Axtar

2020.07.20 - Ucello

Liturgiya oxunuşları: 20 İYUN. Adi Dövrün XI həftəsinin şənbəsi

“Rəbb aydın şəkildə bildirir ki, iki ağaya – həm Allaha, həm də var-dövlətə xidmət etmək mümkün deyil. İlahi Təqdirə iman insanı ləyaqətli həyat uğrunda çalışmaq məsuliyyətindən azad etmir, lakin onu sabahkı günün qayğısından, təşvişindən və qorxusundan qurtarır. Xristianı səciyyələndirən əsas xüsusiyyət Səmavi Ataya olan tam etimaddır” (Papa XVI Benedikt).

BİRİNCİ OXUNUŞ 2 Sal 24,17-25

Yehoyadanın ölümündən sonra Yəhuda rəisləri gəlib padşaha baş əydilər. O zaman padşah onlara qulaq asdı. Xalq atalarının Allahı Rəbbin məbədini tərk etdi, Aşera bütlərinə və başqa bütlərə qulluq etdi. Onların bu günahından ötrü Yəhuda ilə Yerusəlim üzərinə qəzəb gəldi. Rəbb onları Özünə tərəf döndərmək üçün onların yanına peyğəmbərlər göndərdi və peyğəmbərlər onlara qarşı şəhadət etdilər, ancaq xalq qulaq asmadı. Kahin Yehoyadanın oğlu Zəkəriyyənin üzərinə Allahın Ruhu gəldi və xalqın arasında çıxış edib onlara dedi: «Allah belə deyir: nə üçün Rəbbin əmrlərini pozursunuz? İşləriniz yaxşı getməz, çünki siz Rəbbi tərk etdiyiniz kimi O da sizi tərk etdi». Ona qarşı qəsd hazırladılar və onu padşahın əmri ilə Rəbbin məbədinin həyətində daşqalaq etdilər. Beləcə padşah Yoaş Zəkəriyyənin də atası Yehoyadanın ona etdiyi xeyirxahlığı yada salmadı və oğlunu öldürdü. O da ölərkən dedi: «Rəbb görsün və hökm etsin». O biri ilin əvvəlində Aram ordusu onun üstünə gəldi. Onlar Yəhudaya və Yerusəlimə hücum etdilər. Xalqın bütün rəislərini xalqın arasından götürüb məhv etdilər və onlardan alınan bütün qəniməti Dəməşq padşahına göndərdilər. Aramlılar az qoşunla gəldikləri halda Rəbb çox böyük bir ordunu onlara təslim etdi, çünki xalq atalarının Allahı Rəbdən üz döndərmişdi. Beləliklə, Yoaşa qarşı hökmü icra etdilər. Yoaşın yanından getdikləri zaman onu ağır yaralı vəziyyətdə qoydular.

Təfsir

Bu gün qısa bir fasilə verərək Salnamələr Kitabına müraciət edirik. Bazar ertəsi isə yenidən Padşahlar Kitabının oxunuşuna qayıdacağıq. Yoaşın hekayəsi ilə dünən tanış olduq, lakin bu gün, təəssüf ki, onun həyatının sonrakı kədərli mərhələsini görürük: «Xalq atalarının Allahı Rəbbin məbədini tərk etdi, Aşera bütlərinə və başqa bütlərə qulluq etdi. Onların bu günahından ötrü Yəhuda ilə Yerusəlim üzərinə qəzəb gəldi». Allahın qəzəbi insanların sədaqətsizliyinə cavabdır. Onlar əsas olanla ikinci dərəcəli olanı, əbədi olanla keçici olanı bir-birindən ayırmağı unutmuşdular. Demək olar ki, həyatın bütün meyarları dəyişmişdi. «padşah Yoaş Zəkəriyyənin də atası Yehoyadanın ona etdiyi xeyirxahlığı yada salmadı və oğlunu öldürdü». İnsan öz yaddaşını itirdikdə, həyatını yalnız ani istəklərin və keçici meyllərin ardınca qurduqda, ən vacib olanı da gözdən qaçırır. Lakin Məzmurun bizə xatırlatdığı kimi, Rəbbin mərhəməti əbədidir. O, insanı günahına görə əsası ilə cəzalandırsa da, Öz məhəbbətini ondan əsirgəməz.

İNCİL Matta 6,24-34

Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz. Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib deyilmi? Göydə uçan quşlara baxın: onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi? Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər? Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir. Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi. Ey imanı az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi? Beləliklə, “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik?” deyə qayğı çəkməyin. Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir!

Təfsir

Dünənki oxunuşda sərvətə bağlılıq və iki ağaya xidmət etməyin mümkünsüzlüyü mövzusuna toxunan İsa bu gün də israrla bizi həyatımızda düzgün nizam yaratmağa və keçici, dəyərsiz şeylərin cazibəsinə aldanmamağa çağırır. Rəbbin şagirdləri Səmavi Ataya etimadda böyüməyə dəvət olunurlar. O Ata ki, Öz övladlarını heç vaxt tərk etmir və onları qayğısız qoymur: «Göydə uçan quşlara baxın: onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi?» Allahı tərk etmək, hər şeydən əvvəl, övladın atasına duyduğu həmin tam və qeyd-şərtsiz etimadı itirmək deməkdir. Əksinə, həqiqi şagird özünü məhz Allahın qayğısına etibar etməyi və özünü Səmavi Ataya təslim etməyi bacardığı ölçüdə göstərir. İsanın Öz həyatında yaşadığı açıqlıq və azadlıq da məhz bundan qaynaqlanırdı. Burada əsas məsələ nəyi tərk etməli olduğumuz deyil, Ata ilə münasibətimizin necə olmasıdır. Həyata istiqamət verən, seçimlərimizə məna qazandıran da məhz bu münasibətdir. Çünki insanın əsas qayəsi «Allahın Padşahlığını və Onun salehliyini» axtarmaq olduqda, qalan hər şey ona əlavə olaraq veriləcəkdir.

19 iyun 2026, 22:49