Liturgiya oxunuşları: 1 MAY. Müqəddəs Əməkçi Yusif
1955-ci ildə Papa XII Pius Müqəddəs Əməkçi Yusif bayramını təsis edərkən məqsəd əmək dünyasına səmavi himayədar və təqlid üçün nümunə təqdim etmək idi. Bəs Yusif konkret olaraq hansı işi görürdü? Mattanın İncilində oxuyuruq: “Bu, dülgərin oğlu deyilmi?” (Matta 13,55). İsa Məsihin Özünü isə Mark “dülgər” adlandırılır (Mark 6,3). Biz adətən hər iki müjdəçi tərəfindən işlədilən “tékton” yunan sözünü u məhz belə tərcümə edirik. Lakin müasir tədqiqatlar bu anlayışa yenidən baxmağa meyillidir. Bu gün Yusif haqqında daha çox sadəcə dar mənada “dülgər” kimi deyil, tikinti ilə məşğul olan ustad və ya sənətkar kimi danışılır. O dövrdə “tékton” daha çox bərk materiallarla işləyən ustanı – yalnız ağacla deyil, həm də daşla işləyən işçini ifadə edirdi. Bu, hər işi bacaran bir sənətkar idi və onun fəaliyyəti yalnız mebel hazırlamaqla məhdudlaşmırdı. O, emal prosesi boyunca möhkəmliyini qoruyan materiallarla işləyirdi. Kilsə Ataları “tékton”-u “dülgər” kimi tərcümə etmişlər, lakin unutmamaq lazımdır ki, o dövrün Fələstinində ağac yalnız alət və məişət əşyaları üçün deyil, həm də evlərin tikintisi üçün əsas material idi. Taxta qapı və pəncərə çərçivələri ilə yanaşı, tirlərlə terrasvari damlar qurulur, sonra isə onlar budaqlarla örtülərək gil və sıxılmış torpaqla bərkidilirdi. 128 (129) Məzmur bunu “damların üzərindəki ot” obrazı ilə aydın şəkildə təsvir edir. Yusifin zəhməti Müqəddəs Ailənin layiqli həyat sürməsinə imkan verirdi və o, bu sənəti İsaya öyrətmişdi. Zəhmətkeşlərin himayədarı kimi o, səxavət və fədakarlıq nümunəsidir. Patris corde (“Ata ürəyi ilə”) adlı apostol müraciətində Papa Fransisk vurğulayır: “İşləyən insan, işi nə olursa olsun, Allahın Özü ilə əməkdaşlıq edir və müəyyən mənada ətraf aləmin yaradıcısına çevrilir”.
BİRİNCİ OXUNUŞ Həv 13,26-33
Qardaşlar, ey İbrahimin nəslinin övladları və aranızda olan Allahdan qorxanlar, bu xilas sözü bizə göndərilib. Çünki Yerusəlim əhalisi və onların rəhbərləri İsanı tanımadı. Beləliklə, Onu mühakimə etməklə hər Şənbə günü oxunan peyğəmbərlərin sözünü yerinə yetirdilər. Onda ölümə layiq heç bir təqsir tapmasalar da, Pilatdan Onun edam olunmasını tələb etdilər. Onun barəsində yazılanların hamısını tam yerinə yetirəndən sonra Onu çarmıxdan düşürüb qəbirə qoydular. Lakin Allah Onu ölülər arasından diriltdi. İsa xeyli günlər ərzində daha əvvəl Qalileyadan Onunla Yerusəlimə gələnlərə göründü. Bu adamlar indi Onun barəsində xalq üçün şahiddir. Biz indi sizə bu Müjdəni bəyan edirik: ata-babalarımıza verilən vəd həyata keçib, Allah İsanı diriltməklə bu vədi onların övladları olan bizlər üçün yerinə yetirib. İkinci məzmurda belə yazılıb: “Sən Mənim Oğlumsan, Mən bu gün Sənə Ata oldum”.
Təfsir
Müqəddəs Paul açıq şəkildə deməkdən çəkinmir ki, İsanın ölümünə görə məsuliyyət Onun həmvətənlərinin – “Yerusəlim sakinlərinin və onların rəhbərlərinin” üzərinə düşür. Bu birbaşa ifadə əslində xeyirdir, çünki günahkar insana öz günahını düzəltmək, bağışlanma diləmək və vurduğu ziyanı ödəmək imkanı verir. Bu halda bağışlanma, bu günahdan doğan həqiqəti qəbul etmək deməkdir: İsanın dirilməsi və İlahi planın yerinə yetməsi. İsa Məsih, Xamma yolunda olan şagirdlərinə dediyi kimi, “əzab çəkməli idi”. İndi isə bizə Ona vurduğumuz ziyanı müəyyən mənada ödəmək imkanı verilib, çünki biz də öz günahlarımızla Onun çarmıxa çəkilməsində günahkarıq. Bundan qaçmaq mümkün deyil, “mən orada deyildim, bunun mənə aidiyyəti yoxdur” deməklə məsuliyyətdən yayınmaq olmaz. Əksinə, insan məsuliyyət hiss etməli, günahlarını düzəltməyə çalışmalı, Allahın vədinə iman etməli və İsa Məsih tərəfindən həyata keçirilmiş səmavi həyata dirçəlişi minnətdarlıq və ruhani sevinc ilə qəbul etməlidir.
İNCİL Yəhya 14,1-6
Qoy ürəyiniz təlaşa düşməsin. Allaha iman edin, Mənə də iman edin. Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm? Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız. Gedəcəyim yerə aparan yolu tanıyırsınız». Tomas İsaya dedi: «Ya Rəbb, hara gedəcəyini bilmirik, yolu necə tanıya bilərik?» İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz.
Təfsir
İncil mətni İsa Məsihin doğma yurduna – Nazaretə qayıdışını təsvir edir; bu, Onun bir vaxtlar Yusifin yanında sənət öyrəndiyi yerdir. Onun sevinc və həyəcanla dolu qayıdışı yerli sakinlərin sərt inamsızlığı ilə qarşılaşır: “Bu hikmət və qüdrət Ona haradandır? Məgər O, dülgərin oğlu deyilmi? Anası Məryəm adlanmırmı?”. Nazaret sakinləri İsanı tanıyırlar, Onun haqqında çox şey bilirlər, lakin “bildikləri” ilə məhdud qalırlar. Hətta Onun hikməti və möcüzələri kimi açıq həqiqətlə üzləşsələr belə, köhnə təsəvvürlərinin sərhədlərindən çıxa bilmirlər. Biz də başqalarını yalnız öz qərəzlərimizə əsaslanaraq qiymətləndirmək, hər cür yeniliyə qapalı qalmaq təhlükəsi ilə üz-üzəyik. Daxili ruhani zəhmətin məqsədi odur ki, qəlbimiz getdikcə İsa Məsihin ürəyinin və düşüncələrinin daha aydın əksinə çevrilsin. Yalnız bu halda biz “eşitdiklərimizə görə” və ya qərəzlə deyil, həqiqət və məhəbbətin dolğunluğu ilə danışa və hərəkət edə bilərik.