2021.09.10 Meditazione di don Ferenc Janka sul vengalo di domenica "Chi sono io?"

Liturgiya oxunuşları: 24 APREL. Pasxanın III həftəsinin cüməsi

“Səmavi Çörək – gözləntiləri aşan bir hədiyyədir. Bədən və Qan – Xilaskarın bizə qida olaraq verilmiş insaniliyidir. Yevxaristiya qəlbimizdə duyduğumuz ümidə, həqiqətə və xilasa olan susuzluğu doyurur. Bu, problemləri sehrli şəkildə həll edən bir qüvvə deyil, yoxsullara ümid verən və onların hesabına ziyafət çəkənlərin təkəbbürünü məğlub edən Məsihin Bədənidir. Bu Çörək vasitəsilə İsa bizi xilas edir, əbədi ünsiyyət üçün Öz həyatı ilə bizim həyatımızı qidalandırır” (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ Həv  9, 1-20

Şaul Rəbbin şagirdlərinə qarşı hələ də ölüm hədələri yağdırırdı. Baş kahinin yanına gedib ondan Dəməşq sinaqoqlarına yazılan məktublar istədi ki, orada İsa yolunu tutan kişi və qadınlardan kimi tapsa, əl-qolunu bağlayıb Yerusəlimə gətirmək üçün səlahiyyəti olsun. Dəməşqə yollanıb oraya yaxınlaşanda birdən göydən gələn bir işıq onun ətrafında parladı. Şaul yerə yıxıldı və bir səs eşitdi, ona deyirdi: «Şaul, Şaul, niyə Məni təqib edirsən?» Şaul ona dedi: «Ey Ağam, Sən kimsən?» O cavab verdi: «Mən sənin təqib etdiyin İsayam. Qalx ayağa, şəhərə get və nə etmək lazımdırsa, sənə deyiləcək». Şaulla birlikdə yola çıxan adamlar yerlərindəcə susub qalmışdı. Səsi eşitsələr də, heç kimi görə bilmədilər. Şaul yerdən qalxdı, amma gözlərini açanda heç nə görə bilmirdi. Sonra onun əlindən tutub Dəməşqə apardılar. Üç gün ərzində Şaulun gözləri görmədi və o nə yedi, nə də içdi. Dəməşqdə İsanın şagirdlərindən Xananya adlı bir nəfər var idi. Rəbb görüntü vasitəsilə «Xananya!» deyə çağırdı. O cavab verdi: «Bəli, ya Rəbb!» Rəbb ona dedi: «Qalx, “Düz Küçə” adlanan küçəyə get və Yəhudanın evində adı Şaul olan Tarsuslu bir adamı soruş. Hal-hazırda orada dua edir. O, görüntüdə görüb ki, yanına Xananya adlı bir kişi gəlib onun üzərinə əllərini qoyur ki, gözləri açılsın». Xananya cavab verdi: «Ya Rəbb, bu kişi barədə çoxlarından eşitmişəm ki, Yerusəlimdə Sənin müqəddəslərinə nə qədər pislik edib. Burada Sənin adını çağıranların hər birinin əl-qolunu bağlamaq üçün başçı kahinlərdən səlahiyyət alıb». Amma Rəbb ona dedi: «Get! Başqa millətlərə, padşahlara və İsrail övladlarına Öz adımı bəyan eləmək üçün bu adam seçdiyim alətdir. Mənim adım uğrunda çəkəcəyi əzabın nə qədər böyük olduğunu ona göstərəcəyəm».  Bundan sonra Xananya gedib həmin evə girdi və əllərini Şaulun üstünə qoyub dedi: «Qardaşım Şaul, Rəbb, yəni bura gələrkən yolda sənə görünən İsa məni göndərdi ki, sənin gözlərin açılsın və Müqəddəs Ruhla dolasan». O andaca Şaulun gözlərindən sanki pulcuqlar töküldü və Şaul təkrar görməyə başladı. O qalxdı və vəftiz oldu.  Sonra yemək yeyib taqətə gəldi. Bir neçə gün Şaul Dəməşqdə olan şagirdlərin yanında qaldı. Dərhal sinaqoqlarda İsanın Allahın Oğlu olduğunu vəz etməyə başladı.

Təfsir

Müqəddəs Paulun iman gətirməsi  - həyatın, ölümün və dirilmənin sirli tarixidir. Həyat: Şaul azğın bir yolla irəliləyirdi. O, rəqiblərini fiziki olaraq məhv etməyə can atır, onları həbs edib zindana salmaq üçün səlahiyyət axtarırdı. Ölüm: qəfil yıxılma, göylərdən gələn səs və üç gün sükut və oruc içində keçən “cəhənnəmə eniş”. Bu üç günün boşluğu və qaranlığı – ilkin günahın nəticəsi olan ölümün rəmzidir. Dirilmə: bu isə Şaulun zəncirləmək istədiyi Məsihin əməli ilə baş verir. Rəbb onu qardaş deyə çağırır və gözlərini açır ki, o, varlığın həqiqi dəyərini görsün. Yenidən görmə qabiliyyəti qazanan Şaul, sanki yenidən doğulmuş kimi, vəftiz olunmağı xahiş edir və beləliklə, Məsihdə yeni həyat üçün dirilir. Mülayim Ananiyanın qucağında o, sevginin hökm sürdüyü xristian ailəsinin üzvünə çevrilir. Şaul bu sevgini qəzəb içində olduğu zaman anlaya bilmirdi. Beləliklə, məhz sevgi yeni həyat bəxş edir: iman yoluna dönmüş Şaul dərhal ailəni və Məsihin Kilsəsini təşkil edən qardaşları tapır. Allahın yoluna qədəm qoyan hər bir insan həvari Paulun izləri ilə irəliləyir.

İNCİL Yəhya 6, 52-59

Bunun cavabında Yəhudilər «Bu Adam yemək üçün Öz ətini bizə necə verə bilər?» deyib bir-birləri ilə mübahisə etdilər. Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Bəşər Oğlunun ətindən yeyib qanından içməsəniz, daxilinizdə həyat olmayacaq. Mənim ətimdən yeyib qanımdan içən əbədi həyata malikdir və Mən onu son gündə dirildəcəyəm. Çünki Mənim ətim həqiqi yemək, qanım da həqiqi içkidir. Mənim ətimdən yeyib qanımdan içən Məndə qalır, Mən də onda qalıram. Var olan Ata Məni göndərdiyi kimi, Mən də Atanın sayəsində yaşadığım kimi Məndən yeyən də Mənim sayəmdə yaşayacaq. Göydən enmiş çörək budur, ata-babalarınızın yediyi kimi deyil. Onlar öldülər, amma bu çörəyi yeyən əbədi yaşayacaq». İsa bu sözləri Kefernahumda, sinaqoqda təlim öyrədərkən söylədi.

Təfsir

Biz Həyat Çörəyi haqqında söhbətin zirvəsinə, dünyanı iki yerə ayıran o sərhədə gəlib çatdıq: «Bəşər Oğlunun ətindən yeyib qanından içməsəniz, daxilinizdə həyat olmayacaq». Görünür ki, Məsihin Bədəninə şərik olmaq – əbədi həyata daxil olmaq istəyən insan üçün sadəcə istəyə görə seçilən və ya rədd edilən bir şey deyil. Əlbəttə, əgər insan Rəbbi öz günahı olmadan tanımırsa (məsələn, Katolik Kilsəsinin olmadığı bir ölkədə doğulub yaşayırsa), o bu Çörəklə qidalana bilməz. Lakin həqiqət dəyişməz qalır: xilas üçün Məsih zəruridir, çünki O, dünyanın yeganə Xilaskarıdır. O, dirilərin və ölülərin Hakimidir. O, Yol, Həqiqət və Həyatdır. Əgər biz bunu bilirik, necə ola bilər ki, bizə təmənnasız bəxş edilən Allahın Bədəninə laqeyd yanaşaq? İsa Ona sadəcə baxmağımızı, Ondan heyran qalmağımızı və ya Onu tərifləməyimizi istəmir: O istəyir ki, biz Onunla qidalanaq və bu, müqayisə olunmaz dərəcədə daha böyük bir ənamdır. Xristian həyatının bu ən uca həqiqətini qəbul etmək üçün böyük iman tələb olunur. Belə bir söz əvvəllər heç vaxt eşidilməmişdi və dinləyicilərin çaşqın qalması da başa düşüləndir. Amma Yevxaristiya qurbangahına təvazökarlıqla və imanla yaxınlaşan bizlər artıq bu sirrin iştirakçılarıyıq.

24 aprel 2026, 08:00