Liturgiya oxunuşları: 21 APREL. Pasxanın III həftəsinin çərşənbə axşamı
BİRİNCİ OXUNUŞ Həv 7, 51-59
Ey dikbaş, həm ürəkləri, həm də qulaqları “sünnət” edilməmiş insanlar, ata-babanız kimi siz də həmişə Müqəddəs Ruhun əleyhinə çıxırsınız. Ata-babalarınızın təqib etmədiyi peyğəmbər varmı? Onlar Saleh Olanın zühuru barədə əvvəlcədən xəbər verənləri belə, öldürdülər. Sizsə bu Saleh Olana xəyanət edərək Onu qətlə yetirdiniz. Mələklər vasitəsilə verilən Qanunu aldınız, lakin ona riayət etmədiniz». Ali Şuranın üzvləri bu sözləri eşidəndə çox qəzəbləndilər və Stefana dişlərini qıcırtdılar. Müqəddəs Ruhla dolan Stefan isə gözlərini göyə dikib Allahın ehtişamını və Allahın sağında dayanan İsanı gördü. O dedi: «Baxın, mən göylərin yarıldığını və Bəşər Oğlunun Allahın sağında dayandığını görürəm». Onlar qulaqlarını tutub haray qopardılar və hamısı birlikdə Stefanın üstünə hücum çəkdilər. Onu şəhərdən kənara çıxarıb daşqalaq etdilər. Stefanın əleyhinə şahidlik edənlər öz üst geyimlərini Şaul adlı bir gəncin ayaqları altına qoydular. Stefan üstünə yağan daşlar altında belə yalvarırdı: «Ya Rəbb İsa, ruhumu qəbul et». Sonra diz çöküb ucadan nida etdi: «Ya Rəbb, bunu onlara günah sayma». Bunu deyəndən sonra gözlərini bu həyata yumdu. Stefanın qətlindən Şaul da razı qalmışdı.
Təfsir
İlk şəhid olan Müqəddəs Stefan ilə Sinedrion üzvləri arasındakı qarşıdurma birbaşa Müqəddəs Ruhla bağlıdır. Stefan itaət göstərir və Allahın Ruhuna özündə danışmağa imkan verir. İsa Məsih belə peyğəmbərlik etmişdi: «Sizi Mənə görə hökmdarların və padşahların qarşısına aparacaqlar ki, onlara və bütpərəstlərə şəhadət verəsiniz. Sizi təslim edəndə necə və nə deyəcəyiniz barədə qayğı çəkməyin; çünki həmin saat sizə nə demək lazım olduğu veriləcək. Çünki danışan siz olmayacaqsınız, Atanızın Ruhu sizin daxilinizdə danışacaq» (Matta 10, 18–20). Xalqın rəhbərləri isə, Stefanın dediyi kimi, «həmişə Müqəddəs Ruha qarşı çıxırlar». Məsələnin mahiyyəti də bundadır: Müqəddəs Ruh üçün açıq, “şəffaf” və Ona keçid verən olmaq, yaxud da Onun qarşısında qapını bağlayaraq Onu rədd etmək. Müqəddəs Ruh, daha sonra həvari Paulun söylədiyi kimi, ürəklərimizə tökülmüşdür və varlığımızın dərinliklərindən Allahın Öz sözləri ilə danışır, çünki O, elə Allahın Özüdür (Rom 5,5). Bizə gələn bütün xeyirli ilhamlar, vicdanın səsi, Müqəddəs Yazılarda oxuduğumuz ilahi kəlamlar – bunların hamısı ürəyimizə daxil olmaq və bizi dəyişdirmək istəyir. Gəlin müqavimət göstərməyək! O zaman biz də Müqəddəs Stefanın malik olduğu eyni azadlığa və söz qüdrətinə nail olarıq.
İNCİL Yəhya 6, 30-35
Onlar İsaya dedilər: «Sən nə əlamət göstərərsən ki, görüb Sənə inanaq? Nə iş görəcəksən? Ata-babalarımız çöldə manna yedi; bu barədə yazılıb: “Onlara yemək üçün göydən çörək verdi”». Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizə göydən çörək verən Musa deyildi, göydən həqiqi çörəyi sizə verən Atamdır. Çünki Allahın çörəyi budur ki, göydən enir və dünyaya həyat verir». Ona dedilər: «Ağa, Sən daim bizə bu çörəyi ver». İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz.
Təfsir
Manna ilə müqayisə Kefernahum sinaqoqunda Həyat Çörəyi haqqında söhbətin başlanğıcını açır. Bu rəmz hər kəs üçün aydın idi: uşaqlıqdan etibarən yəhudilərə qırx il səhrada yaşayan xalqın hekayəsi dəfələrlə danışılırdı. Allah hər gün möcüzəvi şəkildə onlara qida göndərirdi və onlar bunun sayəsində sağ qalırdılar. İsa Məsih bu həqiqətlərə istinad edərək bəyan edir: bundan sonra o manna artıq lazım deyil, çünki onun yerinə başqa bir qida gəlir — bədəni deyil, ruhu bəsləyən qida, və bu «həqiqi çörək» elə Onun Özüdür. Müqayisə yenə də son dərəcə aydındır: «həqiqi çörək» ruhu, yəni həqiqi həyatı qoruyur, çünki bədənin ölümündən sonra həyat «həqiqi ölçüdə» davam edir. İsa Məsih insanı yalnız fiziki aclığı doyurmağa deyil, «həqiqi aclığa» — sonsuzluğa susuzluğa, insan təbiətinin sərhədlərini aşmaq və yer üzündəki varlığımıza əbədiyyət qazandırmaq ehtiyacına yönəlməyə çağırır. Bu aclığın yalnız bir cavabı var: Allah olan İsa Məsihlə qidalanmaq lazımdır, çünki yalnız O, hamının axtardığı həyatdır. Bu, görünməmiş narazılıq doğurur, lakin həqiqət dəyişməz qalır: Allaha və Onun həyatına aparan yeganə yol Məsihlə qidalanmaqdır.