2024.11.07 XXXII DOMENICA DEL TEMPO ORDINARIO – ANNO B

Liturgiya oxunuşları: 6 İYUN. Adi Dövrün IX həftəsinin şənbəsi

“Allahın ölçüsü bizim ölçümüzdən fərqlənir. Rəbb insanları və onların əməllərini başqa cür dəyərləndirir: Onun üçün əsas olan kəmiyyət deyil, keyfiyyətdir. O, insanın qəlbinə və niyyətlərinin saflığına baxır” (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ 2 Tim 4,1-8

Allahın və dirilərlə ölüləri mühakimə edəcək Məsih İsanın önündə Onun zühuru və Padşahlığının haqqı üçün sənə buyururam ki, Allahın kəlamını vəz edəsən, hansı vaxt olursa-olsun hazır olasan, insanlara tam səbirlə təlim öyrədərək məzəmmət, xəbərdarlıq və nəsihət verəsən. Çünki elə bir zaman gələcək ki, sağlam təlimə dözməyəcəklər. Qulaq oxşayan sözlər eşitmək üçün ətraflarına öz ehtiraslarına uyğun müəllimlər toplayacaqlar. Qulaqlarını həqiqətdən döndərəcək, əfsanələrə meyl göstərəcəklər. Amma sən hər vəziyyətdə ayıq ol. Əzaba qatlaş, müjdəçilik işini yerinə yetir, öz xidmətinə tam əməl et. Çünki qanım artıq içmə təqdimi kimi tökülmək üzrədir. Artıq ayrılma zamanım gəldi. Mən yaxşı mübarizə aparmışam, yolumu sona çatdırdım, imanı saxladım. İndi salehlik tacı mənim üçün hazır durur. Ədalətli Hakim olan Rəbb qiyamət günü onu mənə – yalnız mənə deyil, Onun zühuruna can atanların hamısına verəcək.

Təfsir

Məktub artıq sonuna yaxınlaşır. Timoteyə Allahın Kəlamının mərkəzi əhəmiyyətini anlatmış Paul indi ona daha böyük səmimiyyət və təciliyyətlə müraciət edir. O, şagirdini Kəlamı hər zaman -  münasib vaxtda da, münasib görünməyən vaxtda da, təbliğ etməyə çağırır. Bu çağırış xüsusilə vacibdir, çünki Paulun yazdığı kimi, elə bir zaman gələcək ki, insanlar «sağlam təlimə dözməyəcək», əksinə, öz istəklərinə uyğun müəllimlər axtaracaqlar. Burada Allahın Kəlamını insan zövqünə uyğunlaşdırmaq, onu rahat və əlçatan etmək, lakin əbədiyyətə yönəlmiş dərin məzmunundan məhrum etmək təhlükəsi mövcuddur. Paull bütün həyatı boyu Timoteyə şəxsi nümunə göstərmişdi. İndi isə baxışları artıq səmaya yönəldiyi bir vaxtda bunu yenidən edir və iyunun 3-dəki oxunuşda xatırlatdığı üç obrazı yada salır: «Mən yaxşı mübarizə apardım» -  döyüşçü kimi; «yarışı sona çatdırdım» -  idmançı kimi; «imanı qorudum»  - zəhmətkeş əkinçi kimi. Döyüşçünün qələbəsi, idmançının mükafatı və əkinçinin zəhməti hədər qalmayacaq. Paul ümidlə bəyan edir: «İndi isə mənim üçün salehlik tacı hazırlanmışdır; onu həmin gün mənə ədalətli Hakim olan Rəbb verəcək». Lakin bu tac yalnız Paul üçün deyil. O, Rəbbin zühurunu sevən bütün insanlar üçün hazırlanmışdır. Buna görə də gəlin elə yaşamağa çalışaq ki, bugünkü Məzmurun sözləri hər birimizdə gerçəkləşsin: «Ya Rəbb, ağzım Sənin ədalətini bəyan edəcək».

 İNCİL Mark 12, 38-44

İsa təlim öyrədərək dedi: «İlahiyyatçılardan özünüzü qoruyun. Onlar uzun paltarlarda gəzməyi, bazar meydanlarında salam almağı, sinaqoqlarda baş kürsüləri, ziyafətlərdə yuxarı başı tutmağı xoşlayarlar. 40 Onlar dul qadınların evlərini yeyib-dağıdar və özlərini göstərmək üçün uzun-uzadı dua edərlər. Bu adamların cəzası daha ağır olacaq». İsa məbədin ianə qutusunun qarşısında oturub xalqın oraya necə pul atmasına baxırdı. Bir çox varlı adam oraya böyük məbləğdə pul atırdı. Bir kasıb dul qadın da gəlib bir kodrant məbləğində iki lepton pul atdı. İsa şagirdlərini yanına çağırıb onlara dedi: «Sizə doğrusunu deyirəm: bu kasıb dul qadın ianə qutusuna hamıdan çox pul atdı. Çünki onların hamısı varlarının artıqlığından verdi, bu qadın isə kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi».

Təfsir

Hadisələrin baş verdiyi məkan yenə də Yerusəlim məbədidir. İsa burada müxtəlif insan qrupları ilə söhbət edir, onların fikirlərini dinləyir və mübahisələr aparır. Bu gün isə O, xalqa müraciət edərək belə deyir: «Uzun paltarlarla gəzməyi, meydanlarda salam almağı sevən ilahiyyatçılardan çəkinin... onlar dul qadınların evlərini yeyir və özlərini göstərmək üçün uzun-uzadı dua edirlər». İsa bu sərt və qətiyyətli sözlərlə ilahiyyatçıların riyakarlığını ifşa edir. Onlar zahirdə özlərini mömin və nümunəvi göstərsələr də, daxilən tamamilə başqa cürdürlər. İsanın başqa bir yerdə dediyi kimi, məbəd quldur yuvası deyil, dua evi olmalıdır. Ev isə elə bir məkandır ki, orada hər kəs özünü rahat və təhlükəsiz hiss etməlidir. Bu zaman çoxlu varlı insanlar məbəd xəzinəsinə böyük məbləğlər atırdılar. Lakin bir yoxsul dul qadın gəlib ora cəmi iki mis pul saldı. Bu sadə hərəkət İsanı belə deməyə sövq etdi: «Bu yoxsul dul qadın xəzinəyə pul atanların hamısından çox qoydu. Çünki onların hamısı öz bolluğundan verdi, o isə yoxsulluğu içində malik olduğu hər şeyi verdi». Beləliklə, İsa bizə göstərir ki, Allahın canlı məbədi zahiri görüntü, nümayişkaranə dindarlıq və insanların tərifi üzərində qurulmur. O, həyatını tamamilə Allahın əllərinə etibar etməyi bacaran bu dul qadının nümunəsində olduğu kimi, imanla, təvəkküllə və səmimi qəlblə qurulur.

05 iyun 2026, 12:39