Liturgiya oxunuşları: 4 APREL. Müqəddəs Şənbə
Müqəddəs Şənbənin sükutu Əzablar Cüməsinin fəryadından doğur: «Allahım, Allahım! Niyə Məni tərk etdin?». Bu fəryad bütün zamanlarda bəşəriyyətin üzləşdiyi sualları özündə cəmləyir: zəiflik, kövrəklik, şübhə, mənasızlıq və ölüm qarşısında səslənən “niyə?” sualını. Bu fəryaddan sonra Müqəddəs Şənbənin sükutu hər bir insanın çaşqın baxışını ilahi nəvazişlə qucaqlayır. Nə edəcəyini bilməyən və çaşqınlıq içində Sion otağına qayıdan həvarilərin baxışı. Sükut içində sübhü gözləyən, dəfn olunmuş Müəllimin bədənini məsh etmək üçün yola çıxmağa hazırlaşan qadınların baxışı. Hər şey susur, hər şey sanki donub qalır. Müqəddəs Şənbə səhəri kilsəyə daxil olarkən biz bu boşluğu sanki hiss edirik: tabernakulumda Yevxaristiya yoxdur, qurbangah çılpaqdır, ikonalar örtülüdür. Boşluq və sükut. Lakin bu, ümidin əks-sədasını daşıyan bərəkətli bir sükutdur. Bunu sükut içində Tövbə Sakramenti üçün etiraf hücrələrinə yaxınlaşan insanların növbələrində görürük. Allah niyə susur? Papa Fransisk bunu belə izah edir: «Müqəddəs Şənbə Allahın sükut günüdür. Qəbrə qoyulmuş İsa bütün bəşəriyyətlə birlikdə ölüm dramını bölüşür. Bu elə bir sükutdur ki, danışır; o, həmişə tərk edilmişlərlə həmrəyliyi ifadə edir. Allahın Oğlu onlara çatır və yalnız Səmavi Atanın sonsuz mərhəmətinin doldura biləcəyi boşluğu doldurur. Allah susur, amma məhəbbətə görə susur». Bu gündə səssiz məhəbbət dirilmədə yeni həyatın gözləntisinə çevrilir. Sükut içində vədin yerinə yetməsini gözləyən Allah Anasının sükutunu xatırlayaq. Mübarək Məryəm bizim üçün Müqəddəs Şənbənin ikonasına çevrilməlidir: bu, şübhə etməyən, lakin ümid edən və Rəbbin sözünə güvənən məhəbbətdir ki, o söz Pasxa günündə bütün izzəti ilə zahir osun.