Liturgiya oxunuşları: 20 İYUL. Adi Dövrün XVI həftəsinin bazar ertəsi
BİRİNCİ OXUNUŞ Mikeya 6,1-4.6-8
Rəbbin nə dediyini indi dinləyin: «Məhkəmə qarşısında durun, qoy dağlar bunun şahidi olsun, qoy təpələr səsinizi eşitsin! Ey dağlar və yerin sarsılmaz təməlləri, Rəbbin ittihamını eşidin! Rəbb Öz xalqını ittiham edir, İsraili məhkəməyə verir. Ey xalqım, nə etmişəm sənə? Nə ilə yormuşam səni? Mənə cavab ver! Səni Misir torpağından çıxaran, köləlik diyarından sizi satın alan, Musanı, Harunu, Məryəmi sənin qabağına göndərən Mən oldum. Rəbbin hüzuruna nə ilə gedim? Uca Allaha necə səcdə edim? Önünə yandırma qurbanları ilə – birillik danalarla çıxımmı? Minlərlə qoç qurbanı, zeytun yağının on minlərlə seli Rəbbin xoşuna gələrmi? Üsyankarlığıma görə ilk oğlumu, günahım üçün öz övladımı verimmi? Ey insan, Allah sənə yaxşı olanı bildirdi; ədalət yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən, itaətkarcasına Allahınla bir yol getməkdən başqa Rəbb səndən nə istəyir ki?
Təfsir
Burada məhkəmə dilindən istifadə olunur. Sanki məhkəmə zalındayıq. Allah dağları şahid çağırır: qoy bu cansız varlıqlar desinlər ki, daim sədaqətsizlik göstərən xalqı üçün O daha nə etməli idi? Elə həmin anda xalqın, yəni müdafiə tərəfinin cavabı eşidilir: «Bəli, günahkarıq, bu doğrudur. Amma indi günahımızı yumaq üçün yağ seli ilə, yüzlərlə qoç qurbanı ilə gələcəyik. Bu da azdırsa, hətta öz ilk övladlarımızı yandırma qurbanı kimi təqdim edəcəyik!» Lakin Allah bunları istəmir. Çünki belə hədiyyələr gətirən insan yenə də zahiri səviyyədə qalardı. Dini ayinləri yerinə yetirməklə hər şey öz-özünə düzəlməyəcək. «Bütün bunları bir kənara qoyun, – Allah deyir. – Mən sizdən daha sadə bir şey istəyirəm: yaxınınıza qarşı ədalətli olun, xeyirxah olun, Mənim himayəm altında təvazökarlıqla yaşayın və Mənə sadiq qalın». Beləliklə, Rəbb insandan zahiri deyil, daxili bir dəyişiklik istəyir: qəlbin düzgün yönəlişini, yaxşı, həssas və mərhəmətli olmaq arzusunu. O, bizdən elə bir münasibət gözləyir ki, bu, yalnız davranışımızı deyil, şəxsiyyətimizin özünü dəyişdirsin.
İNCİL Matta 12,38-42
O zaman bəzi ilahiyyatçılar və fariseylər İsaya dedilər: «Müəllim, Səndən bir əlamət görmək istəyirik». İsa onlara belə cavab verdi: «Pis və vəfasız nəsil bir əlamət axtarır. Amma ona Yunus peyğəmbərin əlamətindən başqa heç bir əlamət verilməyəcək. Çünki Yunus üç gün-üç gecə nəhəng balığın qarnında necə qalmışdısa, Bəşər Oğlu da üç gün-üç gecə yerin bağrında elə qalacaq. Nineva xalqı qiyamət günündə† bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki onlar Yunusun vəzinə görə tövbə etmişdilər. Budur, Yunusdan daha böyük Olan buradadır. Cənub mələkəsi qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki mələkə Süleymanın hikmətli sözlərini dinləmək üçün yer üzünün ucqarlarından gəlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır.
Təfsir
İsa artıq saysız-hesabsız əlamətlər göstərmişdi: möcüzələr etmiş, xəstələrə şəfa vermiş, küləyi sakitləşdirmiş, çörəkləri çoxaltmışdı… Bununla belə, fariseylər Ondan yenə də yeni əlamətlər tələb edirdilər. Rəbb onları inandırmaq üçün daha hansı əlaməti göstərməlidir? Axı heyrətamiz möcüzələr artıq kifayət qədər idi. Məsih dünyaya insanları heyrətləndirmək və ya təbiət qanunlarını alt-üst etmək üçün gəlməmişdi. O, Atanın simasını aşkar etmək, İsrail xalqına həqiqi Allahı və Onun xilas planını tanıtmaq üçün gəlmişdi. Buna görə də burada «əlamətlərdən» (cəm halında) «Əlamətə» (tək halda) keçid baş verir. Bu Əlamət Onun ölülər arasından dirilməsidir. Əgər onlar buna da iman gətirməsələr, artıq heç nəyi dəyişmək mümkün olmayacaq. İndi dirilmiş Məsihdə biz Onun həyatına daxil olmalıyıq; O isə bizim həyatımıza girib yalnız yer üzünə aid arzularımızı yerinə yetirməməlidir. Bu gün Kilsədə bizim də «bütün əlamətlərin Əlaməti»miz var – Müqəddəs Yevxaristiya. Bundan artıq heç nəyə ehtiyacımız yoxdur. Çünki məhz Yevxaristiya vasitəsilə İlahi həyatın bütün dolğunluğunu yaşaya bilərik. Əlbəttə, dualarımızda başqa lütflər və möcüzələr də diləyə bilərik. Lakin onların hamısı həmişə ikinci dərəcəli olacaq. Çünki ən uca lütf Müqəddəs Messadır – Allahın Bədəninə çevrilən Çörəkdir.