Kardinal Kuvakad Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanın dini icmaların başçıları, dövlət və ictimai qurumların rəhbərləri ilə. Bakı, 18 iyun 2026-cı il.  Kardinal Kuvakad Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanın dini icmaların başçıları, dövlət və ictimai qurumların rəhbərləri ilə. Bakı, 18 iyun 2026-cı il.  

Kardinal Kuvakad: Azərbaycan fərqliliklərin zənginliyə çevrildiyi bir məkandır

Azərbaycana 16–19 iyun tarixlərində həyata keçirdiyi rəsmi səfərin sonunda kardinal Corc Ceykob Kuvakad “Vatican News” portalının Azərbaycan redaksiyasına eksklüziv müsahibə verib. Kardinal müsahibəsində dinlərarası dialoqun əhəmiyyəti, Şərq Katolik ənənəsinin onun xidmətinə təsiri və Azərbaycanın dinlərarası əməkdaşlıq sahəsindəki təcrübəsi barədə fikirlərini bölüşüb, eyni zamanda ölkəmizdə yaşayan katoliklərə öz xeyir-duasını və ruhani tövsiyələrini çatdırıb.

Toral Ağayev tərəfindən – Bakı, Azərbaycan

Sual: Zati-aliləri, dünyada qütbləşmənin, dini gərginliklərin və qarşıdurmaların artdığı bir dövrdə, xüsusilə yaşadıqları ölkələrdə sayca azlıq təşkil edən katoliklər İsa Məsihə sarsılmaz sədaqətlərini qoruyaraq, digər dinlərin mənsubları ilə səmimi dialoqun və sülhün qurucuları olmağı necə bacara bilərlər?

Müasir dünyada qütbləşmə, münaqişələr və dini gərginliklər getdikcə artdığı bir zamanda katoliklər, xüsusilə də sayca azlıq təşkil edən katolik icmalar, həm məsuliyyətli, həm də gözəl bir çağırış qarşısındadırlar. Onlar, Məsihə sarsılmaz sədaqətlə bağlı qalmaq və eyni zamanda dialoqun və sülhün həqiqi qurucuları olmağa çağırılıblar.

Dini azlıq olaraq yaşayan katoliklər üçün Məsihə sədaqət özünü cəmiyyətdən təcrid etmək və ya kənara çəkilmək demək deyil. Əksinə, bu sədaqət dürüst həyat tərzi, mərhəmət və xidmət ruhu vasitəsilə İncilə şahidlik etmək deməkdir. Bizim köklərimiz nə qədər Məsihdə möhkəm olarsa, biz başqalarına da bir o qədər inamla və açıq qəlblə yaxınlaşa bilərik. Dialoq  - imandan güzəştə getmək deyil. Əksinə, çox zaman imanın ən inandırıcı ifadələrindən biridir.

Məhz buna görə Müqəddəs Papa VI Pavel “Ecclesiam Suam” ensiklikasında Kilsənin dünya ilə dialoqa başlamalı olduğunu öyrədirdi. Kilsə yalnız özü üçün mövcud deyil; o, bəşəriyyətlə görüşməyə, dinləməyə, müşayiət etməyə və İncilin nurunu hörmət və dostluq ruhunda təqdim etməyə çağırılıb. Həqiqi dialoq aydın kimlik tələb edir. İnsan yalnız kim olduğunu bildikdə başqaları ilə qorxmadan və səmimiyyətlə görüşə bilir.

Eyni zamanda sadə, lakin dərin bir həqiqəti də unutmamalıyıq -  “birlikdə olduqda güclüyük, parçalandıqda isə zəifləyirik.” Dini və mədəni müxtəlifliyin mövcud olduğu cəmiyyətlərdə fərqli dinlərin mənsubları qarşılıqlı anlaşmanı təşviq etmək, insan ləyaqətini müdafiə etmək və ədalət və sülh naminə birlikdə çalışmaq məsuliyyətini bölüşürlər. Doqmatik fərqlər qalmaqda davam etsə də, cəmiyyətin rifahı naminə ortaq fəaliyyət həm mümkündür, həm də zəruridir.

Papa Fransisk dəfələrlə vurğulayırdı ki, dialoq və qardaşlıq sülhün ayrılmaz şərtləridir. O, “Fratelli Tutti” (“Hamımız qardaşıq”) ensiklikasında yazırdı: “Bir-birinə yaxınlaşmaq, danışmaq, dinləmək, baxmaq, tanımaq, anlamaq və ortaq məxrəc tapmaq – bütün bunlar bir sözlə ifadə olunur: dialoq” (Fratelli Tutti, 198).

Kardinal Corc Kuvakad müsahibə zamanı. Bakı, 19 iyun 2026-cı il
Kardinal Corc Kuvakad müsahibə zamanı. Bakı, 19 iyun 2026-cı il

Sual: Bəzi katoliklər dinlərarası dialoqun xristian şahidliyini zəiflədə biləcəyindən narahatdırlar. Sizin təcrübənizə əsasən, dialoq İncilə sədaqəti və Məsihlə münasibətimizi zəiflətmək əvəzinə onu necə dərinləşdirə və gücləndirə bilər?

Dinlərarası dialoqla bağlı ən geniş yayılmış yanlış təsəvvürlərdən biri onun xristian şahidliyinə və ya yevangelizasiyaya (müjdələməyə  - red.) alternativ kimi qəbul edilməsidir. Halbuki Kilsə daim öyrədib ki, dialoq İncilin bəyan edilməsini əvəz etmir; əksinə, o, Kilsənin missiyasının ayrılmaz bir hissəsidir.

Müqəddəs Papa II İoann Pavelin xatırlatdığı kimi, İncilin bəyan edilməsi Kilsənin missiyasında həmişə əsas prioritet olaraq qalır (Redemptoris Missio, 44). Bununla yanaşı, dialoq həmin missiyanın həyata keçirilməsinin mühüm yollarından biridir. Kilsə digər dinlərlə dialoqa girərkən onların daxilində mövcud olan həqiqət və mənəvi dəyərlərə hörmətlə yanaşır, eyni zamanda İsa Məsihin «Yol, Həqiqət və Həyat» (Yəh 14,6) olduğuna dair qəti inancını qoruyub saxlayır.

Əslində belə bir dialoq xristian kimliyini zəiflətmir, əksinə onu daha da möhkəmləndirir. Həqiqi dialoq xristianlardan öz imanlarını daha dərindən tanımağı, daha səmimi dua etməyi və ürəklərində daşıdıqları ümid haqqında daha aydın danışmağı tələb edir. Müqəddəs Peterin Birinci Məktubunda deyildiyi kimi, biz daxilinizdə olan ümid barəsində hər kəsə cavab vermək üçün hazır olmalı, lakin bunu həlimlik və hörmət ruhunda etməliyik (1 Peter 3,15).

Bundan başqa, müasir dünyanın üzləşdiyi zorakılıq, yoxsulluq, ətraf mühitin məhv edilməsi, məcburi miqrasiya və cəmiyyətlərin parçalanması kimi böyük problemlər heç bir dini və ya ictimai qrup tərəfindən təkbaşına həll edilə bilməz. İnsanların ləyaqətlə yaşaya bildiyi bir dünya qurmaq üçün ortaq məsuliyyət və mənəvi cəsarət tələb olunur.

Dinlərarası dialoq müxtəlif dini ənənələrin mənsublarına ədalət, sülh, insan ləyaqəti və ortaq evimiz olan dünyanın qorunması naminə birlikdə çalışmağa imkan verir. Bu əməkdaşlıq xristian kimliyini zəiflətmir; əksinə, İncil ehkamlarının konkret şəkildə həyata keçirilməsinə xidmət edir.

Nəticə etibarilə, dialoq Məsihlə münasibətimizi daha da dərinləşdirir, çünki bizi Ona daha çox bənzəməyə çağırır. O, bizə danışmazdan əvvəl dinləməyi, Müqəddəs Ruhun fəaliyyətini başqalarının qəlbində də tanımağı və İncili məcburiyyət yolu ilə deyil, dəvət yolu ilə bəyan etməyi öyrədir.

Dialoq bu şəkildə başa düşüldükdə, xristian şahidliyini zəiflətmir. Əksinə, onu saflaşdırır, zənginləşdirir və daha həqiqi mənada müjdəvi edir.

Sual: Zati-aliləri, Siro-Malabar Kilsəsi əsrlər boyu zəngin dini müxtəlifliyin mövcud olduğu bir mühitdə Şərq xristian irsini qoruyub saxlamışdır. Bu Şərq Katolik ənənəsi daxilində qazandığınız təcrübə dinlərarası dialoqa baxışınıza təsir göstəribmi? Əgər belədirsə, Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti kimi xidmətinizə hansı xüsusi baxışları gətirib?

Hindistan kimi zəngin dini müxtəlifliyin mövcud olduğu bir mühitdə yaşayan Siro-Malabar Kilsəsinin təcrübəsi dinlərarası dialoqu yalnız nəzəri və ya teoloji seçim kimi deyil, Kilsənin gündəlik həyatının ayrılmaz hissəsi kimi dərk etməyə imkan verir. Siro-Malabar Kilsəsi təxminən iki min il ərzində çoxdinli bir cəmiyyət şəraitində xristian imanını qoruyub yaşatmağa və nəsildən-nəslə ötürməyə müvəffəq olmuşdur. Belə bir mühitdə doğulub böyüyən insanlar üçün dini harmoniya, dinc birgəyaşayış və digər dinlərin mənsubları ilə hörmətə əsaslanan münasibətlər sonradan öyrənilən teoloji anlayışlar deyil. Bunlar uşaqlıqdan etibarən gündəlik həyatın təbii hissəsinə çevrilir. Belə bir şəraitdə dialoq Kilsənin ara-sıra həyata keçirdiyi fəaliyyət deyil, insanların birlikdə yaşamasının və cəmiyyətin ahəngdar şəkildə mövcud olmasının zəruri şərtidir. Bu yanaşma Asiya qitəsi Kilsəsinin daha geniş baxışı ilə də tam uyğunluq təşkil edir.

Müqəddəs Papa II İoann Pavel “Ecclesia in Asia” postsinodal apostol nəsihətnaməsində yazırdı ki, Asiya “dünyanın böyük dinlərinin beşiyi və ən qədim dua və təfəkkür ənənələrinin vətənidir” (Ecclesia in Asia, 6). Buna görə də o, Asiyada Kilsənin bu canlı mənəvi ənənələrlə səmimi dialoqa daxil olmasının vacibliyini vurğulayırdı. Kilsə həm həmin ənənələrdə mövcud olan həqiqət toxumlarını tanımalı, həm də Məsihi hörmət və ehtiramla bəyan etməlidir.

Bu baxış Hindistan Kilsəsinin təcrübəsi ilə dərindən səsləşir. Çünki burada birgəyaşayış nəzəri konsepsiya deyil, gündəlik həyatın reallığıdır. Bu təcrübə bizə öyrədir ki, ən səmimi və ən məhsuldar dialoq yalnız rəsmi görüşlərdən deyil, insanların birlikdə yaşadıqları gündəlik həyatın özündən doğur.

Şəxsən mənim düşüncə tərzimə təsir göstərən Şərqi Katolik Kilsəsi və Hindistan təcrübəsi məni belə bir nəticəyə gətirib: dinlərarası dialoq Kilsənin xaricə yönəlmiş taktiki strategiyası deyil. O, Kilsənin dini və mədəni baxımdan müxtəlif olan bir dünyada öz imanına sadiq qalaraq yaşamasının daxili ifadəsidir. Kilsə təvazökarlıq, inkulturasiya və bütün insanlarla qurulan həqiqi dostluq vasitəsilə məhz bu şəkildə Məsihə şahidlik edir.

Sual: Siz müxtəlif beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanın dini liderləri, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşmüsünüz. Sizin fikrinizcə, Azərbaycan bu gün dinlərarası dialoqa və dinc birgəyaşayışa hansı töhfəni verə bilər? Ölkəmizin dialoq və körpülər qurmaq sahəsində özünəməxsus xüsusiyyətləri varmı?

Azərbaycanın dini liderləri ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşmək imkanım olub və bu görüşlər sayəsində ölkənizin dinlərarası dialoq və dinc birgəyaşayış sahəsində verdiyi mühüm töhfələri daha yaxından tanımışam. Mənim fikrimcə, Azərbaycan beynəlxalq ictimaiyyət üçün mühüm bir nümunə təqdim edir. Ölkəniz göstərir ki, fərqli dini və mədəni ənənələrə mənsub insanlar qarşılıqlı hörmət, əməkdaşlıq və anlaşma şəraitində birgə yaşaya bilərlər. İllər ərzində Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında münasibətlər dostluq, etimad və dialoqa ortaq sadiqlik əsasında inkişaf edib. Müqəddəs Papa II İoann Pavelin və Papa Fransiskin Azərbaycana səfərləri, eləcə də müxtəlif səviyyələrdə keçirilən görüşlər və birgə təşəbbüslər bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edib. Bu yaxınlarda dinlərarası münasibətlər sahəsində əməkdaşlığın təşviqinə dair imzalanmış memorandum da dialoq və əməkdaşlığın inkişafına verilən önəmin göstəricisidir.

Azərbaycan fərqli insanların bir araya gəldiyi, qarşılıqlı anlaşmanın təşviq olunduğu və fərqliliklərin maneə deyil, zənginləşmə imkanı kimi qəbul edildiyi bir məkana çevrilib. Münaqişələr, qütbləşmə və qarşılıqlı etimadsızlığın artdığı müasir dünyada Azərbaycan dialoq, hörmət və qardaşlıq mədəniyyətini təşviq etməyə davam etməklə mühüm töhfə verə bilər. Papa XIV Leonun da vurğuladığı kimi, biz dinlər, mədəniyyətlər və xalqlar arasında dialoqu yeniləməyə, düşmənçilik dilindən imtina etməyə və birlikdə sülh və ümumi rifah naminə çalışmağa çağırılmışıq.

Azərbaycanın barışıq yoluna sadiqliyi və dini icmalar arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində göstərdiyi səylər bu baxımdan dəyərli nümunə ola bilər.

İcazə versəniz, simvolik bir bənzətməm ilə bölüşmək istərdim. Azərbaycan «Odlar Yurdu» kimi tanınır, paytaxt Bakı isə çox vaxt «Küləklər şəhəri» adlandırılır. Müasir dünyanın hər ikisinə ehtiyacı var: qəlbləri isidən və laqeydliyi aradan qaldıran məhəbbət oduna, həmçinin sülh mesajını sərhədlərdən uzaqlara daşıyan harmoniya küləyinə.

Azərbaycan bu iki xüsusiyyəti bir araya gətirməklə dialoq körpülərinin qurulmasına və daha sülhpərvər, daha qardaşcasına bir dünyanın formalaşmasına özünəməxsus töhfə vermək imkanına malikdir.

Sual: Zati-aliləri, sonda, Azərbaycan katoliklərinə hansı mesajı çatdırmaq istərdiniz? Həmçinin onlara xeyir-duanızı və ruhlandırıcı sözlərinizi rica edirik.

Azərbaycan katoliklərinə ilk növbədə İncilə olan sədaqətə və bu ölkənin həyatına verdikləri dəyərli töhfəyə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm. Katolik icması say baxımından kiçik olsa da, ölkənin ictimai və vətəndaş həyatında özünəməxsus və əhəmiyyətli yer tutur, xalqın sevincini, ümidlərini və çətinliklərini bölüşür.

Sizi ümidin, dostluğun və xidmət ruhunun canlı nişanəsi olmağa davam etməyə çağırıram. Sizin varlığınız göstərir ki, iman say çoxluğu və ya təsir imkanları sayəsində deyil, xristian şahidliyinin səmimiyyəti, məhəbbət əməlləri və ümumi rifaha xidmət vasitəsilə çiçəklənir.

Müsəlman, pravoslav, yəhudi və digər dini icmalardan olan bacı və qardaşlarınız ilə birlikdə çalışmağa davam edin. Azərbaycana xas olan qarşılıqlı hörmət və əməkdaşlıq ruhunu daha da gücləndirin.

Bu ölkənin ən böyük sərvətlərindən biri görüş və qarşılaşma mədəniyyətidir. Papa Fransisk 2016-cı ildə Bakıya səfəri zamanı qeyd etmişdi ki, Azərbaycan müxtəlif dini və mədəni ənənələrə mənsub insanları bir araya gətirən, dialoqa və qonaqpərvərliyə açıq olan nadir məkanlardan biridir.

Buradakı dini icmalar arasında mövcud olan səmimi münasibətlər yalnız Azərbaycanın özü üçün deyil, bölünmələr, dözümsüzlük və münaqişələrlə üzləşən müasir dünya üçün də ruhlandırıcı nümunədir.

Katoliklər olaraq siz körpü quran insanlar olmağa çağırılırsınız. Müxtəlif mədəniyyətlərin və dinlərin qovuşduğu bir cəmiyyətdə sizin missiyanız dostluq, qarşılıqlı anlaşma və xidmət vasitəsilə İncilə şahidlik etməkdir.

Həqiqi iman heç vaxt insanı başqalarını kənarlaşdırmağa və ya düşmənçilik yaratmağa sövq etmir. Əksinə, o, bizi bir insan ailəsinin üzvləri kimi bir-birimizi tanımağa və sülh, ədalət və barışıq naminə birlikdə çalışmağa ruhlandırır.

Qoy Allah sizi imanda möhkəmləndirsin, ümiddə yönəltsin və qəlblərinizi Öz məhəbbəti ilə doldursun.

19 iyun 2026, 21:21