Axtar

Kardinal Corc Kuvakad və Prezident İlham Əliyev. Bakı, 16 iyun 2026-cı il Kardinal Corc Kuvakad və Prezident İlham Əliyev. Bakı, 16 iyun 2026-cı il  

Kardinal Corc Ceykob Kuvakad Azərbaycanda səfərdədir

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın Azərbaycana rəsmi səfərinin ilk günü dövlət rəsmiləri, dini liderlər və katolik icması ilə keçirilən görüşlərlə yadda qalıb. Görüşlər zamanı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin inkişafı, dinlərarası əməkdaşlığın təşviqi və tolerantlıq dəyərlərinin qorunması məsələləri diqqət mərkəzində olub.

Toral Ağayev tərəfindən

Katolik icması ilə birlikdə dua

İyunun 16-da, səfərinin ilk günündə kardinal Corc Ceykob Kuvakad Bakının Müqəddəs Məryəm katolik kilsəsində Müqəddəs Messaya başçılıq edib. Liturgiya zamanı kardinal həzrətlərini Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete müşayiət edib.

Kardinal Corc Kuvakad Bakının Müqəddəs Məryəm kilsəsində, 16 iyun 2026-cı il
Kardinal Corc Kuvakad Bakının Müqəddəs Məryəm kilsəsində, 16 iyun 2026-cı il

Günün İncil oxunuşu Məsihin Öz şagirdlərinə verdiyi ən radikal əmrlərdən biri üzərində düşünməyə dəvət edib: “Düşmənlərinizi sevin və sizi təqib edənlər üçün dua edin” (Mt 5,44). Bu mövzuya həsr olunmuş vəzində kardinal Corc Kuvakad xristian məhəbbətinin insanın təbii meyllərini aşdığını vurğulayaraq, dedi:  

“İsa Özünün öyrətdiyini Özü yaşadı. O heç vaxt sevməkdən vaz keçmədi. Hətta çarmıxda olarkən belə dua etdi: «Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər». Rəbb bizdən Özünün etmədiyi heç nəyi tələb etmir. O, həm nümunəmiz, həm də güc mənbəyimizdir. İsanın düşmənləri sevməyə çağırmasının səbəbi çox dərindir. O deyir ki, bunu etdikdə biz Səmavi Atanın övladları oluruq. Müqəddəs İohann Xrizostomun sözləri ilə desək: «İnsanı Allaha bənzədən ən böyük şey pislik edənlərə yaxşılıq etməyə hazır olmasıdır»".”

Azərbaycanı Şərqlə Qərb arasında körpü adlandıran Müqəddəs Papa II İoann Pavelin sözlərini xatırladan kardinal Kuvakad, ölkəmizi müxtəlif dini və mədəni ənənələrin qovuşduğu məkan kimi səciyyələndirərək bildirib:

““Bu çağırış Azərbaycanın timsalında xüsusi məna kəsb edir. Burada müxtəlif dinlərə və mədəniyyətlərə mənsub insanlar birgə yaşayırlar. Müqəddəs Papa II İohann Pavel 2002-ci ildə ölkənizi «Şərqlə Qərb arasında körpü» adlandırmışdı: Şərqin mənəviyyatının Qərbin dəyərləri ilə qovuşduğu bir məkan”.”

Yepiskop Vladimir Fekete ölkə katolikləri adından ali qonağı salamlayaraq onun Azərbaycana səfərinin yerli katolik icması üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Müqəddəs Messadan sonra kardinal Kuvakad imanlılarla görüşərək onlarla söhbət edib.

Prezident İlham Əliyevlə görüş

Kardinal Corc Kuvakad və Prezident İlham Əliyev, 16 iyun 2026-cı il
Kardinal Corc Kuvakad və Prezident İlham Əliyev, 16 iyun 2026-cı il

Daha sonra cardinal Corc Kuvakad Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.
Görüş zamanı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfə qeyd olunub.

Kardinal Kuvakad Roma Papası XIV Leonun və Vatikanın Dövlət katibi kardinal Pietro Parolinin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev isə öz növbəsində salamlara görə təşəkkürünü bildirərək qarşılıqlı salamlarını Müqəddəs Ataya və Vatikanın Dövlət katibinə çatdırmağı xahiş edib.

Kardınal Corc Kuvakad və Prezident İlham Əliyevin görüşü, 16 iyun 2026-cı il
Kardınal Corc Kuvakad və Prezident İlham Əliyevin görüşü, 16 iyun 2026-cı il

Söhbət zamanı Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin tarixən qarşılıqlı hörmət və sülh şəraitində yaşadığı vurğulanıb. Tərəflər ölkənin tolerantlıq və multikulturalizm ənənələrinin, eləcə də dinlərarası dialoqun inkişafına verdiyi töhfənin beynəlxalq əhəmiyyətini qeyd ediblər. Görüşdə həmçinin Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında əməkdaşlıq, mədəni irsin qorunması sahəsində həyata keçirilən layihələr və ikitərəfli münasibətlərin gələcək perspektivləri müzakirə olunub. Prezident İlham Əliyev Roma Papası XIV Leonu Azərbaycana səfərə dəvət edən məktubu kardinal Kuvakada təqdim edib.

Dövlət Komitəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Səfər çərçivəsində kardinal Corc Ceykob Kuvakad Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ilə də görüşüb.

Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində görüş, 16iyun 2026-cı il
Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində görüş, 16iyun 2026-cı il

Görüşdə Azərbaycanda dini müxtəlifliyin qorunması, dini icmaların fəaliyyəti üçün yaradılan şərait və ölkənin dinlərarası harmoniyanın təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.

Tərəflər ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayıblar.

Tolerantlıq Evində Şeyxülislam Allahşükür Paşazadə ilə görüş

Kardinal Corc Ceykob Kuvakad Bakının İçərişəhər ərazisində yerləşən Tolerantlıq Evini ziyarət edib.

Kardinal Corc Kuvakad "Tolerantlıq Evi"-nin sərgisi ilə tanış olub, 16 iyun 2026-cı il
Kardinal Corc Kuvakad "Tolerantlıq Evi"-nin sərgisi ilə tanış olub, 16 iyun 2026-cı il

Qonağa Azərbaycanın dini və mədəni müxtəlifliyini əks etdirən eksponatlar, tarixi dini kitablar və ölkədə multikultural dəyərlərin inkişafını əks etdirən materiallar təqdim olunub. Kardinal Kuvakad bu məkanın dinlərarası anlaşmanın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib və Tolerantlıq Evinin xatirə kitabına ürək sözlərini yazıb.

Bakı Tolerantlıq Evində Şeyxülislam Allahşükür Paşazadə ilə görüş
Bakı Tolerantlıq Evində Şeyxülislam Allahşükür Paşazadə ilə görüş

Daha sonra kardinal Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.

Şeyxülislam Allahşükür Paşazadə kardinalın səfərinin ikitərəfli münasibətlərə yeni töhfə verəcəyinə əminliyini ifadə edib. Kardinal Kuvakad isə Azərbaycanda dini liderlər arasında mövcud olan həmrəyliyi və qarşılıqlı hörməti yüksək qiymətləndirərək bunu bütün dünya üçün mühüm nümunə adlandırıb.

Sülh və insan qardaşlığı mesajı

Səfərin ilk günü ərzində keçirilən bütün görüşlərdə sülh, qarşılıqlı hörmət, dinlərarası əməkdaşlıq və insan qardaşlığı mövzuları xüsusi yer tutub. Kardinal Corc Ceykob Kuvakad Azərbaycanın müxtəlif dini icmaların birgəyaşayış təcrübəsini yüksək qiymətləndirib və ölkənin dinlərarası dialoq sahəsində beynəlxalq səviyyədə oynadığı rolu vurğulayıb.

16 iyun 2026, 17:54