2024.03.09 Gesù parla a Nicodemo

Liturgiya oxunuşları: 16 APREL. Pasxanın II həftəsinin cümə axşamı

“Son hökm artıq bizim həyatımızda baş verir. O, hər an bir suala cavab olaraq həyata keçir: biz Məsihdə olan xilası qəbul edirikmi, yoxsa özümüzə qapanmağı seçirik? Əgər biz İsanın məhəbbətinə qarşı qapalıyıqsa, özümüz özümüzü mühakimə edirik. Xilas – Ona açıq olmaqdır. Hamımız günahkarıq, lakin əgər Ona daha yaxşı olmaq arzusu ilə yaxınlaşırıqsa, O, bağışlayır. İsanın məhəbbəti hər şeydən güclüdür, mərhəmətlidir” (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ Həv 5, 27-33

Onlar həvariləri Ali Şuranın qarşısına gətirdilər. Baş kahin onlardan soruşdu: «Bu adla təlim öyrətməyi sizə qəti qadağan etmədikmi? Amma siz təliminizi bütün Yerusəlimə yaydınız və o Adamın qanını bizim boynumuza yükləmək istəyirsiniz». Peter və başqa həvarilər belə cavab verdi: «İnsana deyil, Allaha itaət etmək daha vacibdir. Ata-babamızın Allahı sizin çarmıxa çəkib öldürdüyünüz İsanı diriltdi. İsrailə günahlarından tövbə və bağışlanma imkanı vermək üçün Allah Onu Bani və Xilaskar olaraq Öz sağ tərəfinə qaldırdı. Bu şeylər barədə biz şahidik, Allahın Özünə itaət edənlərə verdiyi Müqəddəs Ruh da şahiddir». Onlar bunu eşidəndə çox qəzəbləndi və həvariləri öldürmək istədilər.

Təfsir

İlk həvari vəzinin ən aydın xüsusiyyətlərindən biri son dərəcə cəsarət – yəni söz azadlığının tamlığıdır. Bu insanlar artıq heç nədən qorxmurlar, halbuki Müqəddəs Ruhun Enməsindən əvvəl onlar hətta həbs olunmaqdan ehtiyat edərək Sion otağından çıxmağa belə qorxurdular. Onlar sanki dinləyiciləri israrlı şəkildə belə sözlərlə təhrik edirlər: “Sizin öldürdüyünüz… Sizin çarmıxa çəkdiyiniz…”. Əlbəttə, bu təhrik qəsdən edilmir, lakin özü özlüyündə xeyirlidir, çünki İsanın ölümü və dirilməsi haqqında müjdə dinləyicidə mütləq bir reaksiya doğurmalıdır. Bunu ruhani və ümumbəşəri müstəviyə keçirsək, biz də həmin qatillərdən sayılırıq, çünki günahlarımızla Məsihin əzablarının və ölümünün səbəbkarı olduq (1 Kor 15,3). Deməli, biz də həvari Peterin sözlərini dinləyərkən özümüzü bu hadisəyə şərik hiss etməliyik. Fariseylərin ağsaqqalları buna “qəzəbə qapılaraq” və həvariləri ölümə məhkum etmək istəyərək reaksiya verirlər; sadə insanlar isə bu sözün ürəklərinə nüfuz etməsinə imkan verir (Həv 2,37) və tövbə edirlər.

İNCİL Yəhya 3,31-36

Yuxarıdan Gələn hamıdan üstündür. Yer üzündən olan yerə məxsusdur və yer barədə danışar, göydən Gələnsə hamıdan üstündür. Nə görüb-eşidibsə, ona şəhadət edər, amma şəhadətini heç kəs qəbul etməz. Onun şəhadətini qəbul edən kəs Allahın haqq olduğuna möhür basıb. Ona görə ki Allahın göndərdiyi Şəxs Allahın sözlərini söyləyər. Çünki Allah Ruhu hədsiz verir. Ata Oğulu sevir və hər şeyi Onun ixtiyarına verib. Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır.

Təfsir

İsanın Nikodimlə bu söhbətində Yəhya Müjdəsinə xas mövzular bir-birini izləyir: onların hamısı Allahın Oğluna iman və Səmavi Atanın iradəsini bizə açıqlayan yeganə Şəxs kimi Ona itaət üzərində cəmlənir; eyni zamanda göylə yerin, itaətlə itaətsizliyin arasındakı aydın fərq vurğulanır. Lakin burada xristian Vəhyinin bütün əzəmətini üzə çıxaran yeni bir ifadə ilə rastlaşırıq: Müqəddəs Ruh bizə “ölçüsüz” verilir. Üfüqü dar, ruhu məhdud, təcrübəsi isə sanki yalnız “öz həyətindəki” bir neçə adi şeylə məhdudlaşan insan ölçüyə sığmayan bir reallığı necə qəbul edə bilər? Məhz burada insan təbiətinin dərin sirri açılır: biz Sonsuzu qəbul edə bilirik, çünki özümüz də Onunla əhatə olunmuşuq. Bu, bizi sonsuz edirmi? Bizi əbədi edirmi? Xeyr. Lakin O, bizi Öz sonsuzluğuna, əbədiliyinə, qüdrətinə və gözəlliyinə şərik edir. Bunu məhəbbətlə edir, çünki Onun təbiəti Özünü bəxş etmək və bizi qəbul etməkdir. “İnsan özünü sonsuz dərəcədə aşır”, – deyə Bleyz Paskal bu həqiqəti ifadə etmişdir. Biz doğrudan da kim olduğumuzu dərk edirikmi? Əgər biz belə ucalıqlara çağırılmışıqsa, heç bir əhəmiyyəti olmayan şeylərə görə necə narahat ola bilərik?

15 aprel 2026, 22:55