Liturgiya oxunuşları: 26 İYUL. Adi Dövrün XVII Rəbb günü
BİRİNCİ OXUNUŞ 1 Pad 3,5-12
Giveonda Rəbb Süleymana gecə vaxtı yuxuda göründü. Allah dedi: «Nə istəyirsən, sənə verim?» Süleyman dedi: «Sən qulun atam Davuda böyük xeyirxahlıq göstərdin, çünki o Sənin önündə sadiq və saleh işlər görürdü, düz qəlblə Səninlə idi. Bu gün də taxtında oturan bir oğul verməklə ona Öz böyük xeyirxahlığını saxladın. İndi, ya Rəbb Allahım, Öz qulunu atam Davudun yerinə padşah etdin. Ancaq mən çox cavanam, nə edib-etməyəcəyimi bilmirəm. Qulun Sənin seçdiyin xalqın – saysız-hesabsız böyük bir kütlənin arasındadır. İndi mənə elə bir dərrakəli ürək ver ki, yaxşı ilə pisi ayırd edib Sənin xalqına hökm edə bilim. Başqa cür Sənin bu böyük xalqını kim idarə edə bilər?» Süleymanın bu istəyi Xudavəndin gözünə xoş gəldi. Allah ona dedi: «İndi ki özün üçün uzun ömür, var-dövlət və düşmənlərinin canını istəmədin, bunların yerinə ədaləti ayırd etmək üçün dərrakə istədin, Mən istəyini yerinə yetirirəm: sənə elə bir hikmətli və dərrakəli ürək verirəm ki, sənin kimisi nə səndən əvvəl olmuş, nə də səndən sonra olacaq.
Təfsir
Kim bilir, bəlkə bir gün bizə də belə gözlənilməz və böyük bir lütf nəsib olar: hər şeyi verməyə hazır olan Allah bizdən nə istədiyimizi soruşar. Biz Ondan nə diləyərdik? Çox güman ki, özümüz üçün hansısa xeyir, yaxud bizə və yaxınlarımıza faydalı olacaq bir nemət istəyərdik. Müqəddəs Paul ilk dövr Kilsəsində təzahür edən Müqəddəs Ruhun bəxşişlərini sadalayarkən yazır ki, birinə hikmət sözü, başqasına möcüzələr göstərmək qüdrəti, digərinə dillərdə danışmaq, bir başqasına isə bu dilləri izah etmək qabiliyyəti verilir və sair (1 Kor. 12, 4 və ardı). Əgər Allah bizdən: «Hansı bəxşişi istəyirsən?» – deyə soruşsaydı, yəqin ki, çoxları: «Möcüzələr göstərmək bəxşişini!» – deyə cavab verərdi. Süleyman isə ilk baxışda ən sadə və nəzərə çarpmayan bir şeyi istədi: hikmət bəxşişini, daha dəqiq desək, ayırd etmə və düzgün mühakimə etmə xarizmasını. Bəzən elə görünür ki, bu, Müqəddəs Ruhu narahat etməyə dəyməyəcək qədər kiçik bir arzudur. Lakin nəticədə məlum olur ki, ən çox ehtiyac duyduğumuz məhz budur. Allah bu bəxşişi diləyən gənc padşahı tərifləyir. Aramızda həqiqətən ruhları ayırd etmə bəxşişinə malik bir insan olsaydı, şübhəsiz, hamımızın işləri çox daha yaxşı gedərdi.
İKİNCİ OXUNUŞ Rom 8,28-30
Biz bilirik ki, hər şey birlikdə Allahı sevənlərin, Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir. Çünki Allah qabaqcadan tanıdığı adamları Öz Oğlunun surətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin etdi ki, O, çoxlu qardaş arasında ilk doğulan olsun; əvvəlcədən təyin etdiyi adamları da çağırdı; çağırdığı adamları da saleh saydı; saleh saydığı adamları da izzətləndirdi.
Təfsir
«Allahı sevənlər üçün hər şey xeyirə xidmət edir» (Rom 8, 28). Müqəddəs Pailun bu bircə cümləsi xristianın bütün mənəvi həyatını ifadə etməyə qadirdir. Əgər «hər şey» deyilirsə, bunu sözün həqiqi mənasında başa düşmək lazımdır. Buraya əzablar, faciələr, hətta ölüm də daxildir. Bəs onlar necə xeyirə xidmət edə bilər? Əgər biz onları təmizlənmək, özümüzə qalib gəlmək və səbirdə böyümək üçün bir fürsət kimi qəbul etsək, onlar ruhumuzun xeyrinə xidmət edərlər. Həyatımızda ağır və ağrılı bir hadisə baş verəndə, təbii olaraq bütün diqqətimizi həmin bədbəxtliyə yönəldirik. Lakin özümüzdən soruşsaq ki, “Rəbb bu sınaq vasitəsilə məndən nə gözləyir?” , onda bəlkə də ən çətin anlarda belə Allahın görünməz əlini görə biləcəyik. Hətta günah təcrübəsi belə insanın xilasına xidmət edə bilər. Əlbəttə, bu o demək deyil ki, günah etməliyik. Amma əgər yıxılmışıqsa, öz acizliyimizi dərk etmək bizi daha təvazökar edə, Allaha və Onun köməyinə nə qədər möhtac olduğumuzu daha dərindən hiss etdirməyə qadirdir. Səmimi tövbə etdikdə isə biz xristian kamilliyinə doğru daha bir addım atmış oluruq.
İNCİL Matta 13, 44-52
Səmavi Padşahlıq tarlada gizlədilən bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı və o tarlanı satın aldı. Yenə Səmavi Padşahlıq gözəl mirvarilər axtaran bir tacirə bənzəyir. O, çox dəyərli olan bir mirvari tapanda gedib bütün varını satdı və onu satın aldı. Yenə Səmavi Padşahlıq dənizə atılan və hər cür balıq tutan bir tora bənzəyir. Tor dolduğu zaman onu sahilə çəkdilər və oturub yaxşılarını qablara yığdılar, pisləri isə kənara atdılar. Bu dövrün sonunda da belə olacaq. Mələklər gəlib pisləri salehlərin arasından kənar edəcəklər. Sonra onları odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq». İsa «Bütün bunları anladınızmı?» deyə soruşdu. Onlar İsaya «bəli, ya Rəbb» dedilər. İsa da onlara dedi: «Ona görə də Səmavi Padşahlıq üçün şagirdlik etmiş hər ilahiyyatçı xəzinəsindən təzə və köhnə şeylər çıxaran ev sahibinə bənzəyir».
Təfsir
Səmavi Padşahlıq hər şeydən əvvəl şəxsi münasibət ölçüsünə malikdir. O, sadəcə gözəl, nağılvari bir məkan, rahatlıq, əyləncə və zövqlə dolu bir yer deyil. İncilin məsəllərində Səmavi Padşahlıq xəzinə tapan insandır, qiymətli mirvari əldə edən tacirdir, yaxşı balığı seçən balıqçıdır. Başqa sözlə, Səmavi Padşahlıq “mənim özüməm” – dirilmiş Məsihi qəbul etməyə verdiyim cavabdır. Səmavi Padşahlıq məhəbbətin şəxsi təcrübəsidir. Əgər mənim ən böyük sərvətim İsa Məsihdirsə – həqiqi xəzinə, qiymətli mirvari və ən yaxşı ov məhz Odursa, onda əbədi həyat Onunla münasibətin tam kamilliyindən başqa bir şey olmayacaq. Orada əsas olan nə əşyalar, nə də başqa nemətlərdir. Əsas olan məhəbbətdir. Cənnət Məsihin dirilmiş Bədənidir. Orada xilas olanların hamısı Allahın məhəbbəti ilə əhatə olunacaq, Onu sevəcək və bir-birlərini sevəcəklər. Bu Padşahlıq artıq indidən aramızdadır. Onu gələcəkdə gözləməyə ehtiyac yoxdur. Biz onun harada olduğunu bilirik: bu, Məsihin Kilsəsidir və biz onu harada tapacağımızı da bilirik. Bəzən deyirlər ki, Kilsədə qalmaqallar baş verir, buna görə də ona etibar etmək olmaz. Bu fikir doğru deyil. Kilsə öz mahiyyətinə görə “Vahid və Müqəddəsdir”, çünki o, Məsihin Gəlinidir. Lakin Kilsənin daxilində elə insanlar ola bilər ki, pis nümunə göstərsinlər. Belə hallarda səhv edən Allah deyil, insan olur.