Liturgiya oxunuşları: 25 İYUL. Müq. Yaqub, həvari
Müqəddəs Yaqub bizə Rəbbin çağırışına hər zaman cavab vermək üçün hazır olmağı və lazım gələrsə, hətta canımız bahasına belə, Onun haqqında cəsarətlə şəhadət verməyi öyrədir. Həvari Yəhyanın qardaşı olan Yaqub İncildə digər həvari - Alfey oğlu Yaqubdan fərqləndirilməsi üçün «Böyük Yaqub» adlandırılır. O, Peter və Yəhya ilə birlikdə İsanın ən yaxın üç şagirdindən biri idi və Rəbbin yer üzündəki həyatının ən mühüm anlarında Onun yanında idi. Yaqub dağda Rəbbin Surətinin Dəyişilməsi hadisəsinin şahidi olmuş, Rəbbin ilahi izzətini öz gözləri ilə görmüşdü. Eyni zamanda o, Getsemani bağında İsanın iztirablı duasını da müşahidə etmiş, Allah Oğlunun ölümədək itaət göstərdiyini görmüşdü. Papa XVI Benedikt qeyd edirdi ki, Surətin Dəyişilməsi dağından Getsemani əzabına aparan bu yol xristian həyatının bütün zəvvarlığını simvolizə edir. Bu yol dünya təqibləri ilə Allahın təsəlliləri arasında uzanır. Məhz bu təcrübə Yaqub üçün mənəvi yetişmə məktəbinə çevrildi və bu yetişmə Pentikost günündə öz kamilliyinə çatdı. Ali şəhadət anı yetişəndə isə Yaqub geri çəkilmədi. Müjdəçi Luka xəbər verir ki, təxminən 40-cı ildə padşah Hirod Aqrippa Kilsəyə qarşı təqiblərə başladı və «Yəhyanın qardaşı Yaqubu qılıncla öldürtdü» (Həv. 12, 1-2).
BİRİNCİ OXUNUŞ 1 Kor 4,7-15
Üstün qüvvənin bizdən yaranmadığı, Allaha aid olduğu bilinsin deyə bu xəzinəni saxsı qablarda saxlayırıq. Hər tərəfdən əziyyət çəkirik, amma əzilmirik. Çaşqınlıq içindəyik, lakin çarəsiz deyilik. Təqib olunuruq, amma tərk edilmirik. Yıxıdılırıq, amma yox olmuruq. İsanın ölümünü bədənimizdə həmişə daşıyırıq ki, Onun həyatı bədənimizdə aydın görünsün. Çünki İsanın həyatı fani cismimizdə aydın görünsün deyə biz yaşaya-yaşaya İsa üçün həmişə ölümə təslim edilirik. Beləliklə, ölüm bizdə, həyat isə sizdə fəaliyyət göstərir. «İman etdim, buna görə danışdım» deyə yazıldığı üçün eyni iman ruhuna sahib olaraq biz də iman edir və buna görə danışırıq. Çünki bilirik ki, Rəbb İsanı dirildən Allah bizi də İsa ilə birlikdə dirildib sizinlə birgə Öz hüzuruna çıxaracaq. Bütün bunlar sizə görədir. Belə ki Allahın lütfü çoxalıb daha çox insana ehsan olunsun və Onun izzəti üçün daha çox şükür edilsin.
Təfsir
Müqəddəs Paul məktublarında vaxtaşırı özünün çəkdiyi əzab və məşəqqətlərdən bəhs edir. Bəs nə üçün Rəbbin şagirdi olmaq mütləq əzab və təqiblərlə müşayiət olunmalıdır? Məgər Allah Onun naminə çalışanları mükafatlandırmaq üçün bu sınaqlardan qoruya bilməzmi? Həvari bu sualın cavabını oxunuşun elə əvvəlində verir: «Üstün qüvvənin bizdən yaranmadığı, Allaha aid olduğu bilinsin deyə bu xəzinəni saxsı qablarda saxlayırıq». Alət nə qədər kövrəkdirsə, onun vasitəsilə fəaliyyət göstərən qüvvənin insana deyil, Allaha məxsus olduğu bir o qədər aydın görünür. Müqəddəs Paul insanı məhz «saxsı qab» adlandırır. Heç birimiz öz gücümüzlə möcüzələr yaratmağa qadir deyilik. Lakin Allah üçün mümkünsüz heç nə yoxdur. Sınaqlar bizə təvazökar qalmağı, öz zəifliyimizi və acizliyimizi unutmamağı öyrədir. Biz Allahın lütfünü çağırdığımız zaman Onun qüdrəti məhz bizim zəifliyimizdə təzahür edir. İnsan öz gözündə nə qədər kiçilirsə, Allahın gözündə bir o qədər ucalır. Elə buna görə də əvvəlcə «Şaul» adlanan həvari sonradan «Paul» (Paulus) adını daşımağa başladı. «Şaul» adı «arzu olunan», «istənilən» mənasını verdiyi halda, «Paulus» «kiçik», «təvazökar» deməkdir.
İNCİL Matta 20, 20-28
O zaman Zavday oğullarının anası oğulları ilə birlikdə İsaya yaxınlaşıb səcdə qılaraq Ondan nə isə dilədi. İsa qadından «Sən nə istəyirsən?» deyə soruşdu. Qadın Ona dedi: «Əmr et ki, mənim bu iki oğlum Sənin Padşahlığında biri sağında, biri solunda otursun». Amma İsa cavab verib dedi: «Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içəcəyim kasadan siz də içə bilərsinizmi? Onlar dedilər: «Bilərik». İsa onlara dedi: «Mənim içəcəyim kasadan içəcəksiniz Amma sağımda və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Atam oranı kimlər üçün hazırlayıbsa, onlara veriləcək». Bunu eşidən on şagirdin iki qardaşa acığı tutdu. İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbərləri onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir. Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun. Aranızda kim birinci olmaq istəsə, başqalarının qulu olsun. Beləcə Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».
Təfsir
Adətən bu İncil parçasını şərh edənlər Zavday oğullarının anasını qınayırlar. Lakin dürüst olsaq, o, bunu oğullarına olan məhəbbətindən etmişdi. Hansı ana övladları üçün ən yaxşısını arzulamaz? Bəs Məsihlə əbədi birlikdən daha böyük xoşbəxtlik nə ola bilər? Onun yerində olan hər bir ana eyni xahişi edərdi. Üstəlik, o, bunu özü üçün deyil, oğulları üçün istəyirdi. İsa bu xahişə qəzəblənmir. Əksinə, tam sakitliklə cavab verir. Narazı qalanlar isə digər həvarilər olur. Görünür, onlar da Rəbbin sağında və solunda olmaq istəyirdilər, sadəcə bunu dilə gətirməyə cəsarət etməmişdilər. İsa onlara həlimliklə izah edir ki, Allahın Padşahlığında hər şey insanların qurduğu dövlətlərdə olduğu kimi deyil. Əgər birinci olmaq istəyirsinizsə – bu istək öz-özlüyündə təbiidir – onda başqalarının xidmətçisi olun. Bu məntiq insan düşüncəsini tamamilə alt-üst edir. Lakin onu həyatda tətbiq etdikcə anlayırsan ki, Rəbb tamamilə haqlıdır: vermək almaqdan daha böyük xoşbəxtlikdir. Sağda və ya solda olmaq məsələsinə gəlincə isə, bunlar hələ də insan düşüncəsinin ölçüləridir. Əsas olan Məsihlə birlikdə olmaqdır. Çünki Cənnət Məsihin dirilmiş Bədənində yaşamaqdır və Ona məxsus olan hər kəsə bu birlik vəd edilmişdir.