2026.01.31 Gesù predica sul monte

Liturgiya oxunuşları: 8 İYUN. Adi Dövrün X həftəsinin bazar ertəsi

"İsanın təbliğ etdiyi həqiqətlər yalnız ilk baxışdan paradoksal görünür. Varlıların və güclülərin xoşbəxt sayıldığı bir dünyada yoxsulların və ağlayanların bəxtiyarlığından danışmaq bir çoxlarına xəyal kimi görünə bilər. Əslində isə xəyal Məsihə iman etməməkdir. Çünki O, hamı naminə Öz həyatını fəda etdi, insanları sülhə çağırdığı üçün əzab və çarmıx ölümünü qəbul etdi" (Papa XIV Leo).

BİRİNCİ OXUNUŞ 1 Pad 17,1-6

Gilead sakinlərindən olan Tişbeli İlyas Axava dedi: «Önündə durduğum İsrailin Allahı var olan Rəbbə and olsun ki, mənim bir sözüm olmayınca bu illərdə şeh və yağış olmayacaq». Ona Rəbbin bu sözü nazil oldu: «Buradan get və şərqə tərəf yollan, İordan çayının şərqində olan Kerit vadisində gizlən. Orada vadidən su içəcəksən, səni yedirməyi də qarğalara əmr etdim». O, Rəbbin sözünə əməl etdi və İordan çayının şərqində olan Kerit vadisinə gedib orada qaldı. Qarğalar ona hər səhər-axşam çörək və ət gətirərdilər, vadidən də su içərdi.

Təfsir

Bu gün biz Müqəddəs Kitabın I və II Padşahlar kitablarından, daha dəqiq desək, ən böyük peyğəmbərlərdən biri olan İlyasa həsr edilmiş hissələrin oxunmasına başlayırıq. Bu oxunuşlar qarşıdakı iki həftə ərzində davam edəcək. Padşah Axav Rəbbin gözündə pis olan işlər görürdü. O, İzebeli özünə həyat yoldaşı seçmiş və bütpərəst Baal ibadətinin İsraildə geniş yayılmasına şərait yaratmışdı. Bu vəziyyət qarşısında İlyas ona belə müraciət edir: « Önündə durduğum İsrailin Allahı var olan Rəbbə and olsun ki, mənim bir sözüm olmayınca bu illərdə şeh və yağış olmayacaq». Bundan sonra İlyasın özü də Allahdan əmr alır: « Buradan get və şərqə tərəf yollan, İordan çayının şərqində olan Kerit vadisində gizlən. Orada vadidən su içəcəksən, səni yedirməyi də qarğalara əmr etdim». Səhra və tənhalıq təcrübəsi İlyas üçün xüsusi bir lütf dövrünə çevrilir. O, Allahın qayğıkeş himayəsini şəxsən yaşayır və anlayır ki, Allahın Kəlamını bəyan etməyin səmərəliliyi həmişə insanların rəğbəti və ya ictimai uğurla ölçülmür. Bəzən bu missiya təqiblər və rədd edilmələrlə müşayiət olunur. Hamının görünməyə, bəyənilməyə və alqış qazanmağa can atdığı bir dövrdə İlyas bizi yenidən Rəbbin düşüncə tərzinə yönəldir və Məzmur müəllifi ilə birlikdə etiraf etməyə çağırır: «Köməyim göyləri və yeri yaradan Rəbdəndir».

 İNCİL Мф 5,1-12

İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi. İsa danışmağa başlayıb onları öyrədərək dedi: «Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır. Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq. Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq. Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq. Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək. Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək. Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq. Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır. İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər».

Təfsir

Birinci oxunuş üzərində düşüncəmizi belə bir fikirlə tamamladıq ki, Allahın Kəlamını bəyan etməyin uğuru heç də həmişə insanların alqışı və rəğbəti ilə ölçülmür. Allahın meyarları fərqlidir. Məhz bu baxış prizmasından bugünkü İncili daha dərindən anlaya bilərik: «Nə bəxtiyardır ruhən yoxsullar, çünki Səmavi Padşahlıq onlarındır; nə bəxtiyardır yaslı olanlar, acıb-susayanlar və təqib olunanlar, çünki Səmavi Padşahlıq onlarındır». Həqiqi sevinc və bəxtiyarlıq yalnız xarici şəraitdən və ya həyatın rahat axarından asılı deyil. Onların mənbəyi insanın daxilindədir. Bəzən hər şeyin bizə qarşı olduğu görünən məqamlarda belə, biz məhz gözlənilməz bir sevinci kəşf etməyə çağırılırıq. Bəxtiyarlıq insanın öz gücü ilə əldə etdiyi nailiyyət deyil, Allahın bəxş etdiyi bir hədiyyədir. Lakin biz çox vaxt diqqətimizi yalnız zahiri fəaliyyətə yönəldir, haradansa gələcək məmnunluq, uğur və ya tərif gözləyirik. Ən böyük sevinc və ən dərin bəxtiyarlıq isə Allahın səni sevdiyini bilməkdir. Bilmək ki, O, həyatın ən ağır sınaqlarında da səninlədir. Bilmək ki, insan özünü tənha və hamı tərəfindən tərk edilmiş hiss etdikdə belə, Allah onu tərk etmir. Allah bizimlə olduqda, həyatın hər bir şəraiti gözəlləşir. Bu, həmin şəraitin asan və ya xoş olmasına görə deyil, onu Allahla birlikdə yaşadığımıza görə baş verir. Buna görə də Bəxtiyarlıqlar insan həyatının yeni ölçüsü, yeni düşüncə tərzi və yeni həyat proqramı kimi qəbul edilməlidir.

07 iyun 2026, 11:59