Liturgiya oxunuşları: 24 İYUL. Müq. Şarbel Mahluf, keşiş
Müqəddəs Şarbel Mahluf: “Məhəbbət yeganə xəzinədir”
Rahatlıq və var-dövlət həvəsinə qapılmış müasir dünyada Müqəddəs Şarbelin həyatı bizə yoxsulluğun, tövbənin və zahidliyin böyük dəyərini xatırladır. Müqəddəs belə deyirdi: “Məhəbbət bu dünyada toplaya və özünüzlə o biri dünyaya apara biləcəyiniz yeganə xəzinədir. Bu dünyada sahib olduğunuzu düşündüyünüz bütün şöhrət, zəhmət, sərvət və uğurlar elə bu dünyada da qalacaq”. Şarbel Allaha və insanlara xidmət etmək üçün tənhalığı, zahid hücrəsində yaşamağı və tam gizli bir həyatı seçmiş livanlı rahib və keşiş idi. Doğularkən ona Yusif Antun adı verilmişdi. O, kəndli ailəsində dünyaya gəlmiş və dörd qardaşı ilə birlikdə böyümüşdü. Üç yaşında atasını itirmişdi. Sonralar anası ikinci dəfə dindar bir şəxslə ailə qurmuşdu. Həmin şəxs daha sonra keşiş olmuşdu; maronit ənənəsi evli kişilərin keşiş təyin edilməsinə icazə verir. Yusif onu böyük məmnuniyyətlə dinləyir, həmçinin zahid həyatı yaşayan iki dayısı haqqında danışılan hekayələrə maraq göstərirdi. O da onların yolu ilə getmək istəyirdi, lakin ailəsinə kömək etməli idi. On yaşında çobanlıq etməyə başladı. Bununla belə, bütün asudə vaxtını mağarada dua etməklə keçirirdi. Bir gecə Rəbbin çağırışını eşitdi. O zaman ayağa qalxdı və heç kimlə vidalaşmadan, hələ dan yeri sökülməmiş monastıra doğru yola düşdü. Bu hadisə 1851-ci ildə baş vermişdi. Yusifin həmin vaxt 23 yaşı var idi. Tezliklə Maronit Ordenində rahiblik həyatı qəbul etdi və Şarbel adını götürdü. Bu ad süryani dilində “Allahın hekayəsi” mənasını verir. 1875-ci ildə Şarbel zahid həyatına keçdi. Müqəddəs Pуеук və Paul skitində işləyir, dua edir, oruc tutur və sükut içində yaşayırdı. Onu tez-tez son dərəcə kasıb hücrəsində qollarını açaraq dua edərkən görürdülər. O, hücrəsini yalnız Müqəddəs Messanı qeyd etmək və ya itaət borcunu yerinə yetirmək üçün tərk edirdi. 1898-ci il dekabrın 16-da Müqəddəs Messa zamanı, Əqdəs Ənamları qaldırıldığı anda onun halı pisləşdi. Səkkiz gün davam edən ağır əzablardan sonra vəfat etdi. Həmin günlərdə rahib qardaşları onun dua etdiyini eşidir, ən kiçik rahatlıqdan belə imtina etdiyinin şahidi olurdular. Müqəddəs Şarbel bizə mühüm bir dərs qoyub getdi: “Məhəbbətdən kənarda qalan hər bir insan Allahdan, kainatdan və həyatın özündən kənarda qalır”.
BİRİNCİ OXUNUŞ Yer 3,14-17
Ey dönük övladlar, geri qayıdın” Rəbb belə bəyan edir. “Çünki ağanız Mənəm. Sizi bir-bir şəhərdən, iki-iki tayfadan çıxarıb Siona gətirəcəyəm. Ürəyimə yatan çobanları sizə verəcəyəm, sizə ağıl və müdrikliklə rəhbərlik edəcəklər. Sizin törəyib çoxaldığınız günlərdə daha Rəbbin Əhd sandığından danışmayacaqlar” Rəbb belə bəyan edir. “O sandıq bir daha kimsənin ağlına gəlməyəcək, yada salınmayacaq, onun üçün heyfsilənməyəcəklər, yenisi də düzəldilməyəcək. O zaman Yerusəlimə ‹Rəbbin taxtı› deyəcəklər. Bütün millətlər Rəbbin adı naminə Yerusəlimdə toplaşacaq. Daha pis ürəklərinin inadkarlığına görə hərəkət etməyəcəklər.
Təfsir
Babillilər Yəhudaya hücum edib Yerusəlimi işğal etdikdə Məbədi dağıtdılar və görünür, Əhd Sandığını da yandırdılar. Bu, yəhudilər üçün əvəzolunmaz itki idi. Çünki Sandıqda Qanun lövhələri, Harunun əsası və manna ilə dolu qab saxlanılırdı. Lakin Peyğəmbər Yeremya sürgündə olan xalqa müraciət edərək müjdə verir ki, onlar vətənə qayıtdıqda Əhd Sandığının mövcudluğu artıq əvvəlki əhəmiyyətini daşımayacaq. Heç kim onu xatırlamayacaq, onun üçün kədərlənməyəcək və onu yenidən düzəltməyə çalışmayacaq. Çünki bütün Yerusəlim «Rəbbin taxtı» adlandırılacaq və Allahın hüzuru artıq təkcə bir sandıqda deyil, bütün xalqın arasında təcəlli edəcək. Beləliklə, müəyyən mənada bütün xalq Allahın məbədinin canlı sandığına çevriləcək. Bu, yəhudi dini düşüncəsində dərin mənəvi yenilənmənin başlanğıcı idi. Məbəd mühümdür, lakin mütləq deyil. Çünki Allahın həqiqi məbədi ilk növbədə insanın özüdür. Sonralar Müqəddəs Paul da bu həqiqəti açıq şəkildə ifadə edərək yazır: «Məgər bilmirsiniz ki, sizin bədəniniz daxilinizdə yaşayan Müqəddəs Ruhun məbədidir?» (1 Kor 6, 19). Lakin bu həqiqətin ilk işartıları artıq Əhdi-Ətiqdə görünürdü. Beləliklə, Əhdi-Ətiqdən Əhdi-Cədidə keçid heç də kəskin ziddiyyətlər üzərində qurulmayıb. Əksinə, Əhdi-Ətiqdə vəd edilən və əvvəlcədən xəbər verilən hər şey öz kamil yerinə yetirilməsini Məsihdə tapır.
İNCİL Matta 13, 18-23
İsa şagirdlərinə dedi: indi əkinçi barədə məsəlin izahını dinləyin: kim Səmavi Padşahlıqla bağlı kəlamı eşidib anlamırsa, şər olan gəlib onun ürəyində səpilmiş olanı oğurlayır. Yol kənarına səpilən toxum budur. Daş-kəsəkli yerlərə səpilən isə kəlamı eşidir və dərhal sevinclə qəbul edir. Lakin onda kök olmadığına görə dözümü az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılır. Tikanlar arasına səpilən odur ki, kəlamı eşidir, lakin bu dövrün qayğıları və var-dövlətin aldadıcılığı kəlamı boğur və kəlam barsız olur. Münbit torpağa səpilənsə odur ki, kəlamı eşidir, anlayır və doğrudan da, səmərə – bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verir».
Təfsir
İsa Öz Kəlamının qarşısında duran üç düşməni bizə göstərir. Birinci düşmən şeytandır. O, həqiqətən mövcuddur və Rəbbin sözünü dinlədiyimizi görür. Sonra gəlir və diqqətsizliyimizdən istifadə edərək Allahın ürəyimizə səpdiyi sözü asanlıqla oğurlayır. İkinci düşmən isə sıxıntı və təqiblərdir. Bunlar həyatımıza daxil olub bizi tərəddüd içində və qeyri-sabit gördükdə, eşitdiyimiz Kəlamdan üz döndərməyə sövq edirlər. Biz elə düşünməyə başlayırıq ki, sanki Allah bizi əzablardan qorumursa, deməli Onun vədləri də doğru deyil. Üçüncü düşmən isə həyatın qayğıları ilə var-dövlətin aldadıcı cazibəsidir. Bu düşmən xüsusilə təhlükəlidir. Çünki qayğı hər bir insanın həyatında var, sərvətin cazibəsini isə hər kəs hiss edir. Məhz bu iki amil Allahın Kəlamını boğaraq onun yerini tutur. İnsan daimi narahatlıq içində yaşayırsa, Müjdəni dinləsə belə, öz düşüncələrinin əsirinə çevrilir və onların öhdəsindən gəlməyin mümkün olmadığına inanır. Bu məsəldə yeganə “dost” bərəkətli torpaqdır. Bu torpaq isə Allahın Kəlamını qəbul edən insanın öz qəlbidir. Bunun üçün ürəyimiz lazımsız yüklərdən və maneələrdən azad olmalıdır. Düşmənlərimizi tanıyıb onlardan uzaqlaşsaq, Allahın Kəlamı qəlbimizdə kök salar və qalan hər şey də bizə bəxş edilər.