Axtar

2019.05.26 Vangelo di domenica

Liturgiya oxunuşları: 30 APREL. Pasxanın IV həftəsinin cümə axşamı

“Həqiqi imanın meyarı xidmətdir. İcmada bu, tanınma və mənfəət axtarmadan başqalarına faydalı olmağın sevincində özünü göstərir. Biz “heç bir dəyəri olmayan qullarıq”, yəni təşəkkür və mükafat iddiası olmadan çalışanlarıq. Bu ifadə təvazökarlığın və əlçatanlığın təzahürüdür və Kilsə üçün son dərəcə vacibdir. O, işə düzgün münasibəti xatırladır: təvazökar xidmət” (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ Həv 13,13-25

Paulla yanındakılar Pafosdan yelkən açıb Pamfiliya bölgəsindəki Perge şəhərinə çatdı. Yəhya isə onlardan ayrılıb Yerusəlimə qayıtdı. Onlar yollarına davam edib Pergedən Pisidiyada olan Antakyaya çatdılar. Şənbə günü sinaqoqa girib oturdular. Qanunun və Peyğəmbərlərin yazılarının oxunmasından sonra sinaqoq rəisləri onları çağırtdırıb dedilər: «Qardaşlar, xalqa ürəkləndirici müraciətiniz varsa, buyurub deyin». Paul ayağa qalxıb diqqəti cəlb etmək üçün əlini qaldıraraq dedi: «Ey İsraillilər və Allahdan qorxanlar, qulaq asın. Bu xalqın, yəni İsraillilərin səcdə etdiyi Allah bizim ata-babalarımızı seçdi və Misirdə – qürbət eldə yaşadıqları müddət ərzində onları böyük bir millət etdi. Sonra əlini uzadıb onları Misirdən çıxartdı. Qırx ilə yaxın səhrada qaldıqları müddət ərzində onlara dözdü. Kənan torpağında yaşayan yeddi milləti qırandan sonra bu millətlərin torpaqlarını irs olaraq İsrail xalqına verdi. Bütün bunlar təqribən dörd yüz əlli ili əhatə etdi. Sonra Allah onlar üçün hakimlər yetirdi. Bu, peyğəmbər Şamuelin dövrünə qədər davam etdi. Xalq padşah istəyəndə isə Allah Binyamin qəbiləsindən olan Qiş oğlu Şaulu onlar üçün padşah təyin etdi. O, qırx il padşahlıq etdi. Onu aradan götürəndən sonra Allah Davudu ucaldıb onların üzərində padşah etdi və onun barəsində şəhadət etdi: “Öz ürəyimə yatan adam olaraq Yessey oğlu Davudu tapdım və o Mənim bütün istədiklərimi yerinə yetirəcək”. Allah Öz vədinə sadiq qalıb bu adamın soyundan olan Xilaskar İsanı İsrailə göndərdi. İsanın gəlişindən əvvəl Yəhya bütün İsrail xalqına vəz etmişdi ki, tövbə edib vəftiz olunsunlar. Yəhya işini qurtararkən dedi: “Məni kim sayırsınız? O Şəxs mən deyiləm. Məndən sonra O gəlir. Mən Onun ayağındakı çarığını açmağa belə, layiq deyiləm”.

Təfsir

Paul Kiçik Asiyanın ölkələrindən birinə (müasir Türkiyə ərazisinə) gəlir. Orada yəhudilər yaşayır və, əlbəttə ki, onların öz sinaqoqları var. Onlar hələ Yerusəlimdə baş verənlərdən xəbərsizdirlər və Həvari Paul onlara baş verənləri – Məsihin gəlişini ətraflı şəkildə nəql edir. Bunun üçün həvari uzaqdan başlayır, onlara artıq yaxşı məlum olan hadisələri xatırladır: Çıxış, səhrada dolaşma, padşahlar Şaul və Davud. O bunu ona görə edir ki, Məsih haqqında müjdəni müqəddəs tarixə onun tamamlanması və zirvəsi kimi daxil etsin. Keçmiş hadisələrin xatirəsi indini anlamağın açarına çevrilir. Eyni hal Müqəddəs Kilsədə də baş verir: o bu gün doğulmayıb. Onun minillik ənənəsi var və biz onu bilməli, özümüzü onun övladları kimi hiss etməliyik. Biz özümüz bu həyat axınına, müqəddəslik, dogmalar, şəhidlər və şahidlər tarixinə daxil oluruq. “Varlığı öz ruhunuza yox, ruhunuzu varlığa uyğunlaşdırın” – deyirdi Şarbel Makluf, “varlıq sizdən əvvəl mövcud idi və sizdən sonra da qalacaq. Yalnız Müqəddəs Ruhdur sizi müəyyən edən və sizi Allahla ahəngə gətirən”.

İNCİL Yəhya 13,16-20

Doğrusunu, doğrusunu sizə deyirəm: qul ağasından, elçi də onu göndərəndən üstün deyil. Əgər bu şeyləri bilib onlara əməl edirsinizsə, bəxtiyarsınız. Hamınız barədə söyləmirəm. Mən Öz seçdiklərimi tanıyıram. Amma qoy “çörəyimi yeyən Mənə xəyanət etdi” deyən Müqəddəs Yazı yerinə yetsin. İndi bu şeylər baş verməzdən əvvəl sizə bunları söyləyirəm ki, baş verəndə inanasınız: Mən Oyam. Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim göndərdiyim bir nəfəri qəbul edən şəxs Məni qəbul edər, Məni qəbul edən də Məni Göndərəni qəbul edər».

Təfsir

İsa Məsih Öz şagirdlərini Onun etdiyi kimi davranmağa çağırır. Rəbb, Rəbbilərin Rəbbi, padşahların Padşahı Öz qüdrətini zorakılıq və ya basqı ilə deyil, “kiçilmə” ilə göstərdi – O, insanlardan da aşağı enərək onların ayaqlarını yudu. Allah əyildi və “sonuncu” oldu, çünki məhəbbətin təbiəti belədir: başqasını özündən üstün tutmaq. Hər dəfə təvazökar etimadla yaxınlarımızın “ayaqlarını yuduqda”, biz bu İlahi hərəkəti onun ən uca təzahüründə təkrar edirik. Bununla göstəririk ki, başqasına bəxş etdiyimiz sevgi bizdən qaynaqlanmır; o, təmənnasızdır, gizli niyyətlər daşımır – bu, Allahın qüdrətinin saf təzahürüdür. Rəbb İsa Məsih hətta Yəhuda İskaryotun da ayaqlarını yuyur ki, heç kim deyə bilməsin: O, kiməsə üstünlük verdi və ya ən böyük alçalmaqdan – düşmən-xainə sevgi göstərməkdən – yayındı. Allah nə hissdir, nə vərdişdir, nə bağlılıqdır, nə də ideyadır. O, reallıqdır, həyatdır, həyat verən Yaradandır. Xristianlıq nə məbəd dini, nə də kitab dinidir – xristianlıq İsa Məsihin Özüdür. Həqiqət isə həmişə dəyişməz qalır. Allah haqqında danışmaq üçün Onun qəlbimizdə yaşaması lazımdır; Ondan uzaq qalaraq Rəbbə şahidlik etmək mümkün deyil. Xristian, İsa Məsihin yaşadığı kimi yaşayaraq, insanları Ata Allaha gətirir.

29 aprel 2026, 22:15