Liturgiya oxunuşları: 13 İYUN. Məryəmin Pak Qəlbi
Mənim Pak Qəlbim zəfər çalacaq
Müqəddəs Məryəmin Pak Qəlbi saflığın, məhəbbətin və Allahın iradəsinə tam itaətin rəmzidir. İsanın Əqdəs Qəlbi bayramından dərhal sonra qeyd olunan bu liturgik gündə biz bu lütf sirrinin dərinliyinə nüfuz etməyə və Məryəmin daxili aləmi üzərində düşünməyə dəvət olunuruq. Məryəmin Qəlbi sadəcə bədən üzvü deyil. O, insan şəxsiyyətinin bütün bütövlüyünü – ruh və bədənin vəhdətini ifadə edir. Bu Qəlb insan varlığının mərkəzi, məhəbbətin məskəni, iradənin, qərarların, seçimlərin və onlardan irəli gələn öhdəliklərin qaynaqlandığı yerdir. Bu ən pak Qəlb İsanın həyatının bütün sirlərini və Onun təlimini özündə qoruyan bir əhd sandığıdır. Çünki Müqəddəs Yazıda deyildiyi kimi, Məryəm bütün bu sözləri qəlbində saxlayıb onların üzərində düşünürdü (bax: Luka 2,19; 2,51). Bu bayram günündə biz Müqəddəs Ruhun məbədi və Kilsənin surəti olan Məryəmin Qəlbinə nəzər salırıq. Ümidimizi Ona bağlayırıq və Fatimada verilmiş, bütün bəşəriyyət üçün ümid nəğməsi kimi səslənən vədi xatırlayırıq: «Mənim Pak Qəlbim zəfər çalacaq». 1944-cü ildə Papa XII Pius bu bayramı bütün Ümumdünya Kilsəsi üçün təsis etdi. Bu qərar onun 1942-ci ildə dünyanı Məryəmin Pak Qəlbinə həsr etməsinin daimi xatirəsi kimi qəbul olundu.
BİRİNCİ OXUNUŞ Yeşaya 61, 9-11
Nəsillərindən törəyənlər millətlər içində, övladları xalqlar arasında tanınacaq. Onları görən hər kəs biləcək ki, Rəbb nəsillərinə xeyir-dua verdi. Rəbdə böyük sevinc tapacağam, Allahımda ürəyim şadlıqdan coşacaq, çünki çələnglə bəzənmiş bəy kimi, bər-bəzək taxmış gəlin kimi mənə qurtuluş paltarı geyindirdi, salehlik libası ilə bürüdü. Torpaq zoğlarını necə cücərdirsə, bağ əkilən toxumları necə yetişdirirsə, Xudavənd Rəbb də bütün millətlər qarşısında salehliyi və həmdi belə yetişdirəcək.
Təfsir
Dünən liturgiya bizi nəzərlərimizi İsanın Əqdəs Qəlbinə yönəltməyə və qəlbimizi Onda möhkəmləndirməyə çağırırdı. Bu gün isə eyni dəvət Məryəmin Pak Qəlbi ilə bağlıdır. Bu, həmin o Qəlbdir ki, lap əvvəldən mələyin gətirdiyi xəbərə imanla etibar etdi və «bəli» dedi. Bu, Allahın Kəlamını, onu dərhal və tam başa düşmək çətin olsa belə, qoruyan və onun üzərində düşünən Qəlbdir. Bu, Oğlunun əzabları qarşısında kədər qılıncı ilə deşilməsinə izin verən Qəlbdir. Biz Məryəmin Pak Qəlbini seyr etməyə çağırılırıq. Elə bir Qəlbi ki, peyğəmbər Yeşayanın sözlərini nəğmə kimi dilə gətirmişdi: «Rəbdə böyük sevinc tapacağam, Allahımda ürəyim şadlıqdan coşacaq, çünki mənə qurtuluş paltarı geyindirdi, salehlik libası ilə bürüdü ». Bu gün xatirəsini qeyd etdiyimiz Müqəddəs Padualı Antoniy Məryəmin Pak Qəlbini məhz belə seyr etməyi bacarırdı. Onun gözəl dualarında və saysız-hesabsız məhəbbət əməllərində Allahla dolu bir qəlbin səsi eşidilir.
İNCİL Luka 2,41-51
Hər il İsanın ata-anası Pasxa bayramında Yerusəlimə gedərdi. İsanın on iki yaşı tamam olanda onlar bayram adətinə görə yenə ora getdilər. Bayram qurtarandan sonra onlar evə yollandılar. Amma yeniyetmə İsa Yerusəlimdə qaldı, onun ata-anasının isə bundan xəbəri yox idi. Onlar İsanın səyyahlar dəstəsi içində getdiyini düşünürdülər. Amma bir günlük yolu gedəndən sonra Onu dostların və qohumların arasında axtarmağa başladılar. Onu tapmadılar və axtara-axtara Yerusəlimə qayıtdılar. Üç gündən sonra Onu məbəddə tapdılar. İsa müəllimlər arasında oturmuşdu və onlara qulaq asır, suallar verirdi. Onu dinləyən hər kəs Onun zəkasına və verdiyi cavablara mat qalırdı. Ata-anası Onu görüb təəccübləndi. İsanın anası Ona dedi: «Oğlum, bu nədir başımıza gətirdin? Atanla mən nigaran qalıb səni axtarırdıq». İsa onlara cavab verdi: «Məni nə üçün axtarırdınız? Məgər bilmirdiniz ki, Mən Atamın evində olmalıyam?» Amma onlar Onun nə demək istədiyini başa düşmədilər. Sonra İsa ata-anası ilə Nazaretə qayıtdı. O, ata-anasına itaətli idi. Onun anası isə bütün bu şeyləri öz ürəyində saxlayırdı.
Təfsir
Lukanın nəql etdiyi bu hadisə bizə İsanın valideynlərinin yaşadığı narahatlığı göstərir. Onlar başa düşdükdə ki, İsa yol yoldaşlarının arasında deyil, dərin nigarançılıq keçirdilər. Daha əvvəl qeyd etdiyimiz kimi, Məryəmin (və Yusifin) Pak Qəlbi Oğuldan ayrı qalmağın ağrısını yaşamış bir qəlbdir. Bu elə bir qəlbdir ki, Allahın zamanının, Onun yollarının və prioritetlərinin insanın gözləntilərindən fərqli olduğunu öyrənməli olmuşdur. Anlamaq üçün zaman lazımdır. Qəbul etmək üçün zaman lazımdır. Allahın ardınca getməyi öyrənmək üçün də zaman lazımdır.Məryəm və Yusif İsanı axtarmağı öyrənməli idilər, lakin heç vaxt Ona sahib kimi yanaşa bilməzdilər. Çünki O, onlara məxsus deyildi. O, Ataya məxsus idi. Məryəmin Pak Qəlbi hər birimiz üçün öz qəlbimizi tərbiyə etməyin məktəbinə çevrilə bilər. Bu məktəb bizə Allahın gözləntilərinə cavab verməyi öyrədir, baxmayaraq ki, bu gözləntilər çox vaxt bizim planlarımızdan və arzularımızdan tamamilə fərqli olur. İsanın sözləri bunu açıq şəkildə ifadə edir: «Məni nə üçün axtarırdınız? Məgər bilmirdiniz ki, Mən Atamın evində olmalıyam?» Biz də neçə dəfə Məryəm və Yusif kimi bu sözlərin qarşısında çaşqınlıq və anlaşılmazlıq yaşayacağıq. Lakin Məryəm bu məsələdə də bizə yol göstərir. O, öyrədir ki, hər şeyi dərhal anlamaq mümkün deyil. Ancaq insan Allahın sözünü qəlbində qorumağı öyrənərsə, zamanla hər şey öz mənasını tapacaq. Müqəddəs Yazı da bunu təsdiqləyir: «Anası bütün bu sözləri qəlbində saxlayırdı». Gəlin bu gün öz kədərlərimizi, narahatlıqlarımızı və anlamadığımız hər şeyi Məryəmin Pak Qəlbinə etibar edək. Çünki Ananın qəlbi övladlarının qəlbini anlayır.