Axtar

2023.03.07 Giornata della donna ai ©Musei Vaticani

Liturgiya oxunuşları: 22 İYUL. Müq. Məcdəli Məryəm

«İsanın ətrafında Allahı axtaran çoxlu insanlar var. Lakin möcüzə bundadır ki, biz Onu axtarmağa başlamazdan çox əvvəl Allah artıq bizim həyatımızın qayğısını çəkir. O, bizi yeni həyata qovuşdurmaq istəyir. Buna görə də hər birimizi adımızla çağırır, hər birimizin üzünü tanıyır» (Papa Fransisk).

Məryəm Məcdəl (Maqdala) şəhərindən idi; elə buna görə də Məcdəli (Maqdalina) adlandırılırdı. Bu şəhər Tiberiada gölünün sahilində yerləşirdi. İsa Məcdəli Məryəmi «yeddi cindən» azad etdikdən sonra Məryəm özünü Ona xidmətə həsr etdi və digər qadınlarla birlikdə çarmıxın önündə, Onun ölüm anında yanında oldu. Mütləq sədaqətinin mükafatı olaraq, dirilmiş İsanı görmək şərəfinə ilk layiq görülən də o oldu. Əvvəlcə İsanı tanımadı və Onu bağban hesab etdi. Lakin İsa ona adı ilə müraciət etdikdə gözləri açıldı. Ürəyinin dərinliyindən «Rabbuni!» (Müəllim) nidası səsləndi və o, İsanın ayaqlarına düşdü. Məryəm mümkün qədər uzun müddət Onun yanında qalmaq və əvvəlki zamanlarda olduğu kimi, yenə Onu dinləmək istəyirdi. Lakin İsa onu həvarilərin yanına göndərdi ki, Dirilmə xəbərini onlara çatdırsın. Məryəm tələsik qaçaraq Rəbbin dirildiyini müjdələdi. Rəvayətə görə, sonralar o, Efesə köçmüş və orada vəfat etmişdir. Məcdəli Məryəm şübhəyə və hesaba yer qoymayan alovlu məhəbbətlə ifadə olunan imanın nümunəsidir. Onun ürəyi bütünlüklə Müəllimə məxsus idi. Papa Fransisk 2016-cı ilin iyununda Məcdəli Məryəmin liturgik xatirəsi dərəcəsini bayram səviyyəsinə yüksəltmək qərarına gəldi. Müqəddəs Messanın yeni prefasiya mətnində isə Məcdəli Məryəm «həvarilərin həvarisi» adlandırılır.

BİRİNCİ OXUNUŞ  Nəğ 3, 1-4

Yatağımda bütün gecə könlümün sevgilisini axtardım, axtardım, amma tapa bilmədim. Dedim: «Qoy könlümün sevgilisini axtarım, durub şəhəri dolaşım, küçələrdə, meydanlarda axtarım». Axtardım, amma tapa bilmədim. Şəhər asayişini qoruyanlar məni tapdı, onlardan soruşdum: «Könlümün sevgilisini görməmisiniz ki?» Onlardan ayrılanda könlümün sevgilisini tapdım, tutub onu buraxmadım. Onu anamın evinə – məni doğan qadının otağına apardım.

Təfsir

İnsan məhəbbətinin təbiətində bir-biri üçün və bir-biri ilə yaşamaq, sevinc və kədəri tam şəkildə bölüşmək arzusu vardır. Nəğmələr Nəğməsi bu dərin həsrəti təsvir edir: qadın sevdiyi insandan ayrı qalmağa tab gətirə bilmir və onu durmadan axtarır. Məhəbbət naminə insan hər bir zəhmətə qatlaşmağa, hətta başqalarına «dəli cəsarəti» kimi görünən addımlar atmağa hazır olur. Çünki məhəbbətsiz yaşamaq mümkün deyil. Biz Allahın surətində və bənzərində yaradılmışıq və bu ilahi möhürü özümüzdə daşıyırıq. Elə buna görə də təsadüfi deyil ki, bütün ruhani həyat bircə fel üzərində qurulub: «sev». Həyatımız heç vaxt passiv, sakit və laqeyd bir mövcudluq olmamalıdır. Nəğmələr Nəğməsi zahirdə insan məhəbbətindən bəhs etsə də, bizi ilahi məhəbbətin zirvələrinə yüksəldir. Bizi ilk sevən Allah oldu və göyləri üzümüzə açmaq üçün çarmıxda Öz həyatını fəda etdi. Bu, saf və qarşılıqsız məhəbbətin ən ali təzahürü idi. Allah bizi arzulayır, bizi gözləyir. Bizim məhəbbətimiz isə həmişə Onun məhəbbətinə verilən cavabdır. Nəğmələr Nəğməsində təsvir olunan gəlin də elə bizik: yatağından qalxıb küçələrə çıxan, nəhayət, Öz Sevgilisi ilə görüşmək üçün Ona tərəf tələsən gəlin.

İNCİL Yəhya 20,1.11-18

Həftənin ilk günü tezdən, hələ qaranlıq ikən Məcdəlli Məryəm qəbirin yanına gəldi. Məryəm isə ağlayaraq qəbirin bayırında dayanmışdı. Ağlaya-ağlaya əyilib qəbirin içinə baxdı. Orada ağ paltar geymiş iki mələk gördü: biri İsanın cəsədinin qoyulduğu yerin başında, o biri isə ayağında oturmuşdu. Onlar Məryəmdən «Ey qadın, niyə ağlayırsan?» deyə soruşdu. Məryəm də onlara dedi: «Rəbbimi qəbirdən aparıblar və hara qoyduqlarını bilmirəm». Bunu deyəndən sonra arxaya dönüb İsanın orada dayandığını gördü, amma Onun İsa olduğunu bilmədi. İsa ondan soruşdu: «Ey qadın, niyə ağlayırsan? Kimi axtarırsan?» Məryəm Onun bağban olduğunu güman edərək dedi: «Ağa, əgər Onu Sən aparmısansa, hara qoyduğunu mənə söylə, mən də Onu götürüm». İsa ona «Məryəm!» dedi. O da dönüb İsaya ibranicə «Rabbuni!» dedi. «Rabbuni» «Müəllim» deməkdir. İsa ona dedi: «Mənə toxunma, çünki Mən hələ Atanın yanına qalxmamışam. Amma qardaşlarımın yanına gedib onlara söylə: Öz Atamın – sizin Atanızın, Öz Allahımın – sizin Allahınızın yanına qalxıram». Məcdəlli Məryəm şagirdlərin yanına gəldi, onlara «Rəbbi görmüşəm!» deyib onun özünə bunları söylədiyini bildirdi.

Təfsir

Şəxsi vəhylərdən birində İsanın, XVI əsrdə yaşamış klarissa rahibəsi müqəddəs Kamilla Battista da Varanoya belə buyurduğu nəql olunur: İsa rahibəyə dedi ki, Mübarək Məryəm Anadan sonra yer üzündə heç kəs Onu müqəddəs Məcdəli Məryəm qədər sevməmişdir. Bu necə bir məhəbbət idi? Bu, yenidən doğuluş gətirən bir məhəbbət idi. Çünki Məcdəli Məryəm Məsihdə həqiqi həyatı tapmışdı. Günah üzündən uzun illər ruhani ölüm içində yaşadıqdan sonra o, lütf həyatı üçün yenidən doğuldu. Həyatı Məsihdə tapdıqdan sonra artıq Onsuz yaşaya bilmirdi. O, İsanı hətta Onun ölümündən sonra da axtarmağa davam edən yeganə şagirddir. İtki ilə barışa bilmir və deyir: «...əgər Onu Sən aparmısansa, hara qoyduğunu mənə söylə, mən də Onu götürüm». Məcdəli Məryəm bir an belə Rəbb İsa ilə ayrılığa dözə bilmir. Ancaq ona həyatı bəxş edən İsa diridir. O, Özünü Məryəmə aşkar edəndə, Məryəmin bütün kədəri yox olur və o, yenidən doğulur. Lakin bu dəfə günahın ölümündən lütf həyatına deyil, yoxluqdan hüzura, boşluqdan doluluğa, heç nədən hər şeyə doğru doğulur. Rəbb İsanı həqiqətən tanıyan insan Onsuz yaşaya bilərmi? Lakin İsa da bizsiz qalmaq istəmir. Buna görə də İsa ilə Məcdəli Məryəmin görüşü həyatın, sevincin və ünsiyyətin bayramıdır. Bu ünsiyyət isə ölümdən sonra kamilləşəcək və əbədi olacaq.

22 iyul 2026, 09:06