Axtar

2024.07.27 XVII Domenica del Tempo Ordinario (B) moltiplicazione-dei-pani

Liturgiya oxunuşları: 2 AVQUST. Adi Dövrün XVIII Rəbb günü

“Məsih insanın aclığına Allahın verdiyi cavabdır. O, Əbədi Həyat Çörəyidir: O Özü ilə bizi qidalandırır və bizi Öz surətinə uyğun dəyişdirir. O elə bir Çörəkdir ki, insanı tam doyurur, lakin heç vaxt tükənmir; Ondan dadmaq mümkündür, amma Onu əsla tükətmək mümkün deyir” (Papa XIV Leo).

BİRİNCİ OXUNUŞ Yeşaya 55,1-3

Ey bütün susamışlar, gəlin su başına! Ey pulu olmayanlar, gəlin, alın, yeyin! Gəlin, şərabı və südü pulsuz, havayı alın! Nə üçün pulunuzu çörək olmayan şeylərə, qazandığınızı sizi doydurmayan şeylərə xərcləyirsiniz? Məni diqqətlə dinləyin ki, yaxşı şeylər yeyəsiniz, nemətlərdən dadasınız. Qulaq asın, Mənim yanıma gəlin, dinləyin ki, sağ qalasınız. Mən sizinlə əbədi əhd, Davuda vəd etdiyim sadiq məhəbbət əhdi kəsəcəyəm.

Təfsir

Kimimiz pulsuz olaraq ən ləziz təamlardan dadmaq, ən gözəl içkilərdən içmək üçün təşkil edilmiş bir ziyafətə getməkdən imtina edər? İnsan yeməyə və içməyə möhtacdır. Süfrədə təqdim olunan nemətlər nə qədər gözəldirsə, bir o qədər yaxşıdır. Allah hər gün bizi məhz belə bir ziyafətə dəvət edir. O, Öz sadiq İsrailinin (biz hələ Əhdi-Ətiq dövründəyik) Onun Kəlamına qulaq asmasını istəyir. Bu Kəlam hər cür ləzzətli yeməkdən daha şirindir və insanı doyuzdurur.  Allah istəyir ki, insanlar Onun göz oxşayan, sahib olunmağa layiq və ruh üçün həqiqətən ləzzətli olan iradəsini tanısınlar.  Burada Həvvanın şeytan tərəfindən sınağa çəkilməsi ilə aydın bir paralellik görmək olar. İlan qadına ağacı «yemək üçün yaxşı, gözə xoş görünən və arzulanan» kimi göstərdi (Yar 3,6). Əslində isə insanın qidalanmalı olduğu meyvə deyil, Allahın Kəlamıdır. Həyatı bizə verən də məhz Odur. Allahın Kəlamı daxilimizdə yeni həyat yaradır. Çünki Allah Öz Kəlamı vasitəsilə insanın qəlbinə daxil olur və onun iradəsini Öz ilahi qüdrəti ilə möhkəmləndirir. Bütün bunlar bizə tamamilə əvəzsiz olaraq bəxş edilir. Buna görə də Allah soruşur: Nə üçün insan zəhmətlə qazandığı sərvətini onu həqiqətən doyurmayan, ruhuna heç bir fayda verməyən şeylərə sərf edir?

İKİNCİ OXUNUŞ Rom 8,28-30

Məsihin məhəbbətindən bizi kim ayıra bilər? Əziyyətmi, sıxıntımı, təqibmi, aclıqmı, çılpaqlıqmı, təhlükəmi, qılıncmı? Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq. Çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr, nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsada olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq.

Təfsir

Romalılara Məktubun səkkizinci fəslinin sonunda Müqəddəs Həvari Paul artıq sevincini saxlaya bilmir. O, ilahi ilhamla yazdığı həqiqətin coşqusu içindədir: Səmavi Ata bizə Öz Ruhunu bəxş edir. Bu isə o deməkdir ki, bizə Atanın Öz Oğlu ilə yaşadığı ünsiyyətdə iştirak etmək lütfü verilir. Ata ilə Məsih arasında əbədi alov kimi yanan ilahi məhəbbət artıq bizə də bəxş olunmuşdur. Qəlblərimizə tökülmüş Müqəddəs Ruh daxilimizdə heyrətamiz bir dönüş yaradır. Bəli, biz hələ də bu dünyada yaşayırıq, lakin artıq hər şey dəyişmişdir. Müqəddəs Ruhun gücü ilə insan günahın əsarətindən azad ola və ölümdən qorxmadan yaşaya bilər. Çünki daxilimizdə yaşayan Məsih bizim saleh sayılmağımız üçün dirilmişdir. Vaxtilə farisey olan Paul dərk etdi ki, Qanun öz kamil yerinə yetirilməsini yalnız Məsihdə tapır. Məhz Rəbblə bu birlik insanın qarşısında artıq heç bir maneənin mövcud olmadığı yeni bir həyat üfüqü açır. O zaman həvarinin sevincini başa düşmək çətin olmur. O, bütün varlığı ilə İsaya sarılır və cəsarətlə bəyan edir ki, heç bir düşmən qüvvə onu bu məhəbbətdən ayıra bilməz. Bu sətirlər bəşəriyyətin indiyədək eşitdiyi ən möhtəşəm məhəbbət nəğmələrindən biridir. Keçmişin və bu günün müqəddəslərini Məsihin ardınca hər şeyi fəda etməyə, hətta insanların gözündə dəlilik kimi görünən fədakarlıqlara sövq edən ilhamın mənbəyi də məhz budur.

İNCİL Matta 14,13-21

İsa bunu eşidib qayığa minərək təkbaşına oradan kimsəsiz bir yerə çəkildi. Bunu eşidən camaat şəhərlərdən piyada Onun ardınca getdi. İsa sahilə düşəndə böyük bir izdiham gördü, onlara rəhmi gəldi və xəstələrinə şəfa verdi. Axşama yaxın şagirdlər Onun yanına gəlib dedilər: «Bura çöllükdür, vaxt da gecdir. Camaatı burax, qoy gedib kəndlərdən özlərinə yemək alsınlar». Amma İsa onlara dedi: «Getməklərinə ehtiyac yoxdur. Onlara yeməyi siz verin». Şagirdlər İsaya dedilər: «Burada beş çörək və iki balıqdan başqa bir şeyimiz yoxdur». İsa «onları buraya, Mənə gətirin» dedi. Camaata əmr etdi ki, otların üstündə otursunlar. İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərə verdi. Şagirdlər də camaata payladılar. Hamı yeyib-doydu. Artıq qalan hissələrdən on iki dolu zənbil yığdılar. Yemək yeyən adamların sayı qadınlar və uşaqlardan başqa, beş min nəfərə yaxın idi.

Təfsir

Müqəddəs Yazının ən görkəmli şərhçiləri yekdilliklə bildirirlər ki, çörəklərin çoxaldılması möcüzəsi dərin liturgik məna daşıyır və Yevxaristiyanı öncədən xəbər verir. İsa çörəyi əlinə alır, gözlərini göyə qaldırır, bərəkət duasını edir, onu bölür və insanlara paylayır. Bütün bunlar Eucharistiya sirrinin aydın əlamətləridir. Buraya daha iki mühüm məqamı əlavə etmək olar. Birincisi, xalqın aclığı və ehtiyacıdır. Bu insanlar İsanın ardınca o qədər böyük həvəslə gedirdilər ki, yol üçün heç bir azuqə götürməmişdilər. Onların Rəbblə birlikdə olmaq arzusu fiziki aclıq hissini belə üstələmişdi. İkinci məqam isə Rəbbin Öz həvarilərindən gözlədiyi əməkdaşlıqdır. Bu xidmət bu gün Kilsədə keşişlər vasitəsilə davam edir. Yevxaristiya öz tam mənasına yalnız iki şərt bir araya gəldikdə çatır: bir tərəfdən insanın mənəvi aclığı, susuzluğu və Məsihə olan dərin ehtiyacı, digər tərəfdən isə Kilsənin müqəddəs vəzifəyə təyin olunmuş xidmətçiləri. Onlar Müqəddəs Çörəyi İsanın əlindən qəbul edərək insanlara təqdim edir və bunu yalnız Yevxaristiyanı icra etməklə deyil, həm də yorulmadan davam etdirdikləri pastoral xidmət vasitəsilə həyata keçirirlər. Bütün bunlar ayrılmaz bir vəhdət təşkil edir. Möhtəşəm xilasedici əməl tamamilə Allahdan qaynaqlanır və hər şeyin başlanğıcı Ondadır. Lakin O, Öz lütfünü qəbul etməyə hazır olan mənəvi aclıq içindəki insanları və bu lütfün xidmətçiləri olan sədaqətli keşişləri də bu işə cəlb edir. Məhz buna deyilir ki, “Kilsə Yevxaristiyanı qurur, Yevxaristiya isə Kilsəni”.

31 iyul 2026, 13:32