Liturgiya oxunuşları: 19 İYUL. Adi Dövrün XVI Rəbb günü
BİRİNCİ OXUNUŞ Müd 12,13.16-19
Çünki hamıya himayə göstərən Səndən başqa Allah yoxudr. Sənin ədalətlə mühakimə etmədiyini heç nə ilə sübut etmək olmaz. Çünki Sənin qüdrətin ədalətin başlanğıcıdır, Sən hər şey üzərində hökmranlıq edirsən, Buna görə də həmişə rəhm etməyə meyillisən. Öz gücünü Sənin qüdrətinə inanmayanlara göstərirsən, Sənin qüdrətini tanıyanlara qaba adamların başına nə gəldiyini öyrədirsən. Lakin gücünə rəğmən yumşaqlıqla mühakimə edirsən. Bizi böyük mərhəmətlə idarə edirsən. Belə işlərlə Sən Öz xalqına dərs verdin, ədalətli adamın insanları sevməli olduğunu öyrətdin. Öz övladlarına gözəl bir ümid verdin ki, günahlarından tövbə etdikləri halda tövbələrini qəbul edəcəksən.
Təfsir
Elə olur ki, hakimiyyət sahibi olan insan həddi aşır və ədalətdən uzaqlaşır. Təəssüf ki, «hakimiyyətdən sui-istifadə» və ya «böyüklük iddiası» kimi anlayışlar bəşəriyyətə yaxşı tanışdır. Çünki hakimiyyət həqiqətən də insan üçün böyük sınaqdır: ona sahib olan kəs asanlıqla təkəbbürə və haqsızlığa qapıla bilər. Gəlin hökmranların Hökmranı və padşahların Padşahı olan Allahdan öyrənək. O, hər şeyə qadirdir. Bununla belə, Onun hakimiyyətinin ən başlıca xüsusiyyəti mütləq ədalət və tam qərəzsizlikdir. Çünki Allah üçün ən qiymətli olan Öz övladlarının xeyiridir. O, insanı əzmək üçün deyil, həmişə xeyir yoluna yönəltmək üçün hökm edir. İlahi fəaliyyətin ayrılmaz və əsas xüsusiyyətlərindən biri də mərhəmətlə bağışlamaqdır. Çarmıxda İsa Onu çarmıxa çəkənlər üçün belə dua edir: «Ata! Onları bağışla. Çünki nə etdiklərini bilmirlər» (Luka 23,34). İnsanın vəzifəsi isə tövbə edərək bu bağışlanmanı qəbul etmək və ona daxil olmaqdır. Buna görə də hakimiyyət hər zaman xidmət deməkdir, başqaları üzərində hökmranlıq etmək vasitəsi deyil. Rəhbərlik edən hər bir insan yadda saxlamalıdır ki, o, əslində, Məsihin dediyi kimi, «yararsız bir quldur». İsa Son Şam Yeməyində həvarilərinin ayaqlarını yumaqla bizə öyrətdi ki, həqiqi padşahlıq hökm etməkdə deyil, xidmət etməkdədir.
İKİNCİ OXUNUŞ Rom 8,26-27
Beləcə Ruh da bizə zəif olarkən kömək edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik, lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir. Ürəkləri sınayan Allah da Ruhun nə düşündüyünü bilir, çünki Ruh Allahın iradəsinə görə müqəddəslər üçün vəsatətçilik edir.
Təfsir
Duanın ən böyük müəllimi kimdir? Səhrada yaşayan hansısa müqəddəs zahid? Yoxsa Kilsənin böyük müəllimlərindən biri? Xeyr. Duanın həqiqi Müəllimi Müqəddəs Ruhdur. Biz bilirik ki, «Allahın məhəbbəti Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülmüşdür» (Rom. 5,5). Deməli, Allahın lütfü içində yaşayırıqsa, Müqəddəs Ruh qəlbimizdə məskən salır. Bəs O, daxilimizdə nə edir? Sakitcə susurmu? Xeyr. O dua edir, O danışır. Biz Onun səsini eşitmirik, çünki O, «sözlə ifadə olunmayan ahlarla» dua edir. Buna görə də dua etmək istədiyimiz zaman edə biləcəyimiz ən mühüm şey susmağı bacarmaqdır. Öz sözlərimizi kənara qoyaraq qəlbimizin dərinliyində Müqəddəs Ruhun «səsinə» köklənməyə çalışmalı, Ona imkan verməliyik ki, daxilimizdə Ata Allaha dua etsin. Necə ki açıq dənizdə üzən radiohəvəskar liman xidmətinin tezliyini tapmaq üçün radioqəbuledicinin tənzimləyicisini səbirlə fırladır və yalnız doğru dalğanı tapdıqdan sonra əlaqə yarada bilir, eləcə də Ruhda dua etmək istəyən insan öz qəlbinin dərinliyinə enir, İsanın adını asta-asta təkrarlayaraq Müqəddəs Ruhun «tezliyinə» köklənir. Məhz bundan sonra həqiqi dua başlayır və əslində artıq heç vaxt sona çatmır. İnsan hər zaman dodaqları ilə söz söyləməyə bilər, amma onun qəlbi Müqəddəs Ruhun ifadə olunmaz ahlarına qoşularaq daim dua içində yaşayır.
İNCİL Matta 13,24-43
İsa onlara başqa bir məsəl də çəkdi: «Səmavi Padşahlıq tarlasına yaxşı toxum səpmiş bir adama bənzəyir. Adamlar yatanda onun düşməni gəlib buğdaların arasına dəlicə səpib getdi. Buğda böyüyüb bəhrə verəndə dəlicələr də göründü. Ev sahibinin qulları gəlib ona belə dedilər: “Ağa, sən tarlana yaxşı toxum səpmədinmi? Bəs bu dəlicə haradan əmələ gəldi?” O isə qullara dedi: “Bunu düşmən etmişdir”. Qullar da ona dedilər: “İstəyirsənmi gedib onları çıxaraq?” O dedi: “Yox, çünki dəlicələri çıxararkən onlarla birgə buğdanı da qopararsınız. Qoy biçinə qədər hər ikisi birlikdə böyüsün. Biçin vaxtı mən biçinçilərə deyəcəyəm: ‹Əvvəlcə dəlicələri toplayın və yandırmaq üçün onlardan dərz bağlayın, buğdanı isə anbarlarıma toplayın›”». İsa onlara başqa bir məsəl də danışaraq dedi: «Səmavi Padşahlıq bir adamın götürüb öz tarlasında səpdiyi xardal toxumuna bənzəyir. Xardal toxumu bütün toxumların ən kiçiyi olsa da, böyüdükdə bütün bostan bitkilərindən hündür, lap ağac boyda olur. Belə ki göydə uçan quşlar gəlib onun budaqlarında yuva qurur». İsa onlara başqa bir məsəl də söylədi: «Səmavi Padşahlıq xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə una qarışdırıb bütün xəmir acıyanadək saxlayır». İsa bütün bu şeyləri xalqa məsəllərlə söyləyirdi və onlara məsəlsiz heç bir şey söyləməzdi ki, peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin: «Ağzımı məsəllərlə açacağam, dünya yaranandan bəri gizli qalan şeyləri bəyan edəcəyəm». O zaman İsa xalqdan ayrılıb evə girdi. Şagirdləri Onun yanına gəlib dedilər: «Tarladakı dəlicələr məsəlini bizə izah et». Cavabında İsa dedi: «Yaxşı toxumu səpən Bəşər Oğludur. Tarla isə dünyadır. Yaxşı toxum Padşahlığın övladlarıdır. Dəlicə isə şər olanın övladlarıdır. Dəlicələri səpmiş olan düşmən iblisdir. Biçin dövrün sonudur və biçinçilər isə mələklərdir. Dəlicələr toplanıb alovla yandırıldığı kimi bu dövrün sonunda da belə olacaq. Bəşər Oğlu mələklərini göndərəcək, onlar da pis yola çəkən bütün şeyləri və qanunsuzluq edənləri Onun Padşahlığından toplayacaq və onları odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq. O zaman salehlər özlərinin Atasının Padşahlığında günəş kimi parlayacaqlar. Qulağı olan eşitsin!
Təfsir
Gəlin təsəvvür edək ki, dünya artıq qəti şəkildə iki hissəyə bölünüb: bir tərəfdə yalnız saleh həyat sürən və daim yaxşılıq edən insanlar, digər tərəfdə isə həmişə pislik edən günahkarlar yaşayır. Əlbəttə, hər birimiz salehlərin tərəfində olmağı seçərdik. Bəs həmin gözəl dünyada təsadüfən günah etsək, nə baş verərdi? O zaman dərhal o biri tərəfə keçməli olardıq. Bu isə bizə mühüm bir həqiqəti göstərir: günah mövcud olduqca yaşadığımız dünya qarışıq bir aləmdir. Bu dünyada artıq Məsihin xilası təsir göstərir, Müqəddəs Ruh fəaliyyət göstərir, amma eyni zamanda insanın zəifliyi, səhvləri və günahları da qalmaqdadır. İsanın izah etdiyi kimi, bu «tarla» bütün dünyadır. Amma eyni zamanda bu, hər birimizin daxili dünyasıdır – gündəlik həyatımız, qəlbimiz və ruhumuzdur. Orada həm Allahın lütfü, həm də hələ tam sağalmamış yaralar yanaşı mövcuddur. Rəbbə şükür edək ki, hər dəfə günaha düşdüyümüzə görə bizi əbədi həyatdan məhrum etmir. Əksinə, O, bizə daim tövbə etmək, yenidən ayağa qalxmaq və Özünə qayıtmaq imkanı verir. Son və qəti ayrılıq isə yalnız Son Mühakimədən sonra baş verəcək. Fulton Şin yazırdı «Mükəmməl insanlardan ibarət bir Kilsə arzulayanlar unudurlar ki, Kilsə onların təsəvvür etdiyi mənada həqiqətən mükəmməl olsaydı, orada onların özlərinə də yer tapılmazdı».