Axtar

2024.05.02 San Atanasio di Alessandria

Liturgiya oxunuşları: 2 MAY. Müqəddəs Böyük Afanasiy

«“Məni görən Atanı görmüşdür” sözləri İncilin ən uca ifadələrindəndir. Bu sözlərdə həqiqi vəhy ehtiva olunur: heç kimin görmədiyi Allah Özünü Oğulda aşkar etmişdir. Təcəssümün paradoksunda Allah insan simasını– İsanın surətini almışdır. Bundan sonra, əgər biz Allahın üzünü tanımaq istəyiriksə, İsanı seyr etməliyik! Onun cizgilərində biz həqiqətən Allahın kim olduğunu və necə olduğunu görürük. (Papa XVI Benedikt).

Müqəddəs Afanasiy qiptilər, katoliklər və pravoslavlar tərəfindən ehtiramla yad edilir. Misirin İsgəndəriyyə şəhərinin yepiskopu və Kilsə Müəllimi olan bu şəxs böyük sarsıntılar dövründə yaşamışdır. Təqiblərin alovundan yenicə çıxmış Kilsə iki mühüm çağırışla üz-üzə qalmışdı: imperator hakimiyyəti ilə münasibətləri qurmaq və həqiqi iman təlimini yunan-Roma mədəniyyətinin kateqoriyaları ilə ifadə etmək zərurəti. Arianlıq saxta təlimin sürətlə yayıldığı bir dövrdə məhz Afanasiy həqiqi imanın zəfərinə həlledici töhfə vermişdir. Qriqoriy Nazianzin onu “Kilsənin sütunu” adlandırırdı və həm Şərqdə, həm də Qərbdə o, hər zaman doğru imanın meyarı sayılmışdır. O, təlimin saflığını müdafiə edərkən o qədər tək qalmışdı ki, təxminən yarım əsr boyunca Məsihə olan həqiqi imanın taleyi bir insanın – Afanasinin tərəfdarları ilə əleyhdarları arasında mübahisəyə çevrilmişdi. O, dövrünün çağırışlarını yorulmadan qəbul edirdi, lakin bu mübarizə onun həyatını saysız-hesabsız çətinliklər və sınaqlarla doldurdu. Təxminən 295–296-cı illərdə İsgəndəriyyədə xristian ailəsində doğulan Afanasiy Diokletian imperatorunun amansız təqiblərinə şahid olmuşdur. Yeniyetmə çağlarında seyr etdiyi şəhidlərin mərdliyi onun xarakterini əbədi olaraq möhkəmləndirmişdir. Gənclik illərində o, Böyük Antoniy ilə tanış olmuş və aralarında dərin mənəvi yaxınlıq yaranmışdır. Afanasinin səhrada yaşayıb-yaşamadığını dəqiq bilmirik, lakin o, müqəddəs Antoninin xarizmasının dəyərlərini gündəlik həyatında gerçəkləşdirməyə çalışaraq asket həyat sürmüşdür. İsgəndəriyyə yepiskopu Aleksandrın diakonu və katibi olaraq o, onunla birlikdə 325-ci ildə keçirilmiş Birinci Nikeya Şurasında iştirak etmiş, 328-ci ildə isə İsgəndəriyyə taxtında onun varisi olmuşdur. Onun xirotoniyası üçün toplaşmış yepiskoplar onu “həqiqi xristian, zahid və əsl yepiskop”  kimi qəbul edirdilər.

BİRİNCİ OXUNUŞ Həv 13,44-52

Növbəti Şənbə Rəbbin kəlamına qulaq asmaq üçün demək olar ki bütün şəhər əhalisi toplaşmışdı. İzdihamı görən Yəhudiləri qısqanclıq bürüdü və Paulun nitqinin əleyhinə qalxıb ona böhtan atdılar. Paulla Barnaba isə cəsarətlə dedilər: «Allahın kəlamı əvvəlcə sizə bəyan olunmalı idi. Sizin ondan imtina etdiyiniz və özünüzü əbədi həyata layiq görmədiyiniz üçün biz indi başqa millətlərə üz tuturuq. Çünki Rəbbin bizə əmri belə idi: “Səni millətlərə nur etmişəm ki, xilası dünyanın ən uzaq yerlərinə yayasan”». Başqa millətlərdən olanlar bunu eşidərkən sevinirdilər və Rəbbin kəlamını izzətləndirirdilər. Əbədi həyat üçün təyin olunanların hamısı iman gətirdi. Beləliklə, Rəbbin kəlamı bütün bölgəyə yayıldı. 50 Amma Yəhudilər hörmətli, mömin qadınları və şəhərin nüfuzlu adamlarını təşvişə saldılar. Onlar da Paulla Barnabanı təqib edib o bölgədən qovdular. Buna görə də Paulla Barnaba ayaqlarının tozunu onların üstünə çırpıb Konyaya getdilər. Şagirdlər isə sevinc və Müqəddəs Ruhla doldular.

Təfsir

Müəllifin “növbəti şənbə günü” qeydindən aydın olur ki, icma hər həftə toplaşırdı. Həmin dəfə “demək olar ki, bütün şəhər” yığılmışdı və bütpərəstlər “Rəbbin kəlamını izzətləndirirdikləri” halda, yəhudilər “hörmətli, mömin qadınları və şəhərin nüfuzlu adamlarını təşvişə saldılar. Onlar da Paulla Barnabanı təqib edib o bölgədən qovdular”. Bu kəskin reaksiyanın səbəbi mətnin ilk sətirlərində açıqlanır: “İzdihamı görən Yəhudiləri qısqanclıq bürüdü”. Məhz paxıllıq onların gözünü kor edir: ümumi həmdə iştirak etmək əvəzinə, onlar İsanın şagirdlərini qovmaq üçün hər cür bəhanə ilə qarşıdurma axtarırlar. Vəziyyət o dərəcədə gərginləşir ki, Paul və Barnaba açıq şəkildə bəyan edirlər: “Allahın kəlamı əvvəlcə sizə bəyan olunmalı idi. Sizin ondan imtina etdiyiniz və özünüzü əbədi həyata layiq görmədiyiniz üçün biz indi başqa millətlərə üz tuturuq”. Bu səhnə istər-istəməz Mərhəmətli Ata haqqında məsəlni, xüsusilə də geri dönən kiçik qardaşa görə atanın sevincini bölüşə bilməyən böyük oğulu xatırladır. Biz də özümüzə belə bir sual verməliyik: “uzaq” olan bir qardaşı və ya günahkarı gördükdə, içimizdə nəyi bəsləyirik — üstünlük və nifrət hissini, yoxsa sevinci? Biz Allahın sevincinə, hələ özümüz günahkar ikən bizi mehribanlıqla və mərhəmətlə qəbul etmiş İsanı təqlid edərək, şərik oluruqmu?   

İNCİL Yəhya 14,7-14

Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız. İndidən siz Onu tanıyırsınız, Onu görmüsünüz». Filip Ona dedi: «Ya Rəbb, Atanı bizə göstər, bu bizim üçün kifayətdir». İsa ona dedi: «Xeyli müddətdir ki, Mən sizinləyəm, Məni tanımadınmı, Filip? Məni görən, Atanı görmüş olur. Bəs sən niyə “Atanı bizə göstər” deyirsən? Mənim Atada, Atanın da Məndə olduğuna inanmırsanmı? Sizə söylədiyim sözləri Özümdən söyləmirəm, Məndə olan Ata Öz işlərini görür. Mən Atadayam, Ata da Məndədir, bu sözümə inanın. Heç olmasa o işlərə görə inanın. Doğrusunu, doğrusunu sizə deyirəm: Mənə iman edən şəxs Mənim etdiyim işləri özü də edəcək, hətta bunlardan da artığını edəcək. Çünki Mən Atanın yanına gedirəm və Mənim adımla hər nə diləsəniz, onu edəcəyəm ki, Ata Oğulda izzətlənsin. Əgər Mənim adımla Məndən bir şey diləsəniz, onu edəcəyəm.

 Təfsir

“Sənin üzünü axtaracağam, ya Rəbb” (Zəb 26,8) — Məzmurmçunun bu duası əsrlər boyu insan qəlblərini deşib keçən arzunun bir əks-sədadır. Bu arzu Rəbb İsa Məsihdə çoxdan gözlənilən cavabını tapmışdır: “Məni görən Atanı görmüşdür”. Atanın üzü — İsanın üzüdür. Məhz Onda biz suallarımıza, gözləntilərimizə və daxili yönəlişlərimizə cavab tapırıq. Lakin bu həqiqəti sadəcə “bilmək” kifayət deyil; əgər biz Onu şəxsən tanımağı, sevməyi və Ona bənzəməyə çalışmağı öyrənmiriksə, bu bilik natamam qalır. İsa bizə göstərir ki, biz necə insanlar olmalı və necə ola bilərik. Necə ki, budaq üzüm tənəyindən ayrı yaşaya bilməz, eləcə də bizim üçün Onda “qalmaq” həyati zərurətdir. İsa ilə qalan və Ona iman edən kəs Onun işlərini görür. Bu “qalmaq” Onun xilas gətirən Kəlamına dalmaqla, dua içində etimad dolu söhbətlə, Müqəddəs Sirlərdən bəhrələnməklə başlanır. Məhz bu mühit insanın Onu qəlbinin dərinliklərinə qədər tanımasına imkan verir. Belə yaxınlıq bizə gündəlik həyatda da Onu tanımağı öyrədir — hətta Onun seçimi “çətin” göründükdə belə: günahkarlarla ünsiyyətində, sonuncuların və rədd edilənlərin müdafiəsində, rüsvayçı və əzablı çarmıx ölümünü qəbul etməsində...Və məhz insan baxışına görə sanki Məsih “yanılır” kimi görünən yerlərdə, Oğul Səmavi Atanın həqiqi üzünü — sərhədsiz mərhəməti aşkar edir.

01 may 2026, 22:23