Axtar

2024.05.31 San Giustino (filosofo) di Teofane di Creta

Liturgiya oxunuşları: 1 İYUN. Müq. İustin Filosof, şəhid

“Bağın sahibi Allahın Özünü təmsil edir. Üzüm bağı isə Onun xalqının, eləcə də Allahın bizə bəxş etdiyi həyatın rəmzidir ki, Onun lütfü və bizim səylərimiz sayəsində xeyirxah əməllər gətirək. Gəlin Məsih olan təməl daşa imanla möhkəm bağlanaraq, öz-özünə bəhrə verə bilməyən və yalnız tənəkdə qaldıqda məhsul gətirən budaq kimi, Onda qalaq. Kilsə - Yeni Əhd xalqı - yalnız Onda, Onun vasitəsilə və Onunla qurulur” (Papa XVI Benedikt).

Müqəddəs İustin Filosof və Şəhid (təxminən 100–165) ilk xristian apologetlərindən və Kilsənin ən görkəmli erkən müəlliflərindən biri hesab olunur. O, Samariyada yerləşən Flaviya Neapolis şəhərində (indiki Nablus) bütpərəst ailəsində dünyaya gəlmiş, uzun illər həqiqəti müxtəlif fəlsəfi məktəblərdə axtarmışdır. Nəhayət, xristian imanını qəbul etmiş və vəftiz olunaraq bütün həyatını Məsihin Müjdəsini müdafiə etməyə həsr etmişdir. İustin Roma şəhərində fəlsəfi məktəb açmış, xristianlara qarşı irəli sürülən ittihamlara cavab olaraq məşhur “Apologiyalar”-ını və “Trifon ilə Dialoq” əsərini yazmışdır. Onun əsərlərində II əsr Kilsəsinin liturgiyası və Yevxaristiya haqqında ən qədim təsvirlərdən biri qorunub saxlanılmışdır. İmanına sadiq qaldığı üçün imperator Mark Avrelinin dövründə Romada həbs olunmuş və təxminən 165-ci ildə bir neçə şagirdi ilə birlikdə başı kəsilərək şəhid edilmişdir. Katolik Kilsəsi onun xatirəsini hər il 1 iyun tarixində qeyd edir. Müqəddəs İustin filosofların və xristian apologetlərinin himayədarı hesab olunur.

İYUN AYI İSANIN ƏQDƏS QƏLBİNƏ HƏSR OLUNMUŞ AYDIR

İsanın Əqdəs Qəlbinə həsr olunmuş iyun ayında biz bəşəriyyətə Məsihin Öz hissləri ilə baxmağı öyrənməyə çağırılırıq. Özünün deşilmiş böyrünü göstərərək İsa hər birimizə belə deyir: «Mən sənin həyatını Öz Qəlbimə yaxın tuturam». Lakin eyni zamanda O bizə müraciət edir: «Bunu Məni xatırlamaq üçün edin: yaxınlarınıza qayğı göstərin. Qoy sizdə də Məndə olan hisslər olsun». Gəlin qardaşlarımızın ehtiyaclarına diqqətlə baxaq, qəlblərimizi bağlamayaq, bağışlamağı, kömək etməyi və bu dünyanın əzablarını bölüşməyi öyrənək. Bu ay ərzində biz hər gün Roma Papası XIV Leo-nun aşağıdakı duasını oxuya bilərik: «Ya Rəbb, bu gün mən Sənin mərhəmətlə dolu Qəlbinə gəlirəm; qəlbimi alovlandıran sözlərin sahibi olan Sənə, kiçiklərə, yoxsullara, əzab çəkənlərə və insan zəifliyinin hər təzahürünə mərhəmət göstərən Sənə üz tuturam. Səni daha dərindən tanımaq, İncil səhifələrində Səni seyr etmək, Səninlə birlikdə olmaq və Səndən, eləcə də hər cür yoxsulluğun yaralarına açıq olan məhəbbətindən öyrənmək istəyirəm. Sən Öz İlahi və bəşəri Qəlbinlə bizi sonsuz məhəbbətlə sevərək Atanın məhəbbətini bizə aşkar etdin. Bütün övladlarına Səninlə qarşılaşmaq lütfünü bəxş et. Planlarımızı dəyişdir, istiqamətləndir və yenilə ki, biz hər şəraitdə yalnız Səni axtaraq: duada, işdə, insanlarla ünsiyyətdə və gündəlik həyatımızda. Bu görüşdən sonra bizi missiyaya göndər: Sənin hər cür təsəllinin mənbəyi olduğun bu dünyaya mərhəmət missiyasına göndər bizi. Amin».

BİRİNCİ OXUNUŞ 2 Peter 1,1-7

İsa Məsihin qulu və həvarisi mən Şimon Peterdən Allahımız və Xilaskarımız İsa Məsihin salehliyi sayəsində bizimlə bərabər qiymətli iman əldə etmiş olanlara salam! Allahı və Rəbbimiz İsanı tanıdıqca lütf və sülh sizə bol-bol verilsin! Bizi Öz izzəti və alicənablığına Çağıranın ilahi gücü Onu tanımağımız vasitəsilə yaşamağımız və mömin olmağımız üçün lazım gələn hər şeyi bizə bəxş etdi. Beləliklə, O bizə çox böyük və dəyərli vədlər verdi ki, bunlar vasitəsilə ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan qaçıb ilahi təbiətə şərik olasınız. Elə buna görə də siz bütün səylə imanınıza alicənablıq, alicənablığınıza bilik, biliyinizə nəfsə hakim olmaq, nəfsə hakim olmağınıza dözüm, dözümünüzə möminlik, möminliyinizə qardaşlıq sevgisi və qardaşlıq sevgisinə məhəbbət əlavə edin.

Təfsir

Bu gün biz Müqəddəs Həvari Peterin İkinci Məktubunu oxumağa başlayırıq. Həvari həm ilk xristianlara, həm də bizə xatırladır ki, Allahın ilahi qüdrəti bizə mömin və saleh həyat sürmək üçün lazım olan hər şeyi bəxş etmişdir. Bizə lazım olan hər şey artıq bizə verilmişdir. Allah bizə «böyük və qiymətli vədlər» bağışlamışdır ki, onların vasitəsilə «ilahi təbiətin iştirakçıları olaq». Lakin indi hər birimizdən cavab gözlənilir. Buna görə də həvari çağırır: «bütün səylə imanınıza alicənablıq, alicənablığınıza bilik, biliyinizə nəfsə hakim olmaq, nəfsə hakim olmağınıza dözüm, dözümünüzə möminlik, möminliyinizə qardaşlıq sevgisi və qardaşlıq sevgisinə məhəbbət əlavə edin». Allahın nemətləri ilə zənginləşdirilmiş hər bir insan Ona olan məhəbbətində yaşadığı həqiqəti gündəlik həyatında təcəssüm etdirməyə çağırılmışdır. Burada söhbət yalnız nəzəri və ya intellektual bilikdən getmir. Həvari bizi Allahı Onunla ünsiyyət təcrübəsi vasitəsilə tanımağa dəvət edir. Belə bir tanışlıq isə sonradan sözlərimizi, qərarlarımızı və gündəlik əməllərimizi ruhlandırmalı və istiqamətləndirməlidir. Qoy xeyirxah Rəbb bu yolda bizə yardım etsin. Özümüzü Məzmurun sözləri ilə Ona etibar edək: «Allahım, ümidimi Sənə bağlamışam».

İNCİL Mark 12, 1-12

İsa məsəllər söyləyib onlarla danışmağa başladı: «Bir adam üzüm bağı saldı, oranın ətrafına çəpər çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi. Məhsul vaxtı çatanda bağbanların yanına bir qul göndərdi ki, üzüm bağının məhsulundan bir qədərini onlardan alsın. Lakin bağbanlar qulu tutub döydülər və əliboş geri qaytardılar. Bağ sahibi onların yanına yenə başqa bir qul göndərdi. Onun da başını vurub yardılar və biabır etdilər. Başqasını göndərdi, onu isə öldürdülər. O, çox adam göndərdi, onlardan bəzisini döydülər, bəzisini isə öldürdülər. 6 Yanında ancaq bir nəfər qalmışdı ki, bu da onun sevimli oğlu idi. “Oğluma hörmət edərlər” deyərək axırda onu onların yanına göndərdi.  Bağbanlarsa bir-birlərinə dedilər: “Varis budur. Gəlin onu öldürək, onda miras bizə qalacaq”. Beləcə onu tutub öldürdülər və bağdan kənara atdılar. Beləliklə, bağ sahibi nə edəcək? Gəlib bağbanları həlak edəcək və bağı başqalarına verəcək. Məgər siz bu Müqəddəs Yazını oxumamısınız? “Bənnaların rədd etdiyi daş Guşədaşı olub. Bu, Rəbbin işi idi, gözümüzdə xariqəli bir işdir”». Yəhudi rəhbərləri başa düşdülər ki, İsa bu məsəli onlar barədə söylədi. Ona görə də İsanı tutmaq üçün yol axtarırdılar, lakin camaatdan qorxdular. Beləcə Onu tərk edib getdilər.

Təfsir

Şənbə günü İncil mətnində İsanın baş kahinlər, ilahiyyatçılar və xalq ağsaqqalları ilə Onun hansı səlahiyyətlə hərəkət etməsi barədə mübahisəsinin şahidi olduq. Bu gün isə İsa Öz mesajını daha da aydın və birmənalı etmək üçün bir məsəl danışır. «Bir adam üzüm bağı saldı, oranın ətrafına çəpər çəkdi. Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi». Vaxtı çatanda o, bağın məhsulundan pay almaq üçün qullarından birini göndərir. Lakin onu ağır aqibət gözləyir. Bundan sonra bağ sahibi sevimli oğlunu göndərir. O düşünürdü ki, heç olmasa oğluna hörmət edəcəklər. Ancaq... Məsəl aydın şəkildə göstərir ki, üzüm bağı, yəni Allahın xalqı, Rəbbə məxsusdur. O, bu xalqın qayğısına məhəbbətlə qalıb, saysız-hesabsız qapılar üzünə bağlansa da, onu tərk etməyib. O, peyğəmbərləri – qullarını - göndərib. Onlar öldürülsələr belə, Allah cəhd etməkdən əl çəkməyib. O, birini, sonra başqasını, daha sonra yenilərini göndərib. Nəhayət, Öz yeganə Oğlunu göndərib. Təəssüf ki, Oğul da peyğəmbərlərin taleyini bölüşdü. Şübhəsiz ki, bu məsəl ilk növbədə baş kahinlərə, ağsaqqallara və ilahiyyatçılara ünvanlanmışdı. Lakin hər birimiz özümüzə sual verməliyik: Rəbbin bizə etibar etdiyi üzüm bağı ilə, yəni öz həyatımızla, biz necə davranırıq? Bəs Kilsə ilə necə davranırıq? Axı orada biz çox vaxt dünyanın rədd etdiyi daşlar kimi görünən bacı və qardaşlarımızla qarşılaşırıq.

31 may 2026, 18:28