəni, möcüzəni və səmərəni isə Allah verir. Bütün bunları bir cümlədə ifadə etsək, deyə bilərik ki, Allahın Padşahlığı içimizdə elə böyüyür ki, biz çox vaxt bunun necə baş verdiyini belə hiss etmirik. XVII əsr alman mistiki Yakob Böhme belə yazırdı: «Həyatım boyu cəmi bir kitab oxudum – öz daxilimdə yazılmış kitabı.» O, həqiqəti yalnız kitablarda axtarmırdı; öz həyatını Məsihin ruhunda «oxumağı» öyrənmişdi. O, Allahın lütfünün qəlbində fəaliyyət göstərməsinə imkan verir və anlayırdı ki, insanın bundan artıq heç nəyə ehtiyacı yoxdur.