Liturgiya oxunuşları: 14 İYUL. Adi Dövrün XV həftəsinin çərşənbə axşamı
BİRİNCİ OXUNUŞ Yeşaya 7,1-9
Uzziya oğlu Yotam oğlu Yəhuda padşahı Axazın hökm sürdüyü dövrdə Aram padşahı Resinlə İsrail padşahı Remalya oğlu Peqah Yerusəlimə hücum etdilər, amma oranı ala bilmədilər. Davud nəslinə xəbər verildi ki, Aramlılarla Efrayimlilər birləşib ordu düzəldib. Padşahın və xalqın ürəyi meşə ağacları küləkdən titrəyən kimi titrədi. Rəbb Yeşayaya dedi: «Axazı qarşılamaq üçün oğlun Şear-Yaşuvla birgə yuxarı hovuzun su yolunun qurtaracağına, Mahudbasan tarlasına gedən yola çıx». Ona belə de: «Diqqətli və sakit ol, qorxma! Qoy ürəyin bu tüstülənən, yarısı yanmış iki odun parçasından – Resinin, Aramın və Remalya oğlunun qızğın qəzəbindən qorxmasın! Aram, Efrayim və Remalya oğlu sizə qarşı şər quraraq belə deyir: “Gəlin Yəhudanın əleyhinə çıxaq, vahiməyə salaraq zəbt edək və Tabel oğlunu oraya padşah qoyaq”». Xudavənd Rəbb belə deyir: «Bu iş olmayacaq, baş tutmayacaq. Çünki Aramın paytaxtı Dəməşqdir, Dəməşqin başçısı da Resindir. Efrayim isə altmış beş ildən sonra darmadağın edilib xalq kimi qalmayacaq. Efrayimin paytaxtı Samariyadır, Samariyanın başçısı isə ancaq Remalyanın oğludur. Əgər imanda möhkəm durmasanız, heç dayana bilməzsiniz».
Təfsir
Vəziyyət son dərəcə gərgindir: kiçik Yəhuda padşahlığını düşmən qoşunları təhdid edir. Onlar artıq hazır vəziyyətdədir, şəhərin qapılarına qədər gəlib çıxıblar. Məqsədləri Yerusəlimi ələ keçirmək, hər şeyi dağıtmaq və Axazın yerinə öz hökmdarlarını taxta çıxarmaqdır. Məhz belə bir anda Allah Yeşayanı göndərərək padşaha deyir ki, qorxmasın və təşvişə düşməsin. Göz önündə olan hər şey əksini söylədiyi halda sakitliyi qorumaq üçün necə böyük iman lazımdır! Rəbb yalnız bir şeyi istəyir: iman. Çünki iman olmadan möhkəm dayanmaq mümkün deyil. Burada iman həqiqətən qəhrəmanlıqdır, çünki insanın gördükləri onu ən pis nəticəni gözləməyə sövq edir. Bu, Yevxaristik Səcdə zamanı da eyni şəkildə baş verir. Dominikan rahibi Mari-Dominik Molinye yazır: «Bəşəriyyət hökmdarların, alimlərin və ya böyük işlər görən insanların sayəsində yaşamır; o, dua edənlərin sayəsində yaşayır. Allah onlardan nə istəyir? Böyük işlər deyil, sadəcə Ona iman etmələrini». Bəs doğrudanmı tənhalıqda keçirilən, zahirən heç bir şeyin baş vermədiyi bir saatlıq səcdə bütün bəşəriyyətin dayağı ola bilər? Axaz pəncərədən baxaraq özünə doğru irəliləyən iki böyük düşmən ordusunu gördüyü halda daxili sülh içində qala bilərdimi? Allah bizdən yalnız iman istəyir. «Görmədən iman gətirənlər nə bəxtiyardır!» (Yəhya 20,29).
İNCİL Matta 11, 20-24
Onda İsa bir çox möcüzələr göstərdiyi şəhərləri tövbə etmədikləri üçün məzəmmət etməyə başladı. «Vay halına, ey Korazin! Vay halına, ey Bet-Sayda! Sizdə baş vermiş möcüzələr Sur və Sidonda olsaydı, onlar çoxdan çul geyinib külün üstündə oturaraq tövbə edərdilər. Amma sizə deyirəm: qiyamət günü Sur və Sidonun halı sizinkindən daha asan olacaq. Sən, ey Kefernahum, göyə qədər ucalacaqsanmı? Ölülər diyarına qədər enəcəksən. Çünki səndə baş vermiş möcüzələr Sodomda olsaydı, o bu günə qədər durardı. Ancaq Mən sizə deyirəm: qiyamət günü Sodom diyarının halı səninkindən daha asan olacaq».
Təfsir
Möcüzələr Kilsənin həyatında hər zaman olub, necə ki, onlar yer üzündə yaşayan Rəbb İsanın xidmətinin ayrılmaz hissəsi idi. Hətta bundan da əvvəl, qədim İsrail dövründən etibarən Allah Öz qüdrətini möcüzələrlə göstərirdi. Mannanı, Qırmızı dənizin yarılmasını, İlyas və Elişa peyğəmbərlərin möcüzələrini xatırlamaq kifayətdir. Bugünkü İncildə İsa bizə möcüzələrin əsl mənasını açıqlayır. Onlar insanın imanını oyatmaq, Allahın işləri qarşısında heyrət və təəccüb doğurmaq, bununla da insanı Allaha yönəltmək üçündür. Çünki məhz Allah bu aydın əlamətlər vasitəsilə bizə müraciət edir. Lakin möcüzələr əks təsir də göstərə bilər. Əgər insan qəlbini qapadır, inadla iman gətirmək və Allaha təslim olmaq istəmirsə, onda bu əlamətlər onu xilas etmir, əksinə, məsuliyyətini daha da artırır. Mən ateist olan bir insan tanıyırdım. Yubiley ili zamanı o, Turin Kəfəninin qarşısında uzun müddət dayanıb onu seyr etdi. Məhz həmin anda o, bu möhtəşəm əlamət qarşısında təslim oldu və həyatı tamamilə dəyişdi: etirafa getdi, Messalarda iştirak etməyə başladı, pis vərdişləri ilə mübarizəyə girişdi və yeni həyata qədəm qoydu. Elə buna görə də dünyada - Mübarək Məryəm Ananın zühurları, Yevxaristik möcüzələr və ya müqəddəs insanların aldıqları xüsusi lütflər kimi fövqəltəbii hadisələr baş verəndə biz diqqətli olmalı, Allahın bu əlamətlər vasitəsilə bizdən nə istədiyini anlamağa çalışmalıyıq. Çünki O, həmişə eyni çağırışı edir: «tövbə edin və qəlbinizi Mənə tərəf döndərin çevirin».