Axtar

Corpus Christi

Liturgiya oxunuşları: 7 İYUN. Məsihin Əqdəs Bədəni və Qanı

“Narazı fariseylərə cavab olaraq İsa dedi: “Həkimə sağlamların deyil, xəstələrin ehtiyacı var... Mən salehləri deyil, günahkarları tövbəyə çağırmağa gəlmişəm”. Həmin məqamda Müjdəçi Matta İsanın dilindən Peyğəmbər Huşənin bu sözlərini çatdırır: “Gedin və öyrənin ki, ‘Mən qurban deyil, mərhəmət istəyirəm’ nə deməkdir”... həqiqi din Allahı sevməkdən və yaxınına məhəbbət göstərməkdən ibarətdir” (XVI Benedikt).

O hər zaman bizimlədir

Allahın Qulu Rafael Merri del Val belə deyirdi: «Rəbbimizin səni tərk edəcəyindən heç vaxt qorxma. “Corpus” Domini bayramı Onun sonsuz məhəbbətinin təzahürünü bizə xatırladır. İsa fasiləsiz yevxaristik hüzuru ilə göstərir ki, O, həmişə bizimlədir. Elə isə sən nə üçün tərk edilməkdən qorxursan?» Bu gün biz Yevxaristiya ilə Kilsə arasındakı dərin və ayrılmaz əlaqəni qeyd edirik. “Corpus Domini” bayramının təsis olunmasına görə biz XIII əsrdə Belçikanın Lyej şəhəri yaxınlığındakı Mon-Korniyon cüzamlılar monastırının rəhbəri olmuş Müqəddəs Korniyonlu Yulianaya (Müqəddəs Lyejli Yuliana kimi də tanınır) borcluyuq. Müqəddəs Yuliananın gördüyü vəhylərə görə, o dövrün liturgik təqvimində bəşəriyyət naminə qurban verilmiş Məsihin Bədəninə həsr olunmuş xüsusi bir bayram çatışmırdı. Rahibə Yuliana, Yevxaristiya Sirrini ucaldan belə bir liturgik bayramın təsis edilməsi üçün böyük səylər göstərdi. Nəticədə, 1246-cı ildə Lyej yepiskopu Robert de Türo bu bayramı öz yeparxiyasında təsis etdi. 1263-cü ildə isə Bolsena şəhərində bir çex keşiş  Yevxaristiya möcüzəsinin şahidi oldu. Bundan sonra, 8 sentyabr 1264-cü ildə Roma Papası IV Urban “Transiturus de hoc mundo” bullasını dərc edərək “Corpus Domini” bayramını bütün Ümumdünya Kilsəsi üçün təsis etdi.

BİRİNCİ OXUNUŞ Qan 8, 2-3. 14b-16a

Allahınız Rəbbin sizi qırx il səhrada gəzdirdiyi uzun səyahəti yada salın. Bunu ona görə etdi ki, təkəbbürünüzü qırsın və sizi sınaqdan keçirərək ürəyinizdəkini öyrənsin; görsün ki, siz Onun əmrlərinə əməl edəcəksiniz ya yox. Təkəbbürünüzü qırmaq üçün sizi ac qoydu, sonra isə nə sizin, nə də atalarınızın gördüyü manna ilə sizi qidalandırdı. Bununla öyrətdi ki, insan yalnız çörəklə deyil, Rəbbin ağzından çıxan hər kəlmə ilə yaşayar. Diqqət edin ki, sizi Misir torpağından – köləlik diyarından çıxaran Allahınız Rəbbi unutmayasınız. Rəbb sizi o böyük və qorxunc səhrada, zəhərli ilan və əqrəblərlə dolu olan o susuz şoran torpaqlarda gəzdirdi, sizə sərt qayalardan su çıxartdı. Sizi atalarınıza məlum olmayan manna ilə qidalandırdı.

Təfsir

Keçən bazar günü Pasxa liturgik dövrünün başa çatmasından və Adi Dövrün yenidən başlanmasından sonra biz Əqdəs Üçlük Bayramını qeyd etdik. Bu bayram sanki həmin vaxta qədər keçdiyimiz liturgik yolun yekunu oldu. Bu gün isə liturgiya bizi bir addım da irəli getməyə dəvət edir. Ata, Oğul və Müqəddəs Ruh olan Allah bəzən bizə o qədər uca və əlçatmaz görünür ki, sanki Ondan çox uzaqdayıq. Halbuki həqiqət tam əksinədir. Allah bizə düşündüyümüzdən daha yaxındır. Hətta demək olar ki, O, «əlimizi uzatsaq toxuna biləcəyimiz qədər yaxındır». Çünki O, Yevxaristiyada həqiqətən mövcud olan İsa Məsihdir. Məhz buna görə də bu gün biz Məsihin Əqdəs Bədəni və Qanı bayramını qeyd edirik. Qanunun Təkrarı Kitabının müəllifi belə yazır: «Allahınız Rəbbin sizi qırx il səhrada gəzdirdiyi uzun səyahəti yada salın...sizə sərt qayalardan su çıxartdı. Sizi atalarınıza məlum olmayan manna ilə qidalandırdı». Bizim də xatırlamalı olduğumuz və şükür etməli olduğumuz bir yolumuz var. Gəlin bunu bugünkü Məzmurun sözləri ilə edək. Müqəddəs mətn bizi xatırlamağa çağırır. Necə ki, Allah qədim zamanlarda tarixə müdaxilə edərək Öz xalqını qidalandırırdı, bu gün də eyni şəkildə fəaliyyət göstərir. O, Məsihin deşilmiş böyründən xilasedici Sakramentləri bəxş edir və ikinci oxuda Müqəddəs Paulun izah etdiyi kimi, Yevxaristiyada mövcud olan «mələklərin çörəyi» ilə bizi qidalandırır.

İKİNCİ OXUNUŞ 1 Kor 10,16-17

Xeyir-dua verdiyimiz xeyir-dua kasası Məsihin qanına şəriklik deyilmi? Böldüyümüz çörək Məsihin bədəninə şəriklik deyilmi? Çörək bir olduğu kimi biz də çox olduğumuz halda bir bədənik. Çünki hamımız bir çörəyi bölüb yeyirik.

Təfsir

Birinci oxunuşda xatırladığımız Allahın Öz xalqı naminə həyata keçirdiyi böyük işlər əslində Allahın Oğlu İsa Məsihin bizə bəxş etdiyi daha böyük həqiqətin yalnız əlamətləri idi. Müqəddəs Paul soruşur: « Xeyir-dua verdiyimiz xeyir-dua kasası Məsihin qanına şəriklik deyilmi? Böldüyümüz çörək Məsihin bədəninə şəriklik deyilmi?» Lakin biz yalnız o zaman bu vahid Çörəklə qidalandığımızı göstərə bilərik ki, eyni zamanda vahid Bədənin qurulmasına da xidmət edək. Çünki Paul belə yazır: «Çörək bir olduğu kimi biz də çox olduğumuz halda bir bədənik. Çünki hamımız bir çörəyi bölüb yeyirik». Eyni Çörəklə qidalanan və eyni Kasadan içən möminlər Məsihin Bədəni ilə ünsiyyətə daxil olur, eyni zamanda bir-biri ilə də ünsiyyət qururlar. Beləcə onlar vahid bir Bədən təşkil edirlər. Bu, Kilsədir. Bu, Məsihin Bədənidir. Buna görə də Yeуvxaristiyada iştirak etmək yalnız Məsihin Bədəni və Qanını qəbul etmək deyil, həm də Məsihdə «bir olmağı» diləməkdir ki, dünya iman gətirsin.

İNCİL Yəhya 6,51-58

Göydən enmiş canlı çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz ətimdir». Bunun cavabında Yəhudilər «Bu Adam yemək üçün Öz ətini bizə necə verə bilər?» deyib bir-birləri ilə mübahisə etdilər. Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Bəşər Oğlunun ətindən yeyib qanından içməsəniz, daxilinizdə həyat olmayacaq. Mənim ətimdən yeyib qanımdan içən əbədi həyata malikdir və Mən onu son gündə dirildəcəyəm. Çünki Mənim ətim həqiqi yemək, qanım da həqiqi içkidir. Mənim ətimdən yeyib qanımdan içən Məndə qalır, Mən də onda qalıram. Var olan Ata Məni göndərdiyi kimi, Mən də Atanın sayəsində yaşadığım kimi Məndən yeyən də Mənim sayəmdə yaşayacaq. Göydən enmiş çörək budur, ata-babalarınızın yediyi kimi deyil. Onlar öldülər, amma bu çörəyi yeyən əbədi yaşayacaq».

Təfsir

Birinci oxunuşda biz Allahın səhrada Öz xalqını manna və su ilə qidalandırdığını gördük. Lakin bunlar daha böyük bir qidanın - Özünü insanlara bəxş edən Allahın əlamətləri idi. «Göydən enmiş canlı çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar». Bu sözlərlə İsa dünyaya həyat verən və onu qidalandıran Atanı bizə tanıdır. Eyni zamanda, Göydən enmiş bu Çörək bizə Məsihin həyatına şərik olmağa imkan verir. Lakin Yevxaristiya yalnız Məsihin Bədəni və Qanını qəbul etdiyimiz bir an deyil. İsa Yevxaristiyanı Sonuncu Şam Yeməyi zamanı, qardaşlıq süfrəsi ətrafında təsis etmişdir. Buna görə də qida qəbul etmək süfrə ilə ayrılmaz şəkildə bağlıdır. Süfrə isə İsanın xüsusi dəyər verdiyi bir görüş və ünsiyyət məkanıdır; burada insanlar yalnız çörəyi deyil, həm də sözlərini, dostluqlarını və qardaşlıqlarını paylaşırlar. Kəlam və Çörək birlikdə yaşanmağı tələb edir ki, dostluğa və məhəbbətə çevrilsin. Ancaq bununla da hər şey tamamlanmır. Müjdəçi Yəhya ayaqların yuyulması hadisəsini nəql edərək bizə xatırladır ki, Rəbbin süfrəsində iştirak etmək son məqsəd deyil. Əksinə, bu süfrə bizi qardaşlarımıza xidmət etməyə göndərən bir başlanğıcdır. Məhz bu yolla, Müqəddəs Paulun öyrətdiyi kimi, biz həqiqətən Məsihin Bədəni, yəni Kilsə ola bilərik.

06 iyun 2026, 10:54