Müqəddəs Sienalı Yekaterina, bakirə və Kilsə müəllimi Müqəddəs Sienalı Yekaterina, bakirə və Kilsə müəllimi 

Liturgiya oxunuşları: 29 APREL. Müq. Sienalı Yekaterina

“İsa Məsihin “boyunduruğu” sıxmayan, əksinə ucaldan sevgi qanunudur. Bu, bəşəriyyətin yaralarına – aclığa, ədalətsizliyə və mənəvi boşluğa qarşı həqiqi dərmandır. Dünyanı sağaltmaq üçün təkəbbür yolunu tərk edib, yaxın insana və təbiətə qarşı mülayim hörmət yolunu seçmək lazımdır. Hər cür özbaşınalığa qarşı həqiqətin gücü: insan ləyaqətinə uyğun gələcəyi təmin edə bilən budur. Cəmiyyətimizi yalnız mənbəyi Allahda olan sevgi dəyişdirə bilər” (Papa XVI Benedikt).

Allah çox vaxt Öz böyük işləri üçün məhz təvazökar və zəif görünən insanları seçir. Sienalı Yekaterina İlahi qüvvədən güc, İlahi hikmətdən müdriklik alaraq, öz dövrünün Kilsəsi və xalqları üçün sülh alətinə çevrildi. Yekaterinanın gəldiyi dünya sanki sonuna doğru gedirdi: İtaliya vətəndaş müharibələrindən əziyyət çəkirdi; İngiltərə və Fransa sonsuz Yüzillik müharibəyə başlayırdı; türklər Avropanın sərhədlərini təhdid edirdilər. Hər yerdə kəndli üsyanları alovlanır, sosial bərabərsizlik daha da kəskinləşirdi. Bütün bunlar tez-tez baş verən qıtlıqlar, aclıq və təbii fəlakətlərlə müşayiət olunurdu. 1347-ci ildə, Qara ölüm epidemiyasının ən qızğın çağında, Avropa əhalisinin üçdə birini aparan bu fəlakətin ortasında, Siena şəhərində dünyaya Yekaterina gəldi. Onun müəllimləri yox idi, təhsili yox idi. Ailəsi ondan uğurlu evlilik gözləyirdi, lakin Yekaterina bu barədə bütün söhbətləri qətiyyətlə dayandırırdı. Onun yeganə istəyi kiçik bir otaq idi –onun “daxili hücrəsi”. Tezliklə bu balaca otaq intellektual və mənəvi bir mərkəzə çevrildi: orada rəssamlar, alimlər, zadəganlar və sadə sənətkarlar toplaşırdı. O, oxumağı və yazmağı yalnız sonralar öyrəndi; məşhur məktublarının çoxunu diktə edirdi. Onun səsi həm məhbuslar üçün, həm də krallar üçün eyni dərəcədə qətiyyətlə səslənirdi. Onun təsiri misilsiz idi. Məhz Sienalı Yekaterina Papa XI Qriqoriyə 1377-ci ildə Avinyondan Romaya qayıtmaq üçün həlledici səbəbi təqdim etdi. Daha sonra isə Papa VI Urbanın çağırışı ilə Kilsəni yeni başlayan Böyük Qərb Sxizması dövründə dəstəkləmək üçün Romaya yollandı. Orada – xristianlığın qəlbində – o, sevgi və zəhmət içində “yanaraq”, 33 yaşında vəfat etdi – öz Rəbbi İsa Məsih ilə eyni yaşda.

BİRİNCİ OXUNUŞ 1 Yəh 1,5-2,2

Məsihdən eşitdiyimiz və sizə elan etdiyimiz xəbər budur: Allah nurdur və Onda zərrə qədər də qaranlıq yoxdur. Əgər biz «Allahla şərikliyimiz var» dediyimiz halda qaranlıqda gəziriksə, demək, yalan danışırıq və həqiqətə əməl etmirik. Amma O, nurda olduğu kimi biz də nurda gəziriksə, onda bir-birimizlə şərikliyimiz var və Onun Oğlu İsanın qanı bizi hər günahdan təmizləyir.Əgər günahsız olduğumuzu iddia ediriksə, özümüzü aldadırıq və daxilimizdə həqiqət yoxdur. Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək. Əgər günahkar olmadığımızı iddia ediriksə, onda Onu yalançı yerinə qoyuruq və daxilimizdə Onun sözü olmur. Övladlarım, bunları sizə yazıram ki, günah etməyəsiniz. Əgər kimsə günah etsə belə, Atanın hüzurunda Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir. O bizim günahlarımıza görə – təkcə bizim günahlarımıza görə deyil, bütün dünyanın günahlarına görə kəffarə qurbanıdır.

Təfsir

Allah nurdur. Və nur yandıqda biz ətrafımızda olan hər şeyi görürük. Əgər Allah bizim içimizdə yaşayırsa, Onun daxili nuru bizə, hər şeydən əvvəl, öz günahlarımızı görməyə imkan verir. Günahın qaranlığında qalan ruh isə adətən onları ayırd edə bilmir: onlar qarışır və daxili zülmətin içində itib gedir. Məhz buna görə müqəddəslər öz günahkarlıqlarını bu qədər dərindən hiss edirdilər, çünki onu görürdülər. Buna görə də Müqəddəs Ruhun ənamını daim diləməliyik - yalnız Allahın işlərini yerinə yetirmək üçün deyil, həm də içimizdə baş verənləri aydın şəkildə görə bilmək üçün. Süryani İshaq deyirdi: öz günahlarını görən insan, mələkləri görən insandan daha üstündür. Əlbəttə, hər kəs heç olmasa bir dəfə mələk görməyi arzulayar, nəinki öz süqutlarını. Lakin mələkləri görmək bəzən bəhrəsiz qala bilər və ya insanı təkəbbürə sürükləyə bilər. Öz günahlarını görmək isə qəlbdə peşmanlıq və tövbə doğurur, deməli yenilənmə və həyat gətirir.

İNCİL Matta 11,25-30

O vaxt İsa davam edərək dedi: «Ey yerin-göyün Sahibi olan Ata! Səndən razıyam ki, bu şeyləri müdrik və dərrakəli adamlardan gizlədib körpələrə agah etdin. Bəli, Ata! Çünki bu Sənin xoş niyyətin idi. Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulu Atadan başqa heç kəs tanımaz. Atanı da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs tanımaz. Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm. Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız. Çünki Mənim boyunduruğum rahat və yüküm yüngüldür».

Təfsir

Rəbb İsa Məsih Atanı ona görə mədh edir ki, O, bəzi insanlardan müəyyən bir şeyi gizlədib. Bu qəribə görünmürmü? Adətən nəyisə gizlətmək yaxşı sayılmır, əgər bundan daha böyük bir xeyir doğmursa. Bəs Ata müdrik və ağıllı sayılanlardan nəyi gizlətdi? O, hamının xilasını istəyir, lakin göylərə aparan yol “kiçilməkdən” keçir: insan kiçik olmalı, sonuncu yeri tutmalı, özünü ucaltmamalı və qardaşlarına xidmət etməlidir. Rəbb bu prinsipi açıq və dəfələrlə izah etmişdi, lakin özlərini artıq müdrik hesab edənlər bunu qəbul etmədilər. Bu yol onlara çox sadə, çox təvazökar və hətta alçaldıcı göründü. Bu dünyanın “böyükləri”nin bir faciəvi qüsuru var: onlar özlərini böyük hesab edirlər. Halbuki yalnız biri Sonsuzdur – o da Allahdır; yalnız bir Atamız var – o da Səmavi Atadır; yalnız bir Müəllimimiz var – o da İsa Məsihdir. İlahi sirlər təvazökarlara açılır, çünki Allahın Özü “sonuncu” oldu: O, Məryəm Anadan bir mağarada doğuldu; saleh Yusifin emalatxanasında dülgər kimi çalışdı; ən sadə insanlarla birlikdə təbliğ etdi. Allahın yolu sadədir, lakin bu yola daxil olmaq üçün əvvəlcə “ürəyi sadə” olmaq və İsa Məsihə bənzəmək lazımdır. O, “zəngin olduğu halda bizim üçün yoxsul oldu” (2 Kor 8,9) və bizə bu dünyada həqiqi həyat tərzini göstərmək üçün həvarilərin ayaqlarını yudu.

28 aprel 2026, 20:04