Axtar

Qəzza uşaqları kardinal Pitsaballanı və Yunan Pravoslav Patriarxı III Teofili salamlayırlar Qəzza uşaqları kardinal Pitsaballanı və Yunan Pravoslav Patriarxı III Teofili salamlayırlar 

Yerusəlim Patriarxları Qəzzanı ziyarət ediblər

Müharibədən yorulmuş əhalinin əziyyəti və dağıntılar fonunda Yerusəlimin Latın Patriarxı və Yunan Pravoslav Patriarxı Qəzza zolağında ruhanilər, dini icmalar, yerli xristian ailələri və humanitar böhrandan əziyyət çəkən insanlarla görüşüblər.

Federiko Piana tərəfindən

İyunun 22-dən etibarən Yerusəlimin Yunan Pravoslav Patriarxı III Teofil və Yerusəlimin Latın Patriarxı kardinal Pierbattista Pitsaballa müharibənin dəhşətlərindən yorulmuş minlərlə kişi, qadın və uşağın “yaralarını sarımaq” məqsədilə Qəzzaya pastoral ziyarətə başlayıblar.

Onları Malta Suveren Hərbi Ordeninin Böyük Hospitalyeri Dr. Yozef Blots və Ordenin dünyanın bir çox regionlarında fəaliyyət göstərən humanitar təşkilatı olan "Malteser International"ın nümayəndələri müşayiət ediblər.

Yerusəlimin Latın və Yunan Pravoslav Patriarxları Qəzzada
Yerusəlimin Latın və Yunan Pravoslav Patriarxları Qəzzada

Pastoral yaxınlıq

Yerusəlimin Latın Patriarxlığının bəyanatında bildirilir ki, bu ziyarət "Yerusəlim Kilsələrinin yerli kilsələr və ailələrin ağır humanitar vəziyyət, qorxu, itki və qeyri-müəyyənlikdən əzab çəkən Qəzzanın bütün əhalisi qarşısında pastoral məsuliyyətini ifadə edir."

Bəyanatda həmçinin, bütün ümidləri tükəndirən kimi görünən, viran qalmış bir mühitdə duanın əvəzedilməz dəyəri vurğulanıb.

"Zati-Müqəddəsləri Patriarx III Teofilin və kardinal Pitsaballanın iştirakı ilə Yerusəlimin duası Qəzzada əzab çəkən möminlərə və bütün əziyyət çəkən insanlara yönəlir. Bu dua İncilə və Müqəddəs Şəhərin missiyasına söykənən təsəlli, mərhəmət və sarsılmaz xristian şahidliyinin ifadəsidir."

Dirçələn ümid

Rəsmi proqrama əsasən, Kardinal və Patriarx ruhanilər, dini icmalar, yerli xristian ailələri və davam edən humanitar böhrandan əziyyət çəkənlərlə görüşürlər. Dua və pastoral iştirak vasitəsilə onlar mənəvi güc, təsəlli və ümid bəxş etməyə çalışırlar.

Onların missiyası Kilsələrin səhiyyə, yardım səyləri və insan ləyaqətinin qorunmasına sadiqliyini bir daha təsdiq etmək məqsədi daşıyır.

Səmimi qarşılanma

Kardinal Pitsaballa və Patriarx III Teofil Müqəddəs Ailə latın prixodunun həyətinə daxil olarkən onları alqışlar və sevinc dolu qarşılanma gözləyirdi.

Prixodun baş keşişi ata Qabriel Romanellinin salamından və birgə duadan sonra Yerusəlimin Latın Patriarxı öz sevincini bölüşərək bildirib ki, yenidən Qəzzaya gəlmək, burada yaşayan insanlarla, kilsə icmasının üzvləri və ətraf məhəllələrin sakinləri ilə görüşmək onun üçün böyük təsəllidir.

Kardinal qeyd edib ki, şəhərdə vəziyyət hələ də çox ağır olaraq qalır. Bununla belə, onların bu səfəri Kilsənin Qəzzanı unutmadığının, bu bölgəyə diqqət və qayğı göstərməyə davam etdiyinin aydın ifadəsidir.

Səfərdən bir an
Səfərdən bir an

Qəzzaya davamlı diqqət

Kardinal Pitsaballa bundan əvvəl 2025-ci il dekabrın 19-da Qəzza sakinlərini ziyarət etmişdi. İki gün sonra – dekabrın 21-də o, Müqəddəs Ailə kilsəsində Milad bayramı münasibətilə Messanı vaxtından əvvəl qeyd etmişdi. Həmin mərasimdə iştirak edən çoxsaylı möminlər bu görüşdən dərin təsir almışdılar.

Ötən il iyulun 17-də İsrail ordusunun kilsəyə endirdiyi zərbə nəticəsində üç nəfər həlak olmuş, on bir nəfər isə yaralanmışdı. Bundan sonra kardinal Pitsaballa və Patriarx III Teofil birlikdə Qəzzaya gələrək həlak olanların ailələrinə başsağlığı vermiş, yaralılar və məcburi köçkünlərlə görüşmüşdülər.

Bu səfər müharibə dövründə həyata keçirilən ilk ekumenik ziyarət kimi tarixə düşmüşdü. Qəzzada olduqları müddətdə hər iki patriarx dünya liderlərini müharibəyə son qoymağa, Müqəddəs Torpaqda bərpa, barışıq və sülh yolunu açmağa çağırmışdı.

23 iyun 2026, 12:16