Liturgiya oxunuşları: 15 İYUN. Adi Dövrün XI həftəsinin bazar ertəsi
BİRİNCİ OXUNUŞ 1 Pad 21, 1-16
İzreeldə, Samariya padşahı Axavın sarayının yanında İzreelli Navotun bir üzüm bağı var idi. Bir müddət sonra Axav Navota dedi: «Üzüm bağını mənə ver ki, oranı özüm üçün bostan edim, çünki evimə yaxındır. Mən onun əvəzinə sənə daha yaxşı bağ verərəm ya da istəsən, onun dəyərini sənə pulla ödəyərəm». Navot Axava dedi: «Qoy atalarımın mirasını sənə verməyi Rəbb məndən uzaq etsin!» Axav evinə qaşqabaqlı və dilxor halda qayıtdı, çünki İzreelli Navot ona «atalarımın mirasını sənə vermərəm» demişdi. O, yatağı üzərinə uzanıb üzünü çevirdi və yemək yemədi. Arvadı İzevel yanına gəlib ona dedi: «Niyə qanın qaradır, heç yemək də yemirsən?» O dedi: «Mən İzreelli Navota “üzüm bağını pulla mənə sat ya da istəsən, onun əvəzində sənə başqa üzüm bağı verərəm” söylədim, o isə dedi: “Üzüm bağımı sənə vermərəm”». Arvadı İzevel ona dedi: «İndi İsrail üzərində padşahlıq edən sənsən ya yox? Qalx yemək ye, ürəyini sıxma. İzreelli Navotun üzüm bağını mən sənə verərəm». O, Axavın adından məktublar yazdı və onları Axavın möhürü ilə möhürlədi. Navotun şəhərində onunla birgə yaşayan ağsaqqallara və əyanlara məktublar göndərdi. İzevel məktublarda belə yazdı: «Oruc elan edin və Navotu xalqın arasında yuxarı başda əyləşdirin. İki nəfər yaramaz adamı onun qarşısında oturdun və onlar şahidlik edərək desinlər: “Sən Allahı və padşahı lənətlədin”. Sonra onu bayıra çıxarın və ölənə qədər daşqalaq edin». Navotun yaşadığı şəhərin adamları – orada yaşayan ağsaqqallar və əyanlar İzevelin onlara göndərdiyi məktublarda yazdığı kimi etdilər. Onlar oruc elan etdilər və Navotu xalqın arasında yuxarı başda əyləşdirdilər. İki nəfər yaramaz adam gəlib onun qarşısında oturdu. Onlar xalqın önündə Navota qarşı «Navot Allahı və padşahı lənətlədi» deyə şahidlik etdilər. Sonra onu şəhərin kənarına çıxartdılar və daşqalaq edib öldürdülər. Onlar İzevelə xəbər göndərib dedilər: «Navot daşqalaq olunaraq öldü». İzevel Navotun daşqalaq olunaraq öldüyünü eşidəndə Axava dedi: «Qalx İzreelli Navotun sənə pulla vermək istəmədiyi üzüm bağını özünə mülk götür, çünki Navot sağ deyil, ölüb». Axav İzreelli Navotun öldüyünü eşidəndə onun üzüm bağını özünə mülk götürmək üçün oraya yollandı.
Təfsir
Liturgiyanın buraxdığı və oxumadığı 20-ci fəsildə Axavın Aram (Suriya) padşahı üzərində qələbəsindən bəhs edilir. Lakin Axav bununla kifayətlənmir və məğlub edilmiş xalqların malına sahib olmağı qadağan edən qanunu pozaraq onunla ittifaq bağlayır. Bugünkü mətn isə Axavın əxlaqsızlığını daha aydın şəkildə üzə çıxarır. O, sarayının yaxınlığında yerləşən və Navota məxsus olan üzüm bağını ələ keçirmək istəyir: «Üzüm bağını mənə ver ki, oranı özüm üçün bostan edim, çünki evimə yaxındır. Mən onun əvəzinə sənə daha yaxşı bağ verərəm ya da istəsən, onun dəyərini sənə pulla ödəyərəm». Lakin Navot cavab verir: «Qoy atalarımın mirasını sənə verməyi Rəbb məndən uzaq etsin!». Bu rədd cavabı Axavı dərin məyusluğa salır. O, evinə qəmgin və narazı qayıdır, baş verənlə barışa bilmir. Məhz həmin anda onun narazılığını görən İzevel hadisələrə müdaxilə edir. Hiyləgər bir plan quran mələkə Axavın adından məktublar yazır, onları padşahın möhürü ilə təsdiqləyir və şəhərin ağsaqqallarına göndərir. Məktublarda Navotun mühakimə olunması, ona qarşı yalançı şahidlərin çıxarılması və nəticədə daşqalaq edilərək öldürülməsi əmr olunur. Axavın ən böyük günahı təkcə üzüm bağını mənimsəmək istəyi deyildi. Onun əsas günahı İzevelin pis niyyətinə və qəzəbinə öz qəlbində yer verməsi idi. O, zəif, iradəsiz və məsuliyyətdən qaçan bir hökmdar olduğunu göstərdi. Çünki pis düşüncələr məhz qəlbdən çıxır. Gəlin Allaha dua edək ki, şər heç vaxt bizə hakim olmasın, xüsusilə də mərhəmət və xeyirxahlıq pərdəsi altında gizləndiyi zaman.
İNCİL Мф 5, 38-42
“Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir. Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver. Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get. Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma.
Təfsir
Matta İncilinin beşinci fəslinə davam edirik. Bu gün Müqəddəs Yazıda «gözə göz, dişə diş» qanununun yer almasına təəccüblənə bilərik. Lakin həmin dövrdə hətta qisasın məhdudlaşdırılması belə zorakılığın nəzarətsiz şəkildə artmasının qarşısını almağa yönəlmiş mühüm bir addım idi. İsa isə bu qanunun da fövqünə qalxaraq belə deyir: «Əgər biri sənin sağ üzünə vursa, o birisini də ona çevir». Bu, şagirdə öz daxili azadlığını qorumağa imkan verən bir yoldur. Beləliklə, insan başqasının öz qəzəbinin və kin-küdurətinin əsirinə çevrilməsinə şərik olmur. Birinci oxunuşun mətnini yenidən xatırlamaq kifayətdir. O biri yanağı çevirmək, köynəyi vermək, min addım yol yerinə iki min addım yol getmək – bütün bunlar qisas almaq meylini cilovlamağın yollarıdır. Başqa sözlə desək, İsa zorakılığın «bolluğuna» məhəbbətin «bolluğu» ilə cavab verməyi təklif edir. Lakin bu «bolluq» təkcə insan gücünə söykənmir. O, Allahın bəxş etdiyi bir hədiyyədir. Buna görə də biz bu lütfü Rəbdən diləməli və daim onun içində yaşamağa çalışmalıyıq.