Axtar

Sacratissimo Cuore di Gesù

Liturgiya oxunuşları: 12 İYUN. İsanın Əqdəs Qəlbi

«Məndən öyrənin. Çünki Mən həlim və qəlbən təvəzökaram». Görünür, Rəbb İsa yalnız bir dəfə Öz sözlərində birbaşa Öz Qəlbinə işarə etmişdir. Və məhz bir xüsusiyyəti vurğulamışdır: həlimlik və təvəzökarlıq. Sanki demək istəyirdi ki, O, insanın qəlbini yalnız bu yolla fəth etmək istəyir; O, məhz həlimlik və təvazökarlıq vasitəsilə qəlblərin Padşahı olmaq istəyir. Onun hökmranlığının bütün sirri bu sözlərdə ifadə olunmuşdur» (Müq. II İoann Pavel).

Sonsuz mərhəmətin sirri

İsanın Əqdəs Qəlbinə ehtiramın kökləri orta əsrlərin sonlarına gedib çıxır. Bu ehtiram Məsihin insan təbiətinin və Onun xilasedici missiyasının mənası haqqında dərin düşüncələrdən doğmuşdur. Müqəddəs Bernard yazırdı: «Onun Qəlbinin sirri Bədəninin yaralarında bütün aydınlığı ilə üzə çıxır; burada Onun sonsuz mərhəmətinin sirri görünür». Bu ibadət forması sonralar Müqəddəs Marqarita Mariya Alakoka (1647–1690) verilən vəhylərin təsiri ilə daha aydın və sistemli şəkil aldı. Xilaskarın Qəlbi burada Məsihin insanlara bəxş etdiyi və aşkar etdiyi məhəbbətin rəmzi kimi təqdim olunur və İsanın kamil özünübəxşişini xatırladır: «Budur, insanları bu qədər sevmiş Qəlb; lakin əvəzində nə qədər az məhəbbət görür». Əqdəs Qəlbə ehtiram xüsusilə günahların kəffarəsi və Allahla barışıq niyyəti ilə edilən dua və ibadətlər üzərində cəmlənir. Bu gün eyni zamanda keşişlərin müqəddəsliyi üçün Ümumdünya Dua Günü də qeyd olunur. Bu ehtiyacı yalnız keşişlərin özləri deyil, həm də onlarda «şüurlu və ya şüursuz şəkildə Allah adamını, məsləhətçini, sülh vasitəçisini, sadiq və müdrik dostu, həyatın ən çətin anlarında təsəlli və əminlik tapmaq üçün özünü etibar edə biləcəyi rəhbəri» axtaran möminlər də dərindən hiss edirlər (Keşişlərin xidməti və həyatı haqqında Təlimat, 50).

BİRİNCİ OXUNUŞ Qan 7,6-11

Çünki siz Allahınız Rəbbin müqəddəs xalqısınız. O sizi yer üzündəki bütün xalqlar içərisindən Özünə məxsus xalq olaraq seçdi. Rəbbin sizi sevməsi, seçməsi o biri xalqlardan daha çox olduğunuz üçün deyil. Həqiqətən, siz onlardan azsınız.Rəbb sizi sevdiyi və atalarınıza verdiyi vədi yerinə yetirmək istədiyi üçün qüdrətli əli ilə sizi Misirdən çıxartdı. O sizi köləlik diyarından, Misir padşahı firondan satın aldı. Bilin ki, Allahınız Rəbb əsl Allahdır. O, vəfalı Allahdır. Əhdinə sadiq qalıb Onu sevənlərin, əmrlərini yerinə yetirənlərin minlərlə nəslinə məhəbbətini göstərər. Ona nifrət edənləri isə qisas alaraq məhv edəcək. Onlardan qisasını almağa gecikməyəcək, bunu mütləq edəcək. Ona görə sizə bu gün buyurduğum əmrləri, qaydaları və hökmləri diqqətlə yerinə yetirin. Əgər bu əmrlərə qulaq asıb diqqətlə əməl edəcəksinizsə, Allahınız Rəbb ata-babalarınıza etdiyi anda sadiq qalıb məhəbbətini göstərəcək.

Təfsir

Bu gün İsanın Əqdəs Qəlbi bayramını, eyni zamanda kahinlərin müqəddəsliyi uğrunda Ümumdünya Dua Gününü qeyd edirik. Bu bayram son həftələrdə keçdiyimiz liturgik yolun təbii davamı kimi qarşımıza çıxır. Pasxa dövrünün başa çatmasından sonra Adi Dövrün yenidən başlanmasın Əqdəs Üçlük bayramı ilə qeyd etdik. Bu bayram Adventdən Pentikosta qədər uzanan xilas tarixinin bir növ yekunu və ümumiləşdirilməsi idi. Daha sonra Məsihin Əqdəs Bədəni və Qanı bayramı üzərində düşünərək dərk etdik ki, bəzən bizə uzaq görünən Üçlükdə Bir olan Allahı əslində çox yaxındır. O, Yevxaristiyada bizimlədir. Əslində Yevxaristiya bizi bu gün qeyd etdiyimiz İsanın Əqdəs Qəlbinin sirrinə aparır. Bu bayram bizi qəlbə nəzər salmağa və iman yolumuza məhz qəlbdən başlamağa çağırır. Çünki iman həyatımızın təməlində dəyişməz bir həqiqət dayanır: Allahın bizi seçən və sevən məhəbbəti. Birinci oxunuşda eşitdiyimiz kimi: «Siz Allahınız Rəbbin müqəddəs xalqısınız. O sizi yer üzündəki bütün xalqlar içərisindən Özünə məxsus xalq olaraq seçdi». Deməli, biz öz xidmətlərimizə və ya üstünlüklərimizə görə deyil, Allahın məhəbbətinə görə seçilmişik. Bu səbəbdən də möhkəm əminliklə bugünkü Məzmurun sözlərini təkrarlaya bilərik: Rəbbin mərhəməti əbədidir.

İKİNCİ OXUNUŞ 1 Yəh 4,7-16

Ey sevimlilər, bir-birimizi sevək, çünki məhəbbət Allahdandır. Sevən hər kəs də Allahdan doğulub və Allahı tanıyır. Sevməyən kəs Allahı tanımır, çünki Allah məhəbbətdir. Allahın bizə olan məhəbbəti belə zahir oldu: Allah Öz vahid Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə yaşayaq. Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi. Ey sevimlilər, Allah bizi bu cür sevdiyi üçün biz də gərək bir-birimizi sevək. Allahı heç kim heç zaman görməyib. Əgər biz bir-birimizi sevsək, Allah bizdə qalır və Onun məhəbbəti bizdə kamil olur. Bizim Onda, Onun da bizdə qaldığını bundan bilirik ki, O bizə Öz Ruhundan verib. Biz görüb şahidlik edirik ki, Ata Oğlunu dünyanın Xilaskarı olaraq göndərdi. Kim iqrar edir ki, İsa Allahın Oğludur, Allah onda, o da Allahda qalır. Biz Allahın bizə olan məhəbbətini anlayıb buna inandıq. Allah məhəbbətdir. Kim məhəbbətdə qalarsa, Allahda qalar, Allah da onda qalar.

Təfsir

Qanunun Təkrarı kitabının bizə xatırlatdığı kimi, Allah bizi məhəbbətlə seçdiyinə görə, biz də məhəbbətlə yaşamağa çağırılmışıq Həvari Yəhya yazır: «bir-birimizi sevək, çünki məhəbbət Allahdandır. Allah bizi bu cür sevdiyi üçün biz də gərək bir-birimizi sevək». Bizi Rəbb Allaha bağlayan məhəbbət insanı məcbur etmir, onu əsarət altına salmır. Əksinə, azad edir və həqiqi azadlığa aparır. Biz məhz bu məhəbbət vasitəsilə Allahın Qəlbinin ən dərin sirrini dərk edə bilərik: «Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi». Biz sevilmişik. Biz xilas edilmişik. Buna görə də İsanın Əqdəs Qəlbinə ehtiram sadəcə duyğular və hisslər məsələsi deyil. Bu, heç bir sərhəd tanımayan, özünü tamamilə bəxş edən ilahi məhəbbətin təcəssümüdür. Hamı üçün. Heç kimi istisna etmədən. Qoy bu gün hər bir insan özünü bu məhəbbətin əhatəsində hiss etsin. Qoy hər kəs Məsihin Qəlbində öz yerini tapsın və Onun sonsuz məhəbbətinin bizə yaxın olduğunu bir daha dərk etsin.

İNCİL Matta 11,25-30

O vaxt İsa davam edərək dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin. Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi. Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulu Atadan başqa heç kəs tanımaz. Atanı da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs tanımaz. Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm. Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız. Çünki Mənim boyunduruğum rahat və yüküm yüngüldür».

Təfsir

«Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm». Məsihin Qəlbi bizim qəlbimizin yorğunluğunu, narahatlığını və qorxularını yaxşı bilir. O görür ki, bəzən Onun əmrlərinə kifayət qədər ciddi yanaşmır, həyatımızla bağlı qərarları səthi və düşünülməmiş şəkildə veririk. Lakin İsa buna görə bizdən uzaqlaşmır. O bizi Özünə çəkir, bizdən nə utanır, nə də bizdən üz döndərir. Əksinə, bizi yenidən Öz yanına  - bizi həyata gətirən və mərhəmətli məhəbbəti ilə daim yeniləyən Qəlbinə qayıtmağa dəvət edir. İsanın Qəlbi bizə bütün həqiqəti ilə açılır və eyni zamanda bizə də olduğumuz kimi, bütün zəifliklərimiz və ehtiyaclarımızla Onun hüzuruna gəlməyə imkan verir. Çünki biz Ona möhtacıq. Rəbbin vəd etdiyi «yüngüllük» məsuliyyətsizlik və ya laqeydlik demək deyil. Bu, həyatımızın bütün qayğılarını Ona etibar etməyi öyrənmək deməkdir. O zaman Onun «boyunduruğunu», yəni İncilə uyğun yaşamağa çağırışını ağır yük və ya məcburiyyət kimi deyil, sevinc və həqiqi azadlıq yolu kimi qəbul edəcəyik. Belə olduqda əvvəllər çətin, hətta dözülməz görünən şeylər başqa məna qazanır. İsa ilə birlikdə olmaq və Onun ardınca getmək qəlbimiz üçün sevinc mənbəyinə çevrilir. Çünki biz Onun Müqəddəs Qəlbindən doğulmuşuq və həmin Qəlbin məhəbbəti ilə qorunub saxlanılırıq.

12 iyun 2026, 08:12