Axtar

Karmel dağının Mələkəsi Mübarək Məryəm Ana   Karmel dağının Mələkəsi Mübarək Məryəm Ana  

Liturgiya oxunuşları: 16 İYUL. Karmel dağının Mələkəsi Mübarək Məryəm Ana

“İsa bizi hər zaman gözləyir. O, problemlərimizi möcüzəvi şəkildə aradan qaldırmaq üçün deyil, bizi onların içində belə möhkəmləndirmək üçün yanımızdadır. Məsih bizi həyatın çətinliklərindən deyil, qəlbin nigarançılığından azad edir. O, bizi çarmıxdan xilas etmir, əksinə, onu bizimlə birlikdə daşıyır. Onunla hər bir yük yüngülləşir, çünki axtardığımız həqiqi təsəlli Məhz Odur” (Papa Fransisk).

Karmel dağının Mübarək Məryəm Anasına ehtiram xristianlığın ən qədim ruhani ənənələrindən biridir. Bu ehtiram Karmelit Ordeninin tarixi və ruhani irsi ilə bağlıdır. XII əsrdə Avropadan olan bir qrup tövbəkar zəvvar Müqəddəs Torpağa yollandı və İlyas peyğəmbərin nümunəsini izləyərək zahid xristian həyatı sürmək üçün Karmel dağında məskunlaşdı. Onlar burada Mübarək Məryəm Anaya həsr olunmuş kiçik bir kilsə tikdilər və özlərini «Karmel dağının Müqəddəs Məryəminin Qardaşları» adlandırdılar. Liturgik bayram 16 iyul 1251-ci ildə Mübarək Məryəm Ananın o dövrdə Karmelit Ordeninin baş prioru olan Müqəddəs Simon Stoka zühur etməsinin xatirəsinə təsis edildi. Məryəm ona skapulyarı təqdim etdi. Bu hədiyyə vasitəsilə O, bizi Öz himayəsinə qəbul edir və ana məhəbbəti ilə əhatə edir. O, həsrolunmamızı qəbul edir və bizi bəşəriyyətin yeganə Xilaskarı olan Məsihə bürünməyə çağırır (Rom 13,14). «Ey Bakirə Məryəm, Sənin himayənin əlaməti olan müqəddəs skapulyarına bürünmüş övladların üzərində məhəbbətlə oyaq qal. Yolumuzu işıqlandır ki, zirvəsi Sənin Oğlun və Rəbbimiz İsa Məsih olan dağa çata bilək. Amin» (Karmel dağının Mübarək Məryəm Anasına novenna duasından).

BİRİNCİ OXUNUŞ  Yeşaya 26,7-9.12.16-19

Saleh adamın yolu düzdür. Ey Düz Olan, saleh adamın yolunu Sən düz edirsən. Həqiqətən, ya Rəbb, Sənin hökmlərinin yolunda biz Sənə ümid bağlayırıq, Sənin adın, ismin ürəyimizin istəyidir. Qəlbim gecələr Sənin üçün həsrət çəkər, bəli, ruhum daxilimdə Səni arayar. Hökmlərin yer üzündə həyata keçdikcə dünyanın sakinləri doğruluğu öyrənir. Ya Rəbb, bizə sülh verən Sənsən, bütün işlərimizi Sən bizim üçün tənzimləyirsən. Ya Rəbb, onlar bəlaya düşəndə Səni axtardı. Sənin cəzan üzərlərində olanda Sənə dua edib yalvardı. Hamilə qadın doğuş vaxtı gələndə ağrı çəkib qovrularaq necə qışqırırsa, biz də Sənin qarşında elə idik, ya Rəbb! Biz də sanki hamilə idik, ağrı çəkirdik, lakin küləkdən başqa bir şey doğmadıq. Nə dünyaya qurtuluş gətirə bildik, nə də dünya sakinlərini həyata qovuşdurduq. Sənin ölənlərin həyata qovuşacaq, meyitimlə birgə diriləcəklər. Ey torpaq altında yatanlar, oyanın, sevinc nəğməsini oxuyun, çünki şeh torpağı necə təravətləndirirsə, Rəbb də torpaqdakı ölüləri belə dirçəldəcək.

Təfsir

İsrail Allaha sadiq qalmağa can atır: gecələr Onu düşünür, səhərlər isə Onu axtarır. Bununla belə, nəsə çatışmır - “ağrı çəkirdik, lakin küləkdən başqa bir şey doğmadıq”. Doğulacaq bu uşaq gələcək Məsihin rəmzi kimi başa düşülə bilər. İsrail anlayır ki, ona böyük bir missiya həvalə olunub: bütün xalqlara Məsih olacaq bu Körpəni bəxş etmək. Buna görə də o, doğuşun ağrı-acısına dözməyə hazırdır. Lakin əgər bu sədaqət Allaha tam və şərtsiz bağlılıqla müşayiət olunmursa, belə «hamiləlik» bəhrəsiz qalacaq. Bu obraz bu gün də öz aktuallığını qoruyur. Biz də özümüzü doğuş sancıları çəkən həmin qadınla eyniləşdirə bilərik. Əzablarımız ağır ola bilər, onların sayı çox ola bilər. Ancaq onların həqiqətən gözlənilən bəhrəni verməsi üçün Allaha tam sədaqət lazımdır. Məhz Allah Məsihi bizim daxilimizdə dünyaya gətirir. Bizim Onun iztirablarında iştirakımız isə yalnız o zaman bəhrəli olur ki, öz kasamızı qəbul edək: əzablarımızı könüllü surətdə Məsihin çarmıxı və Ataya təqdim etdiyi qurbanla birləşdirək. Müqəddəs Həvari Paul da bu obrazdan istifadə edərək qalatiyalılara yazır: «Övladlarım! Məsihin surəti sizdə yaradılana qədər, sizlər üçün yenə doğuş ağrısı çəkirəm.» (Qal 4,19).

İNCİL Matta 11, 28-30

Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm. Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız. Çünki Mənim boyunduruğum rahat və yüküm yüngüldür».

Təfsir

Boyunduruq iki öküzü yanaşı qoşmaq üçün istifadə olunan kənd təsərrüfatı alətidir. Onun məqsədi odur ki, heyvanlardan biri o birindən daha sürətlə getməsin və torpaq düz, səliqəli şəkildə şumlansın. İlk baxışdan bu bənzətmə müsbət görünmür: boyunduruq altında olmaq o deməkdir ki, insan öz hərəkətlərini başqasına uyğunlaşdırmalıdır. Lakin İsa da bu boyunduruğu Öz üzərinə götürür. O da Öz addımlarını bizim addımlarımıza uyğunlaşdırmağa razı olur. Qüdrətli Allah olduğu halda, O bizim səviyyəmizə enir və həyat tarlamızı səbr, həlimlik və təvazökarlıqla bizimlə birlikdə şumlayır. Məhz buna görə də İsanın yanında yol getmək yük kimi qəbul edilməməlidir. Əksinə, bu, doğru və sevinc dolu yolun ən böyük təminatıdır. Əgər Onun boyunduruğu ağır olsaydı və ya O bizdən dözülməz sürətlə irəliləməyi tələb etsəydi, biz heç vaxt həqiqi xoşbəxtliyi tapa bilməzdik. Əgər bu yolda qəlbimizdə yüngüllük, sülh və sevinc hiss edirik, deməli, doğru istiqamətdə irəliləyirik. Çünki biz tək deyilik. Buna görə də heç bir xristianın «Mən təkəm, hamı məni unudub, hətta Allah da!» deməyə haqqı yoxdur. Xeyr, gəlin yanımızda Kimin addımladığını görək, bizimlə eyni boyunduruğa qoşulan İlahi Şəxsin Kim olduğunu dərk edək və buna sevinək. Qarşımızdakı tarla nə qədər geniş, iş nə qədər ağır və yorucu olsa da, biz heç vaxt tək deyilik. Və artıq heç vaxt tək qalmayacağıq.

14 iyul 2026, 14:31