Axtar

2026.01.31 Gesù predica sul monte

Liturgiya oxunuşları: 22 APREL. Pasxanın III həftəsinin çərşənbəsi

“Məsih – insanın aclığına Allahın cavabıdır. Adi qida bizə faniliyi xatırladır, lakin İsa ilə, Həyat Çörəyi ilə qidalanaraq biz Onun üçün yaşayırıq. Biz Allahla qidalanmaq üçün yaradılmışıq. Yevxaristiya – Xilaskarın həqiqi mövcudluğudur; O, çörəyi Özünə çevirərək bizi də Özünə çevirmək istəyir. Müqəddəs Avqustinin sözlərinə görə, bu Çörək doyurur və tükənmir. Qəbul edilə bilən, lakin heç vaxt tükənməyən bir Çörəkdir” (Papa XIV Leo).

BİRİNCİ OXUNUŞ Həv  8, 1b-8

O gün Yerusəlimdə olan imanlılar cəmiyyətinə qarşı güclü təqib başladı. Həvarilərdən başqa bütün imanlılar pərən-pərən düşüb Yəhudeya və Samariyanın hər tərəfinə yayıldı. Bəzi mömin kişilər isə Stefanı dəfn etdi və onun üçün dərin hüznlə yas saxladılar. Amma Şaul imanlılar cəmiyyətini dağıtmağa başladı. Belə ki o, evdən-evə gedərək qadın-kişi bilmədən imanlıları sürüyüb zindana salırdı. Pərən-pərən düşən imanlılar hər yerdə Allahın kəlamını – Müjdəni yayırdı. Filip də Samariya şəhərinə gəlib Məsihi vəz edirdi. Filipi eşidib, göstərdiyi əlamətləri görən izdiham onun sözlərinə birlikdə diqqət yetirirdi. Natəmiz ruha tutulan çox adamdan bu ruhlar bərkdən çığıraraq çıxır, çox iflic və ayaqları şikəst olanlar şəfa tapırdı. 8 Ona görə bu şəhərdə bol sevinc var idi.

Təfsir

Müjdəçiliyin ilkin dövründə iki vəziyyət aydın şəkildə görünür: bir tərəfdən – amansız təqiblər; digər tərəfdən isə – “təqib olunanların” yaşadığı Müjdə sevincı və onların vasitəsilə baş verən böyük möcüzələr. Həvari Kilsəsində nə ilıq münasibətə, nə adi-sıradanlığa, nə də darıxdırıcılığa yer var. Mayalanma həddinə çatmışdı, çünki Müqəddəs Ruh insan tarixinə daxil olmuş, bütün bəşəriyyətin taleyini Özünə yüksəltmişdi. Yeni bir dövr başlandı, buna görə də şeytan da böyük güclə oyandı və təqiblər vasitəsilə bu prosesi dayandırmağa, hər cür ruh yüksəkliyini boğmağa, öz nuru ilə ümid yandıran, insanları imana gətirən, qəlbləri isidən vəftiz olunmuşları cəsarətdən məhrum etməyə çalışır. Bu iki qütb Kilsə həqiqətən Ruhda yeni həyata şəhadət verdikdə həmişə mövcud olur. “Mənimlə olmayan Mənə qarşıdır” (Matta 12,30), – deyir Rəbb İsa; ortada qalmaq mümkün deyil. Bunu təqibçi tərəfindən təqib olunan tərəfə keçən, orada isə ən böyük sevinc və əbədi həyat tapan Şaul yaxşı bilir.

İNCİL Yəhya 6, 35-40

İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz. Lakin sizə dedim ki, Məni görürsünüz, amma iman etmirsiniz. Atanın Mənə verdiyi şəxslərin hamısı yanıma gələcək və yanıma gələni heç vaxt kənara atmaram. Çünki Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirmək üçün göydən enmişəm. Məni Göndərənin iradəsi budur ki, Mənə verdiyi şəxslərin heç birini həlak olmağa qoymayım, lakin son gündə onları dirildim. Çünki Atamın iradəsi budur ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun və Mən onu son gündə dirildim».

Təfsir

Rəbb İsa – Səmavi Ataya aparan yol, körpü və keçiddir. Burada yəhudilər üçün tamamilə yeni bir ünsür ortaya çıxır. Onlar xilası bir xalq olaraq, kollektiv şəkildə düşünməyə öyrəşmişdilər. Yəhudilər özlərini müqəddəs, Allah tərəfindən sevilmiş, xüsusi taleyə malik bir xalq kimi dərk edirdilər; birinin günahı hamının günahı sayılırdı, eləcə də millətin taleyi hər kəs tərəfindən paylaşılırdı. İsraillinin Allahla münasibəti ilk növbədə Qanuna riayət etməklə ifadə olunurdu; ayrı-ayrı insan üçün mistik həyat, Uca Yaradanla “üz-üzə” birbaşa, şəxsi və dərin münasibət mövcud deyildi. İsa ilə isə hər şey dəyişir: artıq “imtiyazlı xalq” anlayışı yoxdur, kollektiv xilas anlayışı da aradan qalxır. Allahla şəxsi münasibət mümkün olur; daha da artıq, bizdən Onun Öz həyatına şərik olmaq tələb olunur, çünki ölümdən sonra Oğula iman edən şəxs Onun tərəfindən dirildiləcəkdir. Bu fikir də yenilik idi: yəhudilər mükafatı bu dünyada gözləyirdilər, ruhun ölümsüzlüyü və dirilmə barədə aydın və dəqiq təsəvvürləri yox idi. Beləliklə, İsanın sözləri yeni, qeyri-adi və təsəvvürə sığmayan bir üfüq açır: Onunla birlikdə göylərin qapıları taybatay açılır.

21 aprel 2026, 21:50