Liturgiya oxunuşları: 3 İYUN. Müq. Karl Luanga və yoldaşları, şə
İlk katolik missionerlər Buqandaya (indiki Uqanda) 1879-cu ildə gəldilər və krallığın bir çox zadəgan nümayəndələri xristianlığı qəbul etdilər. Yeni din xüsusilə kral sarayında məsul vəzifələr tutan insanlar arasında yayılmağa başladı. Bir müddət sonra krallığın kansleri onun krala qarşı qurduğu sui-qəsdi ifşa etmiş saray xristianlarına qarşı dərin nifrət bəsləməyə başladı. Özünü qorumaq üçün o, kralı inandıra bildi ki, həm katolik, həm də anqlikan xristianlar krallığı dağıtmaq məqsədilə gizli şəkildə ingilislərə xidmət edirlər. Bundan əlavə, kral Mvanqa xristianlığı öz əxlaqsız həyat tərzi üçün maneə və ənənəvi qəbilə adətləri üçün təhlükə hesab edirdi. Nüfuzu sarsılmış cadugərlərin də təhriki ilə o, amansız təqiblərə başladı. Bu təqiblər zamanı kral anqlikan missionerlərini və onların yepiskopunu öldürtdü, daha sonra isə kral sarayındakı pajların rəhbərini və saray xidmətinin prefektini edam etdirdi. Sonuncunun “təqsiri” ondan ibarət idi ki, o, katolik və katexist idi, kralı missionerlərin qətlinə görə açıq şəkildə qınayırdı və eyni zamanda pajları kralın cinsi zorakılıq cəhdlərindən qoruyurdu. Bir neçə ay ərzində yüzdən çox xristian öldürüldü. Karl Luanga öldürülmüş rəhbərin yerini tutdu. O da xristian idi və kralın əxlaqsız tələblərinə qarşı çıxırdı. Buna görə də bir qrup digər xristianla birlikdə ölümə məhkum edildi. Şəhidlikdən sağ çıxan pajların şahidliyinə görə, kral onları yanına çağıraraq dedi: «Artıq dua etmək istəməyənlər taxtın yanında qalsınlar; dua etmək istəyənlər isə o divarın yanında düzülsünlər». Karl Luanga irəli çıxdı və digərləri dərhal onun ardınca getdilər. Kral onlardan soruşdu: «Dua etməyə davam edəcəksinizmi?» Onlar cavab verdilər: «Bəli, Rəbbimizə dua etməyə davam edəcəyik, hətta ölüm bahasına olsa belə». Bundan sonra kral xristianları ölümə məhkum etdi. Məhkumlar 1886-cı il iyunun 3-də ölümü cəsarətlə qarşıladılar. Karl Luanga isə öz qurbanını Məsihin qurbanı ilə birləşdirməkdən sevinc duyan on iki yoldaşı üçün nümunə oldu.
BİRİNCİ OXUNUŞ 2 Tim 1,1-3.6-12
Məsih İsada olan həyat vədinə görə Allahın iradəsi ilə Məsih İsanın həvarisi mən Pauldan mənə sevimli oğul olan Timoteyə salam! Ata Allahdan və Rəbbimiz Məsih İsadan sənə lütf, mərhəmət və sülh olsun! Durmadan, gecə-gündüz dualarımda səni yada saldığım zaman ata-babalarım kimi təmiz vicdanla ibadət etdiyim Allaha şükür edirəm. Bu səbəbdən sənin üzərinə əl qoymağımla Allahın sənə verdiyi ənamı alovlandırmağını xatırladıram. Çünki Allah bizə qorxaqlıq ruhu deyil, güc, məhəbbət və ağıllı-kamallı olmaq ruhu vermişdir. Buna görə Rəbbimiz barədə şəhadət etməkdən və Onun uğrunda məhbus olan məndən utanma. Allahın gücü ilə Müjdə uğrunda mənimlə birlikdə əzaba qatlaş. Allah bizi əməllərimizə görə deyil, öz məqsədinə və lütfünə görə xilas edib müqəddəs olmağa çağırdı. Zaman başlamazdan əvvəl o lütf bizə Məsih İsada verilmişdi, indi isə Xilaskarımız Məsih İsanın zühuru ilə üzə çıxdı. O, ölümü yox etdi, Müjdə vasitəsilə həyatı və ölməzliyi aşkar etdi. Mən bu Müjdə üçün vaiz, həvari və müəllim təyin olundum. Bu əzabları çəkməyimin səbəbi də budur. Amma bundan utanmıram, çünki Kimə iman etdiyimi bilirəm və əminəm ki, mənə verdiyi əmanəti qiyamət gününə qədər saxlamağa qadirdir.
Təfsir
Bu gün Müqəddəs Peterin məktublarını başa vurduqdan sonra Müqəddəs Həvari Paulun Timoteyə İkinci Məktubunu oxumağa başlayırıq. Paulunn həyatının son dövründəyik və onun sözlərində gənc xristian icmaları üçün dərin qayğı açıq şəkildə hiss olunur. O, öz şagirdlərindən biri və gələcək davamçısı olan Timoteyə belə yazır: «sənin üzərinə əl qoymağımla Allahın sənə verdiyi ənamı alovlandırmağını xatırladıram». Bu çağırışda yaddaşın və xatırlamağın xüsusi əhəmiyyəti vardır. Yəhudi xalqı üçün yaddaş həyati əhəmiyyət daşıyırdı; məhz o, onların birliyini qorumasına və çətinliklər içində sağ qalmasına kömək etmişdi. Unutmaq isə Allahın simasını itirmək deməkdir. Biz də Yevxaristiyanı qeyd edərkən Rəbbi xatırlayır və bu xatırlama vasitəsilə Onunla yaxınlığımızı yenidən yaşayırıq. Paul Timoteyə xatırladır ki, aldığı ənamı canlı saxlasın, onu qorusun və inkişaf etdirsin. Bu ənam daim zəifləmək təhlükəsi ilə üz-üzədir və buna görə də onu yaddaş vasitəsilə yenidən alovlandırmaq lazımdır. Bu məqsədlə Paul üç obraz təqdim edir. Birincisi döyüşçüdür: Allah bizə qorxaqlıq ruhu deyil, qüvvət ruhu verib, buna görə də Müjdə naminə çətinliklərə dözməyə çağırır. İkincisi idmançıdır: o, mükafata çatmaq üçün əzmlə mübarizə aparır. Üçüncüsü isə əkinçidir: o, səylə çalışır və məhsulun yetişməsini səbirlə gözləməyi bacarır. Məktubun sonunda Paul bir daha Timoteyi aldığı ənamı qorumağa və onu alovlandırmağa çağırır, çünki bu ənam yalnız onun özü üçün deyil, bütün icmanın xeyri üçündür. Bu gün hər birimiz həmin Timotey kimiyik. Bizə verilmiş ənamı böyütməyə və qorumağa çağırılmışıq ki, döyüşçü kimi cəsarətlə, idmançı kimi əzmlə, əkinçi kimi isə zəhmətkeşlik və səbirlə yaşaya bilək.
İNCİL Mark 12, 18-27
Dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsanın yanına gəlib soruşdular: 1«Müəllim, Musa bizim üçün belə yazmışdır: “Əgər bir adamın qardaşı ölsə, arvadı dul qalsa, amma övladı olmazsa, o biri qardaş bu dul arvadı alıb ölən qardaşın nəslini davam etdirsin”. Yeddi qardaş var idi. Birincisi bir arvad aldı, amma övladı olmadan öldü. Bu arvadı ikinci qardaş aldı, o da özündən sonra övlad qoymadan öldü, üçüncüsü də, hətta yeddincisinə qədər belə etdi, amma övladı olmadan öldü. Hamısından sonra bu qadın da öldü. Qiyamət günündə, ölülər diriləndə bu qadın onlardan hansının arvadı olacaq? Çünki yeddi qardaşın yeddisi də bu qadını almışdı». İsa onlara belə cavab verdi: «Nə Müqəddəs Yazıları, nə də Allahın qüdrətini bilirsiniz. Yanılmanıza səbəb bu deyilmi? İnsanlar ölülər arasından diriləndə nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar. Bəs ölülərin dirildiyinə gəlincə, Musanın kitabındakı kolla bağlı əhvalatda Allahın necə ona “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” dediyini oxumamısınızmı? Allah ölülərin deyil, dirilərin Allahıdır. Beləliklə, siz çox yanılırsınız».
Təfsir
Bu gün qarşımızda nə fariseylər, nə də baş kahinlər dayanır. Bu dəfə İsanın yanına sadukeylər gəlirlər. Rəqiblər dəyişsə də, onların məqsədi dəyişmir: onlar yenə də İsanı sözündə tutmağa çalışırlar. Mübahisənin mövzusu sadukeylərin inanmadığı ölülərin dirilməsi məsələsidir. Onlar İsaya belə bir sual verirlər: yeddi qardaşın növbə ilə arvadı olmuş, lakin heç birindən övlad sahibi olmamış qadın dirilişdə hansının həyat yoldaşı olacaq? İsa onlara başa salır ki, gələcək həyat bu dünyanın sadə davamı və ya onun dəqiq surəti olmayacaq. O buyurur ki, dirilmiş insanlar göydəki mələklər kimi olacaqlar. Sadukeylər öz mövqelərini Müqəddəs Yazılara əsaslandırmağa çalışdıqları üçün İsa da onlara eyni mənbədən cavab verir: «Musanın kitabında, yanan kol haqqında hissədə Allahın ona belə dediyini oxumamısınızmı: “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam”? Allah ölülərin deyil, dirilərin Allahıdır. Siz çox yanılırsınız». Bu hekayədə ən böyük yanlışlıq yalnız sadukeylərin dirilişə inanmaması deyil. Ən böyük yanlışlıq Müqəddəs Yazılardan yalnız öz mövqeyimizi müdafiə edən və bizə sərf edən hissələri seçməkdir. Bəs bizimlə də belə olmurmu? Müqəddəs Kitaba bəzən yalnız xoşumuza gələn və düşüncələrimizi təsdiqləyən mətnləri seçdiyimiz bir menyu kimi yanaşmırıqmı? Əgər belədirsə, İsanın xəbərdarlığı bizə də aiddir: «Siz çox yanılırsınız».