Axtar

2020.05.03 Vangelo del giorno buon pastore pecore

Liturgiya oxunuşları: 26 APREL. Pasxanın IV Rəbb günü

“İsa - sülhə və qardaşlığa aparan qapıdır. Biz Müjdənin nuruna möhtac olan hər bir uzaq guşəyə çatmaq üçün rahatlıq dairəmizdən çıxmağa çağırılmışıq. “Hüdudlarından kənara çıxan Kilsə” olmaq — Məsih kimi açıq qapıya çevrilmək deməkdir" (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ Həv  2, 14a.36-41

Peter On Bir həvari ilə bərabər irəli çıxdı və izdihama ucadan nida etdi: «Ey Yəhudilər və Yerusəlimin bütün sakinləri, sizə bildirirəm, sözlərimə qulaq asın. Ona görə də qoy bütün İsrail xalqı möhkəm bilsin ki, Allah sizin çarmıxa çəkdiyiniz bu İsanı həm Rəbb, həm də Məsih təyin etmişdir». Bu sözlər ona qulaq asanların ürəyinə ox kimi sancıldı. Onlar həm Peterdən, həm də o biri həvarilərdən soruşdular: «Qardaşlar, bəs biz nə edək?» Peter onlara cavab verdi: «Tövbə edin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız. Çünki bu vəd siz, övladlarınız, uzaqdakıların hamısı – Allahımız Rəbbin çağırdığı hər kəs üçündür». Peter başqa çox söz deyib onlara xəbərdarlıq etdi və yalvardı: «Bu əyri nəsildən xilas olun». Onun sözünü qəbul edənlər vəftiz oldular. O gün üç min nəfərə yaxın insan imanlılara qoşuldu.

Təfsir

«Bu sözlər ona qulaq asanların ürəyinə ox kimi sancıldı», Bu, Həvari Peterin Pentekostdan sonra izdiham qarşısında söylədiyi ilk vəzin təsiri idi. Hər bir vəz ürəyi deşməlidir, çünki burada söhbət Qadir Allahın Kəlamından gedir. İtalyan keşişi, ruhani ədəbiyyatın tanınmış tarixçisi Don Cüzeppe De Luka yazırdı: «Vəzin şirinliyi,qüdrəti nədədir? Sarsıntıdadır. Avqustini və ya Bossüeni dinləyərkən ürək titrəyir. Sözün həqiqi mənasında titrəyir. Sən dünya qədər qoca ola bilərsən, lakin o anda elə bil ki, yenicə doğulmusan. Sanki həqiqi musiqinin axını məni birdən-birə yerdən qoparır; özüm qanadlanıram, uçuram. Demirəm ki, biz, keşişlər, yalnız vəzlə buna çata bilərik. Daha doğrusu, çata bilərdik, lakin bunun üçün müqəddəs olmaq lazımdır. Müqəddəs o kəsdir ki, Allahın qüdrəti, Allahın nuru, Allahın səsi, Allahın hüzuru üzərində əməli olaraq hökmranlıq edir: bəli, elə Allahın Öz Kəlamı üzərində belə. Sarsıntı — bu, nə duyğusallıqdır, nə də sadəcə bir hiss. Həqiqi olanda o, ağrı kimidir. O, sevgi kimidir, ölüm kimidir. Bununla zarafat etməzlər və bu barədə — bunu tam ciddi deyirəm — sadəcə mülahizə yürütmək belə mümkün deyil».

İKİNCİ OXUNUŞ 1 Peter 2,20b-25

Axı etdiyiniz günahlara görə döyülsəniz və buna dözsəniz, bu sizə nə şərəf gətirər? Amma siz yaxşılıq etdiyiniz üçün əzab çəkib dözsəniz, bu Allah qarşısında tərifə layiqdir. Siz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz. O heç bir günah etmədi, ağzından hiylə sözü çıxmadı. Onu söydülər, O isə cavabında söymürdü, əzab çəkərək heç kimi hədələmirdi, əksinə, ədalətli Hakimə Özünü təslim etdi. O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq. Onun yaraları ilə siz şəfa tapdınız. Hamınız qoyun kimi yolunuzu azmışdınız, indi isə canınızın Çobanına və Nəzarətçisinə tərəf döndünüz.

Təfsir

İllər keçdikdən sonra, öz məktubunu qələmə alarkən, Həvari Peter nəhayət Məsihin həqiqi missiyası barədə dərk etdiyi həqiqəti ifadə edir. Yəhudilər,  Allahın Padşahlığını insan düşüncəsinə uyğun şəkildə quracaq və İsraili dünyanın hökmdarına çevirəcək bir böyük rəhbər gözləyirdilər. Lakin gerçəklik başqa cür oldu. Məsih həqiqətən hökmranlıq edir — çünki O, bütün kainatın Padşahı və dirilərlə ölülərin Hakimidir, lakin Onun hökmranlıq yolu qəbul edilən və hədiyyə kimi təqdim olunan əzab, məhəbbətlə yaşanan özünü fəda etmək yoludur. Beləliklə, O, artıq milli imtiyazları tanımayan həqiqi Allahın Xalqı olan Kilsənin Başına çevrilir. Burada əsas ifadə budur: «Onun yaraları ilə siz şəfa tapdınız». Həvari Peter bu sözləri Peyğəmbər Yeşayadan (53,5) götürür. Burada bəhs edilən şəfa insanın düşüncə tərzinə aiddir; bu düşüncə ilkin günahdan sonra özünü mərkəzə qoyma, şəxsi həzz və mənfəət axtarışı ilə zəhərlənmişdir. İsanın yaraları şəfa verir, çünki Onun qurbanı və dirilməsi vasitəsilə biz Səmavi Ata ilə yaxınlıq əldə edə və nəhayət, ilahi təbiətə şərik olaraq, Allahın övladları kimi yaşaya bilərik (bax: 2 Peter 1,4).

İNCİL Yəhya 10,1-10

Doğrusunu, doğrusunu sizə deyirəm: qoyun ağılına qapıdan girməyib başqa yerdən aşan oğru və quldurdur. Amma qapıdan girən qoyunların çobanıdır. Keşikçi qapını onun üzünə açar və qoyunlar onun səsinə qulaq asar. O da öz qoyunlarını adları ilə çağırar və onları çölə çıxarar. Öz qoyunlarının hamısını çölə çıxarandan sonra onların önündə gedər və qoyunlar da ardınca gedər, çünki onun səsini tanıyırlar. Amma yad adamın ardınca getməzlər, ondan qaçarlar, çünki yad adamların səsini tanımazlar». İsa bu məsəli onlara söylədi, amma onlar İsanın sözlərinin mənasını anlamadılar. İsa yenə onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: qoyunların qapısı Mənəm. Məndən əvvəl gələnlərin hamısı oğru və quldur idi, amma qoyunlar onlara qulaq asmadı. Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və özünə otlaq tapar. Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun.

Təfsir

Pasxanın dördüncü Rəbb günü Yaxşı Çoban Rəbb günü adlanır. Bugünkü Müjdədə Rəbb Özünü iki adla təqdim edir: Çoban və Qapı. Bunlar Onun missiyasını anlamağa kömək edən əsas, dərin rəmzi obrazlardır. Çoban — sevən bir bələdçi kimi sürünü Öz arxasınca aparır; o, qoyunları təhlükələrdən qorumaq üçün canını verməyə hazırdır. Onunla birlikdə sürü əmin-amanlıqdadır. Lakin “yad biri” ortaya çıxarsa, onun ardınca getmək olmaz: o, qoyunları sevmir və onları otlağa aparmır. Bu, yalnız şöhrət və insanlar üzərində hakimiyyət arzulayan, saysız-hesabsız vədlər verərək həqiqi Çobanın yerini tutmağa çalışan yalançı müəllimlərin rəmzidir. Onlara qulaq asmaq olmaz. İkinci obraz — Qapıdır. Məsihdən əvvəl gəlmiş və ya Ondan sonra gələcək, rəhbərlik rolunu zorla ələ keçirməyə çalışanların hamısı “oğrular və quldurlardır”. İsa Qapıdır o mənada ki, həm tövləyə daxil olmaq, həm də otlağa çıxmaq yalnız Onun adı ilə mümkündür. Hətta göydən bir mələk sizə başqa bir müjdə gətirsə belə, Həvari Paulun dediyi kimi, o rədd edilməlidir (bax: Qalatlılara 1,8–9). Səhra ataları belə deyirdilər: «Ağlımızda doğulan hər bir düşüncə mühakimə olunmalıdır: sən bizdənsən, yoxsa düşməndən?» Əgər düşüncə düşməncəsinədirsə, o dərhal rədd edilməlidir.

25 aprel 2026, 22:14