Liturgiya oxunuşları: 18 İYUN. Adi Dövrün XI həftəsinin cümə axşamı
BİRİNCİ OXUNUŞ 2 Pad 2,1.6-14
Bundan sonra İlyas peyğəmbər alov kimi ortaya çıxdı, sözü çıraq kimi alışırdı. O, xalqın üzərinə qıtlıq gətirdi, Allahın təəssübünü çəkərək xalqından onların sayının azalmasına bais oldu. Rəbbin sözü ilə göyləri bağladı, həm də üç dəfə yerə od endirdi. Ey İlyas, öz möcüzələrinlə necə də izzətli idin! Kim sənin kimi öyünə bilər? Sən Uca Olanın sözü ilə ölünü ölümdən və ölülər diyarından diriltdin. Padşahları həlaka apardın, şöhrətliləri yatağından endirdin. Sina dağında xalqın məzəmmət edilməsini, Xorevdəki cəza hökmlərini eşitdin. Qisas alacaq padşahı, özündən sonra varisin olacaq peyğəmbəri məsh etdin. Od qasırğasında, odlu atlar arabasında yuxarı aparıldın. Sən müəyyən vaxtda xəbərdarlıq üçün təyin edilmisən ki, qəzəbin hiddətə çevrilməsindən qabaq onu dayandırasan, atanın ürəyini oğula tərəf döndərəsən, Yaqubun qəbilələrini yenidən bərpa edəsən. Nə bəxtiyardır səni görənlər və məhəbbətdə uyuyanlar. Qoy biz də o vaxta qədər yaşaya bilək! O vaxt ki İlyas qasırğaya büründü, Elişa onun ruhu ilə doldu. O, öz dövründə heç bir başçının önündə lərzəyə düşmədi, heç kəs ona təzyiq edə bilmədi. Heç bir söz ona çətin gəlmədi, hətta uyuyarkən cismi ilə möcüzə göstərdi. Ömrü boyu möcüzələr etdi, ölərkən etdiyi işlər ecazkar idi. Bütün bunlara baxmayaraq, xalq tövbə etmədi, günahlarından əl çəkmədi. Ta o vaxtacan ki, öz torpaqlarından yığılıb aparıldılar, bütün yer üzünə səpələndilər.
Təfsir
İlyas peyğəmbər haqqında bəhs edən silsiləni başa çatdırdıqdan sonra bugünkü liturgiya diqqətimizi Sirax oğlu Yeşuanın Hikmət Kitabından götürülmüş mətnə yönəldir. Müəllif burada İsrailin atalarını tərifləyir və onların arasında Allahın seçib izzətləndirdiyi alovlu peyğəmbər İlyası da yad edir. Onun həyatı ilahi məhəbbətin alovu ilə əhatə olunmuşdu və məhz həmin məhəbbət onu göylərə yüksəltdi: «Sən od qasırğasında, odlu atlar arabasında yuxarı aparıldın», – deyə Müqəddəs Yazı bildirir. Bu sözlər həm şahidlik, həm təsəlli, həm də çağırış kimi səslənir. Onlar bizi ümidsizliyə qapılmamağa, İlyas kimi yaşamağı öyrənməyə və həyatı ilahi məhəbbət alovu ilə alışıb yanan insanları axtarmağa dəvət edir. Sirax oğlu sözlərini belə yekunlaşdırır: «İlyas qasırğaya büründü, Elişa onun ruhu ilə doldu» və «öz dövründə heç bir başçının önündə lərzəyə düşmədi». Allah Öz xalqını heç vaxt tək qoymur. Məhəbbət peyğəmbərləri bu gün də mövcuddur. Sadəcə onları tanımağı öyrənmək, onların yanında dayanmaq və qəlblərimizin onların vasitəsilə alovlanmasına imkan vermək lazımdır. Onda biz də məzmurçunun sözlərini təkrarlaya biləcəyik: «Ey salehlər, Rəbbdə sevinin!»
İNCİL Matta 6, 7-15
Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər. Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir. Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun, Padşahlığın gəlsin, Göydə olduğu kimi yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver. Bizə borclu olanları bağışladığımız kimi Bizim borclarımızı da bağışla. Bizi sınağa çəkmə, lakin bizi şər olandan xilas et. Çünki padşahlıq, qüdrət və izzət əbədi olaraq Sənindir. Amin”. Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar. Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz.
Təfsir
Bugünkü İncil bizə İsanın öyrətdiyi «Səmavi Atamız» duasını təqdim edir. Bu duadan əvvəl Rəbb bəzi mühüm xəbərdarlıqlar edir. O, xüsusilə dua zamanı çox danışmamağı tövsiyə edir, çünki Səmavi Ata nəyə ehtiyacımız olduğunu biz Ondan istəməmişdən əvvəl bilir. İsa bununla göstərir ki, insan Allahın hüzurunda müxtəlif cür dayana bilər, lakin Allah hər şeydən əvvəl səmimiyyəti və həqiqəti qiymətləndirir. «Səmavi Atamız» duasında Rəbb bizə düşünülmüş, şüurlu və təvazökar duanın nümunəsini verir. Bəzən dualarımıza cavab dərhal gəlmir və ya bizim gözlədiyimiz şəkildə olmur. Lakin ürəyimizdə daşıdığımız heç bir yalvarış Allahın nəzərindən qaçmır. Elişa kimi, biz də həm cəsarətlə diləməyi, həm də səbirlə gözləməyi öyrənməyə çağırılmışıq. Əslində dualarımız Allah üçün deyil. O, onsuz da hər şeyi bilir. Dua daha çox bizim özümüz üçün lazımdır: bizə xatırlatmaq üçün ki, bizi sevən bir Atanın övladlarıyıq və həqiqətən vacib olan şeyləri istəməyi öyrənməliyik. İsa bunu bizə yalnız sözlə öyrətmir, Öz həyatı ilə də nümunə göstərir. O, tez-tez insanlardan uzaqlaşaraq tənha yerlərə çəkilir və gizlilikdə Atasına dua edirdi.