2020.06.18 Vangelo del giorno Padre nostro Gesu insegna discepoli

Liturgiya oxunuşları: 14 İYUN. Adi Dövrün XI Rəbb günü

“Kilsənin və dünyanın ehtiyacı imanlarını zahiri etiket kimi nümayiş etdirən dini vəzifə icraçılarına deyil, missionerlik sahəsində çalışmağa can atan, harada fəaliyyət göstərmələrinə baxmayaraq Allahın Padşahlığına şahidlik edən Məsihə vurğun şagirdlərədir” (Papa XIV Leo).

BİRİNCİ OXUNUŞ Çıx 19,2-6a

Onlar Refidimdən köçüb Sina səhrasına gəldilər. O səhrada İsrail övladları dağın qarşısında düşərgə saldılar. Musa isə dağa – Allahın hüzuruna çıxdı. Rəbb onu dağdan çağırıb dedi: «Yaqub nəslinə, İsrail övladlarına belə söylə: “Misirlilərə nələr etdiyimi, sizi qartal qanadlarında daşıdığım kimi yanıma gətirdiyimi siz özünüz gördünüz. İndi isə əgər sözümə diqqətlə qulaq asıb əhdimə riayət etsəniz, siz bütün xalqlar arasından Mənə məxsus xalq olacaqsınız. Bütün yer üzü Mənimdir; siz isə Mənə xidmət edən kahinlər padşahlığı, müqəddəs millət olacaqsınız”

Təfsir

Musa Sina dağına qalxır və Allah ona İsrail xalqına səhrada onlar üçün gördüyü işləri xatırlatmağı tapşırır: «Misirlilərə nələr etdiyimi, sizi qartal qanadlarında daşıdığım kimi yanıma gətirdiyimi siz özünüz gördünüz». Azadlıq və xilas Allahın əməlidir. Məhz bu həqiqət bugünkü oxunuşun əsasını təşkil edir. Bu əsas üzərində insanın Allaha cavab verməyə çağırışı yüksəlir: «İndi isə əgər sözümə diqqətlə qulaq asıb əhdimə riayət etsəniz, siz bütün xalqlar arasından Mənə məxsus xalq olacaqsınız». Bu çağırış böyük bir vədlə müşayiət olunur: «siz isə Mənə xidmət edən kahinlər padşahlığı olacaqsınız». Allah xalqı əsarətdən qurtardı. Bu xalq dəfələrlə Onun qüdrətli işləri qarşısında heyrət və qorxu içində qalmışdı. «Sizi qartal qanadlarında daşıdım» ifadəsi isə Allahın necə azadlıq bəxş edən və qayğı göstərən bir məhəbbətlə fəaliyyət göstərdiyini aydın şəkildə göstərir. Lakin indi qərar verməli olan xalqın özüdür: Allahın ardınca getmək, ya da getməmək. Bu seçim insanın öz gücünə deyil, Allahın onu seçərək kahin xalqı etməsi həqiqətinə əsaslanmalıdır. Bu mövzu İncildə daha da inkişaf edəcək.

İKİNCİ OXUNUŞ Rom 5,6-11

Biz hələ gücsüz ikən Məsih müəyyən zamanda allahsız adamların uğrunda öldü. Saleh bir adam uğrunda kiminsə ölməsi çətin işdir; bəlkə də yaxşı bir adam uğrunda kimsə ölməyə cəsarət edər. Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü. Beləcə Onun qanı ilə indi saleh sayıldığımıza görə Onun vasitəsilə də Allahın qəzəbindən mütləq xilas olacağıq. Əgər biz Allahın düşməni olduğumuz vaxt Onun Oğlunun ölməsi ilə Allahla barışdıqsa, barışdıqdan sonra Onun həyatı vasitəsilə daha qəti olaraq xilas olacağıq. Yalnız bununla deyil, Rəbbimiz İsa Məsih vasitəsilə Allahla da fəxr edirik ki, indi Onun vasitəsilə Allahla barışığa nail olmuşuq.

Təfsir

Həvari Paul Romadakı imanlılara xatırladır ki, Məsih mömin və saleh insanlar üçün deyil, günahkarlar naminə Öz həyatını qurban verdi: « Biz hələ gücsüz ikən Məsih müəyyən zamanda allahsız adamların uğrunda öldü». Bu sözlər bizə göstərir ki, Allahla barışıq Məsihin xilasedici ölümü vasitəsilə baş vermişdir. Lakin xilasın tamlığı və son qələbəsi Onun həyatı ilə baş verəcək. Məhz buna görə xristian İsa Məsihlə fəxr edə bilər, çünki insan məhz Onda Allahla barışır. Eyni zamanda mömin tam əminliklə yaşaya bilər ki, bizim xilasımız haqqında son və həlledici söz artıq deyilmişdir: İsa bizim uğrumuzda öldü. Buna görə də səmavi həyata olan ümidimiz sarsılmazdır. Çünki bu ümid öz gücünü insanın xidmətlərindən deyil, Məsihin məhəbbətindən və Onun bizim üçün verdiyi qurbanından alır.

İNCİL Matta  9, 36-10,8

Lakin izdihamı görəndə İsanın onlara rəhmi gəldi, çünki çobansız qoyunlar kimi taqətsiz və çarəsiz idilər. O zaman İsa şagirdlərinə dedi: «Məhsul çoxdur, işçilərsə azdır. Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin». İsa On İki şagirdini yanına çağırıb onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi ki, bunları qovsunlar, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa versinlər. Bu On İki həvarinin adları belədir: birincisi Peter adlanan Şimon və onun qardaşı Andrey, Zavday oğlu Yaqub və qardaşı Yəhya, Filip və Bartalmay, Tomas və vergiyığan Matta, Halfay oğlu Yaqub və Tadday, Kənançı Şimon və İsaya xəyanət edən Yəhuda İskaryot. İsa həmin on iki nəfəri belə əmrlə göndərdi: «Başqa millətlərin arasına getməyin və Samariyalıların heç bir şəhərinə girməyin, amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin. *Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin. Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin.

Təfsir

Necə ki, Allah səhrada Öz ətrafına bir xalq toplamışdı (birinci oxunuş), indi də İsa Öz ətrafına həvariləri toplayır və onları Öz missiyasına şərik edir: «Məhsul çoxdur, işçilərsə azdır. Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin». İsanı bu çağırışa sövq edən ilk növbədə insanların aclığı və ya xəstəlikləri deyildi, çobanı olmayan qoyunlar kimi yorğun, pərişan və dağılmış vəziyyətdə olan insanlara olan dərin mərhəmət hissi idi. Əslində xalqın rəhbərləri var idi: kahinlər, ilahiyyatçılar və fariseylər. Lakin onlar xalqın rifahını deyil, daha çox öz mənafelərini düşünürdülər. Buna görə də İsa xalqın qayğısını Öz üzərinə götürmək qərarına gəlir və başqalarının da Onun nümunəsini izləməsi üçün dua etməyə çağırır. Bu yolun ilk yolçuları On İki Həvari olur. Lakin bu xidmət yalnız həvarilərlə məhdudlaşmır. Allahın bütün xalqı, hər kəs özünəməxsus çağırışına uyğun olaraq, «kahin xalqı» olmağa dəvət olunur. Heç kəs həyat yolunda rastlaşdığı insana laqeyd qala bilməz. Hər bir mömin Allahın mərhəmətinin və qayğısının şahidi olmağa, başqalarının yükünü daşımağa və onları Məsihə doğru yönəltməyə çağırılmışdır.

13 iyun 2026, 14:44