Axtar

Müq. Barnaba, həvari Müq. Barnaba, həvari 

Liturgiya oxunuşları: 11 İYUN. Müq. Barnaba, həvari

“İsa Öz vəzinə Allahın Padşahlığının, yəni Onun məhəbbət hökmranlığının yaxınlaşdığını, artıq aramızda olduğunu elan etməklə başladı. Bu, digər xəbərlərdən biri deyil, insan həyatı üçün əsas əhəmiyyət daşıyan bir həqiqətdir. Əgər Göylərin Allahı bizə yaxındırsa, deməli, biz yer üzündə tək deyilik və çətinliklər içində belə ümidimizi itirmirik. Allah bizdən uzaqlaşmayıb....yıxıldığımız və ayağa qalxmaqda çəkdiyimiz anlarda belə, O, həmişə əlimizdən tutur” (Papa Fransisk).

Bağışlamaq və yenidən başlamaq

Müqəddəs Həvari Barnabanın əsl adı Yusif idi. O, gözəl Kipr adasından olan levili idi. Hələ gənc yaşlarından taleyi görkəmli şəxsiyyətlərlə kəsişmişdi. On iki yaşında təhsil almaq üçün Yerusəlimə göndərilən Yusif Qamalielin məktəbində oxumuş, burada öz həmyaşıdları Stefan və Şaulla dərin dostluq münasibətləri qurmuşdu. Sonralar bu üç gəncin hər biri İsa Məsih və yeni yaranmaqda olan Kilsə uğrunda şəhidlik tacına layiq görüləcəkdi. Yusif ilk xristian icmasının ən səxavətli üzvlərindən biri oldu. İsanın möcüzələrinin şahidi olduqdan sonra Onun şagirdlərinə qoşuldu, torpağını satdı və əldə etdiyi bütün pulu həvarilərin ayaqları altına qoydu. Buna görə də ona «Barnaba» adı verildi ki, bu da «Təsəlli oğlu» və ya «Peyğəmbərlik oğlu» mənasını daşıyır. «Müqəddəs Ruh və imanla dolu xeyirxah bir insan» (Həv. 11,24) olan Barnaba Antakyaya göndərildi. O, burada çoxlu insanların Məsihə üz tutduğunu görərək sevindi və hamını «səmimi qəlblə Rəbbə bağlı qalmağa» çağırdı. Onun təvazökarlığını və uzaqgörənliyini göstərən mühüm addımlardan biri də Şaulu axtarmaq üçün Tarsa getməsi oldu. Barnaba onu Antakyaya gətirdi və onlar uzun müddət birlikdə yerli icmanı öyrətdilər. Məhz burada İsanın davamçıları ilk dəfə «xristianlar» adlandırıldılar. Barnabanın mərhəmətli qəlbi sonralar Paul ilə Markın taleyi ilə bağlı ciddi fikir ayrılığına səbəb oldu. İkinci missioner səfərinə hazırlaşarkən Barnaba Markın da onlarla getməsini istəyirdi. Paul isə buna qarşı çıxırdı, çünki əvvəlki səfər zamanı Mark onları yarı yolda tərk etmişdi. Bu hadisə bizə xatırladır ki, müqəddəslik yalnız qüsursuz olmaqdan ibarət deyil. Müqəddəslik həm də bağışlamaq və yenidən başlamaq bacarığıdır. Həqiqətən də sonralar Paul Mark barədə fikrini dəyişdi. Roma Papası XVI Benedikt bu barədə belə deyirdi: «Deməli, müqəddəslər arasında da fikir ayrılıqları, mübahisələr və qarşıdurmalar olur. Bu isə mənə böyük təsəlli verir. Çünki görürük ki, müqəddəslər “göydən düşməyiblər”. Onlar da bizim kimi insanlardır və bəzən mürəkkəb problemlərlə üzləşirlər. Müqəddəslik heç vaxt səhv etməmək və ya günaha düşməmək demək deyil. Müqəddəslik insanın dönə-dönə tövbə etməsində, yenidən başlamağa hazır olmasında və hər şeydən əvvəl, barışmaq və bağışlamaq qabiliyyətində böyüyür». Barnaba İtaliyaya qədər uzanan missionerlik fəaliyyətindən sonra Salamin şəhərində Məsih uğrunda həyatını qurban verdi. Burada yəhudilər onu daşqalaq edərək öldürdülər. Bu gün Salamin şəhərində Barnabanın məzarı yerləşir. Rəvayətə görə, V əsrin sonlarında o, yuxuda yerli yepiskop Antemiyə görünərək məzarının yerini ona özü göstərmişdir.

BİRİNCİ OXUNUŞ Həv 11, 21-26; 13, 1-3

Rəbbin əli onların üzərində idi və bunun nəticəsində xeyli insan iman gətirib Rəbbə tərəf döndü. Bunların xəbəri Yerusəlimdəki cəmiyyətə çatdı və Barnabanı Antakyaya göndərdilər. O oraya çatanda Allahın lütfünün bəhrəsini görüb sevindi. O hamını həvəsləndirirdi ki, can-dildən Rəbbə bağlı qalsınlar. Çünki özü Müqəddəs Ruhla və imanla dolu, xeyirxah bir kişi idi. Bunun nəticəsində də böyük bir kütlə Rəbbə iman gətirdi. Sonra Barnaba Tarsusa gedib Şaulu axtardı. Onu tapan kimi Antakyaya gətirdi. Bir il ərzində oradakı imanlılar cəmiyyətinə qoşulub bir yerdə yığılaraq böyük bir kütləyə təlim öyrədirdi. Şagirdlər ilk dəfə olaraq Antakyada məsihçi adlandırıldı. Antakyadakı cəmiyyətdə peyğəmbərlər və müəllimlər var idi: Barnaba, Niger adlanan Şimeon, Kirenalı Luki, hökmdar Hirodun süd qardaşı Menaxem və Şaul. Bu adamlar Rəbbə xidmət edib oruc tutarkən Müqəddəs Ruh onlara dedi: «Barnaba ilə Şaulu Mənim tapşırdığım iş üçün ayırın». Beləliklə, oruc tutub dua etdikdən sonra Barnaba ilə Şaulun üzərinə əllərini qoydular və onları yola saldılar.

Təfsir

Bu gün biz ilk xristian icmasının ən nüfuzlu üzvlərindən biri olan Müqəddəs Barnabanın xatirəsini qeyd edirik. O, On İki Həvaridən biri olmasa da, ilkin Kilsədəki müstəsna nüfuzu və xidmətinə görə «həvari» adlandırılır. Dəməşq yolunda baş vermiş dönüşündən sonra bir çoxları Paula şübhə ilə yanaşarkən, Barnaba ona ilk olaraq əl uzadan, onu icmaya qəbul edən və sonradan müjdələmə fəaliyyətində onun ən yaxın əməkdaşlarından birinə çevrilən şəxs oldu. Həvarilərin İşləri kitabında oxuyuruq ki, Antakyaya gələn Barnaba «Allahın lütfünü gördü, sevindi və hamını səmimi qəlblə Rəbbə bağlı qalmağa çağırdı. Çünki o, Müqəddəs Ruh və imanla dolu xeyirxah bir insan idi». Bundan sonra Barnaba Şaulu tapmaq üçün Tarsa yollandı. Onu tapdıqdan sonra Antakya icmasına gətirdi və onlar bir il ərzində birlikdə burada xidmət edərək İsa Məsih haqqında Müjdəni yaydılar. Məhz burada şagirdlər ilk dəfə «xristianlar» adlandırıldılar. Allah Öz Kəlamını Antakyanın hüdudlarından kənara çatdırmaq üçün Paveli və Barnabanı seçdi. Bu gün Barnabanın həyat nümunəsindən qüvvə və ilham alaraq, gəlin Allahdan diləyək ki, bugünkü Məzmurun sözləri həyatımızda gerçəyə çevrilsin: «Qardaşlarıma Rəbbin xilasını bəyan edəcəyəm».

İNCİL Matta 10,7-13

Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin. Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin. Qurşağınızda nə qızıl, nə gümüş, nə də mis götürün. Yol üçün nə torba, nə iki köynək, nə çarıq, nə də əsa götürün. Çünki işçi öz azuqəsinə layiqdir. Hansı şəhərə ya kəndə girsəniz, orada ləyaqətli kimdirsə, axtarın və yola çıxanacan onun evində qalın. O evə girərkən ev sakinlərini salamlayın. Əgər ev layiqdirsə, əmin-amanlığınız onun üzərinə gəlsin; layiq deyilsə, əmin-amanlığınız özünüzə qayıtsın.

Təfsir

Birinci oxunuş bizə Müqəddəs Barnabanın şəxsiyyətini daha yaxından tanımağa və onun xidmətinin dəyərini daha dərindən anlamağa imkan verdi. Müjdə isə Barnabanın bütün həyatı boyu sədaqətlə yaşadığı prinsipləri açıqlayır: «Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin. Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin». İsa həvarilərinə xatırladır ki, onlar həqiqətin sahibi deyil, yalnız onun xidmətçiləridirlər. Həqiqət Allaha məxsusdur və buna görə də onu səxavətlə, qarşılıq gözləmədən və əsirgəmədən bölüşmək lazımdır. Həvarinin gücü və etibarı onun özündən deyil, bəyan etdiyi Müjdənin özündən qaynaqlanır. «Hansı şəhərə ya kəndə girsəniz, orada ləyaqətli kimdirsə, axtarın və yola çıxanacan onun evində qalın». Həvari üçün «ləyaqətli» insan ona rahatlıq və ya xüsusi imtiyazlar təmin edən şəxs deyil. Ləyaqətli insan qonaqpərvərliyində qardaş sevgisini yaşayan, gələn qonağı Rəbbin Özü kimi qəbul edən insandır. Bu isə o deməkdir ki, biz elə davranmalıyıq ki, bizi qəbul edən insan bizim vasitəmizlə İsanın yaxınlığını hiss edə bilsin. Bu gün Rəbbdən diləyək ki, Barnabanın nümunəsini həyatımızda yaşamağı bizə öyrətsin. Onun şəfaətinə sığınaraq dua edək ki, insanları heç bir təzyiq və məcburiyyət olmadan, həmişə doğru ruh halına və Allaha doğru yönəldə bilək. Beləliklə, onlar da öz həyatlarında Allahın xeyirxahlığını sevinc və azadlıq içində tanıyıb qəbul edə bilsinlər.

10 iyun 2026, 11:43