Liturgiya oxunuşları: 24 İYUN. Vəftizçi Yəhyanın Mövludu
İyunun 24-də Kilsə Müqəddəs Vəftizçi Yəhyanın Mövludunu qeyd edir, avqustun 29-da isə onun şəhidliyini yad edəcək. İsanın Özü onun haqqında belə deyir: «Sizə doğrusunu deyirəm: qadından doğulanlar arasında Vəftizçi Yəhyadan daha böyüyü çıxmamışdır» (Matta 11,11). Roma Papası XIV Leo vurğulayır: «Vəftizçi Yəhya hələ doğulmamışdan əvvəl Allahdan aldığı missiyanı yerinə yetirməyə başlamışdı – İsanın Müjdəçisi olmaq missiyasını. O, bütün həyatını bu xidmətə həsr etdi və bu həyat dərin asketizm ruhu ilə seçilirdi. Başlanğıcda onun Məsih haqqında təsəvvürü daha çox sərt Hakim obrazı ilə bağlı idi (Matta 3,7–12). Lakin İsa onun düşüncəsini dəyişməyə, daxilən yenilənməyə kömək etdi. Bu xüsusilə İsanın vəftiz olunmaq üçün onun yanına gəldiyi, tövbə edənlərin arasında təvazökarlıqla yer aldığı zaman aydın görünür (Matta 3,13–17). Bu hadisədən sonra Yəhya İsanı dünyanın günahını Öz üzərinə götürən Allahın Quzusu kimi göstərir (Yəhya 1,29.36). Onun çağırışına cavab olaraq iki şagirdi İsanın ardınca gedərək Onun şagirdləri olurlar (Yəh 1,37). Vəftizçi Yəhya isə həqiqət uğrunda həyatını qurban verərək, Özünün də Həqiqət olan İsanın şahidinə çevrilir».
BİRİNCİ OXUNUŞ Yeşaya 49,1-6
Ey uzaq diyarlar, Məni dinləyin! Ey uzaqda yaşayan ümmətlər, yaxşı qulaq asın! Rəbb məni anadan olandan bəri çağırmışdı, ana bətnindən adımı yadına saldı. Ağzımı iti qılınc kimi etdi, O məni əlinin kölgəsində gizlətdi. O məni iti ox edib Öz oxdanında saxladı. Mənə dedi: «Qulumsan, ey İsrail, Mən səninlə izzətlənəcəyəm». Amma mən dedim: «Mən boş yerə çalışdım, gücümü hədər yerə tükətdim. Rəbb mənə yenə haqq qazandırır, mükafatım Allahımdadır». Rəbb məni qulu etmək üçün ana bətnində mənə quruluş verdi ki, Yaqub nəslini Ona tərəf döndərim, İsraili Onun önünə toplayım. Onun gözündə hörmət qazandım, qüdrətim Allahım oldu. Rəbb indi belə deyir: «Yaqub qəbilələrinin bərpası, İsrailin sağ qalanlarının geri qayıtması üçün qulum olmağın kifayət deyil. Səni millətlərə nur edəcəyəm ki, xilasım dünyanın ən uzaq yerlərinə yayılsın».
Təfsir
Bu oxunuşda təsvir olunan xüsusiyyətlər ilk növbədə peyğəmbər Yeşayaya aid olsa da, eyni zamanda Vəftizçi Yəhyanın və hər birimizin həyatına da işıq salır. Heç kim bu dünyaya təsadüfən gəlmir. Çünki Allah hər birimizi seçib, sevib və müəyyən bir missiya üçün çağırıb: «Millətlərə nur olmaq, xilasımın yer üzünün ən ucqar nöqtələrinə qədər çatmasına xidmət etmək». Lakin Allah insanı çağırsa da, bu çağırışa cavab vermək və ya verməmək hər kəsin öz iradəsindən asılıdır. İnsan yalnız bu zaman qaranlığı dağıdan həqiqi işığa çevrilə bilər. Vəftizçi Yəhya bu çağırışa sadiq qaldı və həyatını ona həsr etdi. İndi isə onun izi ilə gedib-getməmək qərarı bizim üzərimizə düşür. Bir həqiqət isə dəyişməz olaraq qalır: «Ya Rəbb, Sənin yaratdıqların arasında mən möcüzəli şəkildə yaradılmışam». Buna görə də gəlin bu günkü Məzmurun sözləri ilə Allaha şükür edək və Onun bizə bəxş etdiyi həyat və çağırış üçün Ona həmd edək.
İKİNCİ OXUNUŞ Həv 13,22-26
Allah Davudu ucaldıb onların üzərində padşah etdi və onun barəsində şəhadət etdi: “Öz ürəyimə yatan adam olaraq Yessey oğlu Davudu tapdım və o Mənim bütün istədiklərimi yerinə yetirəcək”. Allah Öz vədinə sadiq qalıb bu adamın soyundan olan Xilaskar İsanı İsrailə göndərdi. İsanın gəlişindən əvvəl Yəhya bütün İsrail xalqına vəz etmişdi ki, tövbə edib vəftiz olunsunlar. Yəhya işini qurtararkən dedi: “Məni kim sayırsınız? O Şəxs mən deyiləm. Məndən sonra O gəlir. Mən Onun ayağındakı çarığını açmağa belə, layiq deyiləm”. Qardaşlar, ey İbrahimin nəslinin övladları və aranızda olan Allahdan qorxanlar, bu xilas sözü bizə† göndərilib.
Təfsir
Həvari Paul bugünkü vəzində İsanın «İsrailin Xilaskarı» kimi gəlişindən danışır. O vurğulayır ki, bu xilas missiyasının həyata keçməsində Vəftizçi Yəhya mühüm rol oynayıb. Çünki «İsanın gəlişindən əvvəl Yəhya bütün İsrail xalqına vəz etmişdi ki, tövbə edib vəftiz olunsunlar ». Yəhya açıq şəkildə bildirirdi ki, o Məsih deyil və xalqı özündən sonra gələcək Olanın gəlişinə hazırlayırdı. Paulun sözlərində Vəftizçi Yəhyanın xidmətinin iki mühüm cəhətini görürük. Birincisi, o, Müəllim üçün yolu hazırlayan şəxsdir. İkincisi isə, ona həvalə olunmuş missiyanın müəyyən bir başlanğıcı və sonu olduğunu anlayır. O bilir ki, vaxtı yetişəndə yerini özündən sonra Gələnə verməlidir. Bu iki xüsusiyyət bizə öz həyatımızı da daha dərindən anlamağa kömək edir. Çünki Yeşaya və Yeremya peyğəmbərlərin xatırlatdığı kimi, hər birimiz hələ ana bətnində ikən Allah tərəfindən müəyyən bir missiyaya çağırılmışıq. Necə ki, həyatımızın bir başlanğıcı olub, eləcə də bir gün gələcək ki, biz də estafeti başqalarına təhvil verməli olacağıq. Bunu qəbul etmək böyük daxili azadlıq tələb edir. Çünki insan anlayır ki, həyatın da, ölümün də taleyi həmişə Allahın əlində olub və bu gün də Onun əlində qalır.
İNCİL Luka 1,57-66.80
Elizavetin doğmaq vaxtı çatdı. O, bir oğlan doğdu. Onun qohum-qonşuları Rəbbin ona böyük mərhəmət göstərdiyini eşidəndə onunla birgə sevindilər. Səkkizinci gün körpəni sünnət etməyə gəldilər. Ona atası Zəkəriyyənin adını qoymaq istədilər. Körpənin anası isə dedi: «Yox, onun adı Yəhya olacaq». Ona dedilər: «Axı qohumların arasında belə adı olan bir kəs yoxdur». Körpənin atasından körpəyə nə ad qoyulmasını işarə ilə soruşdular. O, bir yazı lövhəciyi istəyib yazdı: «Onun adı Yəhyadır». Hamı heyrətə gəldi. Həmin o anda Zəkəriyyənin dili açıldı. O, Allaha alqış etməyə başladı. Qonşuların hamısı qorxuya düşdü. Bütün bu hadisələr haqqında Yəhudeyanın dağlıq bölgəsinin hər yerində danışırdılar. Bu barədə eşidən hər bir kəs fikrə gedib deyərdi: «Bu körpə böyüyüb nə olacaq?» Çünki Rəbbin əli onun üzərində idi. Körpə isə böyüyüb ruhən qüvvətlənirdi və İsrail xalqına görünən günədək çöldə qaldı.
Təfsir
Bayram günü İncilin mətnində xüsusilə uşağa veriləcək ad məsələsi ön plana çıxır: ona atası kimi Zəkəriyya adı verilməlidir, yoxsa mələyin buyurduğu kimi Yəhya adı? «Zəkəriyya» adı «Allah xatırlayır», «Yəhya» isə «Allah mərhəmət göstərir» və ya «Allah rəhm edir» mənasını daşıyır. Bu iki adın mənası mətnin dərin məğzini anlamağa kömək edir. «Allah xatırlayır» adı insanın baxışını keçmişə yönəldirsə, «Allah mərhəmət göstərir» adı bu gündən başlayaraq gələcəyə açılır. Birincisi ənənə ilə, ikincisi isə Allahın insan üçün nəzərdə tutduğu çağırış və missiya ilə bağlıdır. Bu kiçik mübahisə Zəkəriyyanın lövhə üzərində «Onun adı Yəhyadır» sözlərini yazdığı anda sona çatır. Çünki mələk məhz belə buyurmuşdu. Elə həmin andaca Zəkəriyya yenidən danışmağa başlayır. Bu hadisə bizə mühüm bir həqiqəti xatırladır: insan Allahın iradəsinə itaətdə qaldıqda, Onun sözünə güvəndikdə və Onun planına təslim olduqda, Allahın həm öz həyatında, həm də bəşər tarixində göstərdiyi möcüzələri bəyan etmək üçün həmişə güc və cəsarət tapacaqdır.