Giovedì santo, Lavanda dei piedi, Giotto, Cappella Scrovegni, 1304-1306

Liturgiya oxunuşları: 2 APREL. Rəbbin Son Şam Süfrəsinin xatirəsi

“Allahın taxtları yoxdur: Müəllim dəsmalla belini bağlayır və hər kəsin qarşısında diz çökür. Onun ‘imperiyası’ dostlarının ayaqlarını yumağa yetəcək qədər bir məkandır. Bu, dünyaya hakimiyyət mövqeyindən deyil, ‘aşağıdan’, əzab çəkənlərin və kiçiklərin gözü ilə baxmağa çağırışdır. Əks halda heç nə dəyişməyəcək və ədalət zamanı gəlməyəcək. Müqəddəs Məryəm də ‘Magnificat’ nəğməsində sonuncuların tərəfində dayanır və yeni göy və yeni yeri arzulamağı öyrədir” (Papa XIV Leo).

PASXA ÜÇGÜNLÜYÜ - TRİDUUM: LİTURGİYA İLİNİN ZİRVƏSİ

Pasxa Triduumu bütün liturgiya ilinin mərkəzi və xristian ibadət həyatının zirvəsidir.

1. Müqəddəs Cümə axşamı (2 aprel). Axşam “Rəbbin Son Şam Süfrəsi” Messası ilə başlayır. Bu gün İsanın son şam yeməyi, Yevxaristiyanın və xidmətçi kahinliyin  - keşişliyin təsisi xatırlanır. Liturgiya rəngu: ağ.

2. Müqəddəs Cümə və ya Əzablar Cüməsi (3 aprel). Çarmıx, sükut və səcdə günüdür. Bu, Əzabların anıdır; Allahın məhəbbəti insanın hər birinə ən yaxın şəkildə təzahür edir. Liturgiya rəngi: qırmızı.

3. Müqəddəs Şənbə (4 aprel). Şagirdlərin çaşqınlıq günü; İsa qəbirdədir. Lakin imanla dolu olan Müqəddəs Məryəmin oyaq qəlbini kədər bürümür. Şənbə gecəsinin qaranlığına Pasxa Gecə ibadətinin nuru daxil olur: “Rəbb həqiqətən dirildi!”. Liturgiya rəngi: ağ (gecə ibadətində).

4. Pasxa (5 aprel). Triduumun zirvəsi, Dirilmə Axşam duası ilə tamamlanır. Bu gün sevinclə “Məsih dirildi! Alleluya!” səslənir. Liturgiya rəngi: ağ.

BİRİNCİ OXUNUŞ Çıx 12,1-8.11-14

Misir torpağında Rəbb Musaya və Haruna dedi: «Bu ay sizin üçün ilin ilk ayı olacaq. Bütün İsrail icmasına söyləyin: qoy bu ayın onuncu günündə hər kəs öz ailəsi üçün bir quzu, hər ev üçün bir quzu götürsün. Əgər bir adamın ailəsi bir quzu üçün sayca azdırsa, qoy o adam evinə yaxın qonşusu ilə birgə bir quzu götürüb insanların sayına, hər kəsin yeyəcəyinə görə bölsün. Özünüzə birillik qüsursuz erkək heyvan götürün: ya qoyunlardan bir toğlu yaxud keçilərdən bir çəpiş olsun. Onu ayın on dördüncü gününə qədər saxlayın. Qoy axşamçağı bütün İsrail icmasının camaatı onu kəssin. Qurbanın qanından götürüb onu yeyəcəkləri evin qapısının hər iki yan taxtasına və üst dirəyinə sürtsünlər. Qoy həmin gecə onun ətini yesinlər; əti odda bişirib mayasız çörək və acı göyərti ilə yesinlər. Onu belə yeyin: beliniz qurşanmış, çarıqlarınız ayağınızda və dəyənəyiniz əlinizdə olsun, onu tələsik yeyin. Bu, Rəbbin Pasxasıdır. Mən isə o gecə Misir torpağından keçəcəyəm. Misir torpağında olan həm insanların bütün ilk oğullarını, həm də heyvanların bütün ilk balalarını öldürəcəyəm. Bütün Misir allahlarına da cəza verəcəyəm. Rəbb Mənəm. Sizin olduğunuz evlər üzərindəki qan sizin üçün əlamət olacaq. Qanı görəndə yan keçəcəyəm və Misir ölkəsini cəzalandırdığım zaman sizə məhvedici bəla gəlməyəcək. Bu gün sizin üçün xatirə günü olacaq və onu Rəbb üçün bayram edəcəksiniz. Nəsildən-nəslə əbədi qayda olaraq onu bayram edin.

Təfsir

Misirdə baş verən hadisə ilk rəsmi Pasxa idi. “Pasxa” (Pesax) sözünün özü “keçid” mənasını verir — bir yerdən digər yerə keçidi ifadə edən bir termindir: “Çıxış” kitabında bu, Misirdən Vəd olunmuş Torpağa çıxışı bildirir. İsrailə çatdıqdan sonra seçilmiş xalqın üzvləri bu yeməyi hər il simvolik şəkildə təkrarlamalı idilər (israillilər bu ənənəni bu günə qədər qoruyurlar), acı otlar və qovrulmuş quzu yeyərək, müəyyən olunmuş ayinə əməl edirdilər. Bütün bunlar həqiqi Qurban Quzunun — Nazaretli İsanın gəlişini hazırlayır və əvvəlcədən xəbər verir. O, günahsız olduğu halda ölümü qəbul edir və günahların bağışlanması üçün Öz qanını tökür: budur, günahdan lütfə olan həqiqi keçid. Bildiyimiz kimi, məhz yəhudi Pasxasının qeyd olunduğu vaxt, on iki həvari ilə birlikdə, Rəbb “əvəzlənməni” elan edir: “Alın, yeyin, bu Mənim Bədənimdir; alın, için, bu Mənim Qanımdır”. Bu andan etibarən Əhd yalnız yeni deyil, həm də əbədi olur. Bu, Müqəddəs Məssadır. Hər dəfə onu icra etdikdə biz sadəcə keçmişi xatırlamır və ya əhdi yeniləmirik — biz onun içinə daxil oluruq, onu öz həyatımıza çeviririk və bu İlahi “keçid”ə tam şəkildə qərq oluruq.

İKİNCİ OXUNUŞ 1 Kor 11,23-26

Çünki sizə çatdırdığım bu xəbəri Rəbbin Özündən qəbul etmişəm: Rəbb İsa Ona xəyanət edildiyi gecə əlinə çörək götürdü, şükür edib onu böldü və dedi: «Bu Mənim sizin üçün verilən† bədənimdir. Bunu Məni xatırlamaq üçün edin». Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir. Bunu hər dəfə içəndə Məni xatırlamaq üçün edin». Çünki hər dəfə bu çörəyi yeyəndə və bu kasadan içəndə siz Rəbbin gəlişinədək Onun ölümünü bəyan edirsiniz.

Təfsir

İsa niyə Yevxaristiyanı təsis etdi? Biz Onun Allah və Xilaskar olduğuna Messasız də iman edə bilərdik; Ona evdə, kilsəyə getməyə ehtiyac duymadan, dua edə bilərdik. Biz çox şey edə bilərdik… Amma Allah başqa cür qərar verdi. O dedi: “Bəşər Oğlunun ətindən yeyib qanından içməsəniz, daxilinizdə həyat olmayacaq” (Yəh 6,53). Bioloji olaraq yaşamaq üçün hər gün yeməli və içməliyik. Eyni şəkildə, ruhani həyat da Məsihin Bədəni və Qanı ilə qidalanmalıdır. Dirilmiş İsanın Bədəni “bizim” olmalıdır ki, biz Onun həyatını ruhani səviyyədə yaşaya bilək, asılılıqlardan və hər cür şərdən şəfa tapaq; çünki heç kim təkbaşına bunun öhdəsindən gələ bilməz. Bunu Allahın Özü təsis etmişdir, bu, sonradan həvarilərin ixtirası deyil. Müqəddəs Messa həqiqətən də bizim həyatımız və ən böyük sevincimizdir.

İNCİL Yəhya 13,1-15

Pasxa bayramı ərəfəsi idi. İsa artıq bu dünyadan ayrılıb Atanın yanına gedəcəyi məqamın gəldiyini bilirdi. O, dünyada Özünə məxsus olanları həmişə sevmişdi və axıra qədər də sevdi.  Axşam yeməyi zamanı iblis artıq Ona xəyanət etmək fikrini Şimon İskaryot oğlu Yəhudanın ürəyinə qoymuşdu. İsa Atanın hər şeyi Onun ixtiyarına verdiyini, Allahdan gəldiyini və Allahın yanına qayıdacağını bilirdi. O, süfrədən qalxıb üst paltarını bir yana qoydu və bir dəsmal götürüb belinə bağladı. Sonra ləyənə su töküb şagirdlərin ayaqlarını yumağa və belinə bağladığı dəsmalla silməyə başladı. İsa Şimon Peterə yaxınlaşanda o, İsaya «Ya Rəbb, Sənmi mənim ayaqlarımı yuyacaqsan?» dedi. İsa cavabında ona dedi: «Mənim nə etdiyimi sən indi bilməzsən, amma sonra anlayacaqsan». Peter Ona dedi: «Mənim ayaqlarımı heç vaxt yumayacaqsan!» İsa ona cavab verdi: «Əgər səni yumasam, Mənim yanımda yerin olmaz».  Şimon Peter Ona dedi: «Ya Rəbb, təkcə ayaqlarımı deyil, əllərimi və başımı da yu». İsa ona dedi: «Çimmiş adam üçün təkcə ayaqlarını yumaq kifayətdir, çünki başdan-başa təmizdir. Siz də təmizsiniz, amma hamınız yox». Çünki Ona kimin xəyanət edəcəyini bilirdi, buna görə də «hamınız təmiz deyilsiniz» söylədi. İsa onların ayaqlarını yuduqdan sonra paltarını geyindi və yenə süfrəyə oturaraq onlara dedi: «Mənim sizə nə etdiyimi bilirsinizmi? Siz Məni “Müəllim” və “Rəbb” deyə çağırırsınız və doğru deyirsiniz, çünki Mən elə Oyam. İndi ki Mən Rəbb və Müəllim olduğum halda sizin ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarını yumalısınız.  Çünki sizə nümunə göstərdim ki, Mənim sizə etdiyimi siz də bir-birinizə edəsiniz.

Təfsir 

Həvarilər şoka düşmüşdülər. Təsəvvür edin ki, bir universitet professoru mühazirədən sonra heç nə demədən tələbələrin arasından keçərək əlində su qabı və sabunla onların ayaqlarını yuyur. Həvarilər İsanı məhz belə qəbul edirdilər: Rəbb, Müəllim, ən yüksək səviyyəli ustad, üstəlik möcüzələr göstərən və xəstəlikləri sağaldan biri kimi. Və birdən-birə O, hər şeyi alt-üst edir: “Öz üst geyimini çıxararaq” sanki Öz rolundan imtina edir. On İkilərin gözündə O, varlı evlərdə hörmətli qonaqları qarşılamaq və uzun yoldan sonra onların ayaqlarını yumaq vəzifəsi olan ev xidmətçisi və ya qul kimi olur. Peterin tərəddüdü tamamilə başa düşüləndir: o, Müəlliminin bu şəkildə Öz statusundan imtina etməsini qəbul edə bilmir. Lakin çox keçmədən o, daha da sarsıdıcı bir mənzərə görəcək: Öz Müəllimini işgəncə çəkmiş və Xaça mıxlanmış halda — ən aşağı qulların və ya adi cinayətkarların öldüyü bir ölümə məhkum edilmiş şəkildə. Buna görə də,  məhz biz “öz geyimlərimizi çıxarmalıyıq” ki, həqiqi Pasxanın yeni düşüncəsinə daxil olaq; bu isə yaxınını sevmək, xidmət etmək və sonuncu olmağa hazır olmaq deməkdir ki,  özümüzdə Xilaskar İsanın varlığını aşkar edək.

01 aprel 2026, 22:59