2021.11.14 Vangelo di domenica

Liturgiya oxunuşları: 23 APREL. Pasxanın III həftəsinin cümə axşamı

“İsa göydən enmiş, əbədi həyat verən Çörəkdir. Yəhudilər üçün həqiqi səmavi çörək Tövrat, Allahın Kəlamı idi. Özünü Çörək kimi təqdim etməklə İsa şəhadət verir ki, O, məhz təcəssüm olunmuş Kəlamdır. O, insanı Allahın öz həyatına aparır, onu bir anlıq deyil, əbədi olaraq doyurur. Onun vasitəsilə biz Atanın iradəsini öz qidamız edə bilərik; bu qida yer üzündəki bütün həyat yolumuz boyunca varlığımızı istiqamətləndirir və möhkəmləndirir” (Papa XVI Benedikt).

BİRİNCİ OXUNUŞ Həv  8, 26-40

Bu zaman Rəbbin bir mələyi Filipə belə dedi: «Dur, cənuba tərəf, Yerusəlimdən Qəzzəyə düşən yola – səhra yoluna çıx». Filip qalxıb getdi. Yolda Həbəşli bir hərəmağası ilə rastlaşdı. Bu, kandakinin, yəni Həbəşlilərin mələkəsinin vəzirlərindən biri idi. O, mələkənin bütün xəzinəsinə cavabdeh idi. Yerusəlimə ibadət etmək üçün gəlmişdi. Arabasına oturub geri qayıdarkən Yeşaya peyğəmbərin kitabını oxuyurdu. Ruh Filipə dedi: «Get, bu arabaya çatıb yanında qal». Filip qaça-qaça arabanın yanına gəldi və eşitdi ki, hərəmağası Yeşaya peyğəmbərin kitabını oxuyur. Ondan soruşdu: «Görəsən oxuduğunu başa düşürsənmi?» Hərəmağası ona dedi: «Əgər mənə yol göstərən yoxdursa, bunu necə başa düşmək olar?» Sonra Filipdən xahiş etdi ki, arabaya minib onun yanında otursun. O, Müqəddəs Yazılardan bu hissəni oxuyurdu: «Kəsilməyə aparılan qoyun kimi, qırxanların qabağında dilsiz quzu kimi ağzını açmadı. Alçaldığı zaman ədalətdən məhrum oldu. Onun nəslini kim təsvir edə bilər? Onun həyatı yer üzündən götürülür». Hərəmağası Filipdən soruşdu: «Xahiş edirəm, deyin, burada peyğəmbər kimdən bəhs edir, özündən, yoxsa başqasından?» Bundan sonra Filip sözə başlayıb danışdı və Müqəddəs Yazıların bu hissəsindən başlayıb İsa barədə olan Müjdəni bəyan etdi. Onlar yol gedə-gedə gəlib su olan yerə çatdılar. Hərəmağası dedi: «Burada su var. Mənim vəftiz olmağıma nə isə mane olurmu?» Sonra əmr etdi ki, araba dayansın. Filip hərəmağası ilə birgə suya girdi. Beləliklə, Filip hərəmağasını vəftiz etdi.  Sudan çıxanda Rəbbin Ruhu Filipi götürüb oradan uzaqlaşdırdı. Filipi bir daha görməyən hərəmağası sevinə-sevinə yoluna davam etdi. Filip bir də gördü ki, Aşdod şəhərinə gəlib-çıxıb. O, Qeysəriyyəyə çatanacan bütün şəhərləri gəzib-dolaşaraq Müjdəni yaydı.

Təfsir

Yəhudilər İsrailin yer üzündəki səltənətini quracaq Məsihi gözləyirdilər. Hətta həvarilərin özləri belə İsanın Göyə yüksəlişi günü soruşurdular: «Ya Rəbb, İsrailin səltənətini bu vaxtmı bərpa edirsən?» (Həv 1, 6). Heç kim təvazökar və iztirab çəkən Məsihi – öz missiyasını sakitcə özünü əzab verənlərin əlinə təslim edərək, sonra isə çarmıxda ölməklə yerinə yetirəcək bir öndəri gözləmirdi. Həbəşli hərəmağası, yadelli olduğuna görə, Yeşaya peyğəmbərin iztirab çəkən Məsih haqqında sözlərini tam anlamırdı. Lakin indi, Müqəddəs Ruh nazil olduqdan sonra, gizli olan nəhayət aşkar oldu. Diakon Filip Xilaskarı yer üzünün növbəti padşahı kimi deyil, Öz təcəssümü, ölümü və dirilməsi ilə insanı Allahla birləşdirən Şəxs kimi təqdim edir. Onda günahlar bağışlanır. Yüksək vəzifəli həbəşli məmur bunu dərk edən kimi, bütün qəlbi ilə bu Səltənətin bir hissəsi olmaq, Allahın övladı olmaq istədi və vəftiz olunmağı xahiş etdi. Bu, bəlkə də tarixdə ən qısa katexumenat dövrü idi! Lakin daha artığına ehtiyac da yox idi: əgər İsa Xilaskardırsa, bizə Səmavi Səltənəti açıb həqiqi məhəbbət yolunu göstəribsə, onda nə üçün tərəddüd etməliyik?

İNCİL Yəhya 6, 44-51

Əgər Məni göndərən Ata bir kəsi cəzb etməsə, o Mənim yanıma gələ bilməz. Yanıma gələni isə Mən son gündə dirildəcəyəm. Peyğəmbərlərin kitablarında yazılıb: “Onların hamısını Allah öyrədəcək”. Atadan eşidib öyrənən hər kəs Mənim yanıma gəlir. Əlbəttə, Allahdan gələn Şəxsdən savayı Atanı heç kəs görməyib, yalnız O, Atanı görüb. Doğrusunu, doğrusunu sizə deyirəm: iman edən əbədi həyata malikdir. Həyat çörəyi Mənəm. Ata-babalarınız çöldə manna yedilər və öldülər. Bu isə göydən enən elə bir çörəkdir ki, ondan yeyən şəxs heç vaxt ölməz. Göydən enmiş canlı çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz ətimdir».

Təfsir

Kefernahum sinaqoqunda Həyat Çörəyi haqqında uzun söhbətdə ritm getdikcə daha da gərginləşir və insanı heyrətə gətirən yekun həqiqətə – Məsihin Bədənindən yemək və Onun Qanını içmək zərurətinə gətirib çıxarır. Özünü Ona iman edənləri dirildən Şəxs kimi təqdim etdikdən sonra, İsa indi çörəyi Öz Bədəni ilə eyniləşdirir. Bu Bədən həyat verir, ölü olanı dirildir, insanidən ilahiyə keçidi həyata keçirir, insanı artıq burada və indi əbədi həyata şərik edir. Əgər həyat əbədidirsə, bu o deməkdir ki, onun nə başlanğıcı, nə də sonu var; o, həmişə mövcud olub, çünki bu, Allahın Öz həyatıdır. Beləliklə, kim bu Çörəkdən dadırsa, səmavi mübarək həyata daxil olur. Bu xəbər insanı sarsıdır, çünki belə bir “dadmaq” sadəcə dindar bir əməl və ya bir çox ruhani təcrübələrdən biri kimi deyil, həyat və ya ölüm məsələsi kimi təqdim olunur. XIV əsr Bizans rahibi və ilahiyyatçısı Nikolay Kavasila yazır: «Bu Müqəddəs Sirrdə biz yalnız digər Sirlərdə olduğu kimi, nə qədər bol olsalar da, tək Ruhun bəxşişlərini almırıq, əksinə, nemətləri bəxş Edənin Özünü, bütün lütfün dolğunluğunu özündə daşıyan xəzinəni qəbul edirik. Söhbət Dirilmiş Məsihə malik olmaqdan gedir; biz Ona məxsus olan hər hansı bir şeyə deyil, Onun Özünə sahib oluruq».

23 aprel 2026, 08:39