2021.03.13 Gesù e Nicodemo

Liturgiya oxunuşları: 15 APREL. Pasxanın II həftəsinin çərşənbəsi

“Allah dünyanı o qədər sevdi ki, Öz Oğlunu verdi”. Bu sözlər, İncilin ürəyidir. Allah bizim tənhalığımızın sərhədini aşaraq tərk edilmişliyimizin dərinliklərinə enmiş, ölümün qapılarından keçmişdir. Allah uzaqda deyil, O, yanımızdadır ki, həyatımızı Öz məhəbbəti ilə doldursun. İsa Ona xidmət edilsin deyə deyil, xilas etmək və Öz həyatını vermək üçün gəldi. Onun qüdrəti cəzada deyil, xilasa aparan yolu açan mərhəmət və bağışlamada təzahür edir” (Papa XVI Benedikt).

BİRİNCİ OXUNUŞ Həv 5,17-26

Bu, baş kahini və yanındakıların hamısını, yəni sadukey təriqətinə mənsub olanları hərəkətə gətirdi, çünki qısqanclıqları aşıb-daşırdı. 18 Ona görə də həvariləri tutub ümumi zindana atdılar. Amma Rəbbin mələyi gecənin bir vaxtında gəlib zindanın qapısını açdı, onları bayıra çıxarıb dedi: «Gedin, məbəddə durun və camaata yeni həyatla bağlı sözlərin hamısını deyin». Həvarilər bunu eşidəndə səhər tezdən məbədə daxil olub təlimlərini öyrətməyə başladılar. Baş kahin və yanındakılar gəlib Ali Şuranı – İsrailin bütün ağsaqqallar məclisini çağırdı ki, bir yerə yığılsınlar. Onlar həvariləri gətirtmək üçün mühafizəçiləri zindana göndərdilər. Lakin mühafizəçilər gəlib zindanda həvariləri tapa bilmədi və geri qayıdıb belə xəbər verdilər: «Gördük ki, zindan bağlıdır, tamamilə nəzarət altındadır və gözətçilər qapıda dayanıb. Amma qapıları açanda içəridə heç kimi tapa bilmədik». Bu sözləri eşidən məbəd mühafizəçilərinin başçısı ilə başçı kahinlər «Bu işin sonu necə qurtaracaq?» deyə çaşıb-qaldılar. Elə bu zaman kimsə onların yanına gəlib xəbər verdi: «Baxın, zindana saldığınız adamlar məbəddə dayanıb camaata təlim öyrədir». Bu vaxt başçı ilə mühafizəçilər gedib həvariləri gətirdilər. Xalqın onları daşqalaq etməsindən qorxduqları üçün güc tətbiq etmədilər.

Təfsir

Allahın Kəlamını zəncirləmək mümkün deyil. Onu şərtlərlə məhdudlaşdırmaq, satın almaq və ya hədələmək olmaz: müqəddəs həvarilərin dili ilə o, dünyanın üzərində ucalaraq hər yerə nüfuz edir – qüdrətli, azad və səsləndiyi hər yerdə həyat bəxş edən bir Kəlamdır. Məhz buna görə mələk həvariləri zindandan azad edir: burada cılız insan maneələri aciz qalır. İncilin müjdəçiləri bu dünyanın təqibləri və zorakılığı ilə üzləşə bilərlər, lakin dünyanın ilahi müjdənin əzəmətini susdurmağa gücü çatmaz. Allahın adından danışan insanlar, hətta ölsələr belə, məğlubedilməzdirlər. İtalyan yazıçısı Covanni Quareski özünəməxsus istehza ilə deyirdi: “Məni öldürsələr belə, mən ölməyəcəyəm”. Cəsarət və azadlıq xristianlığın iki fərqləndirici xüsusiyyətidir. O, insan müdrikliyi üzərində deyil, Allahın niyyəti üzərində qurulub. Allah insanı elə yaratdı ki, o, bol həyat yaşasın, azad edilsin və bağışlansın, Müqəddəs Ruh vasitəsilə varlığın dolğunluğunu dərk etsin. Elə buna görə bir çox müəlliflər Həvarilərin İşləri Kitabını “Müqəddəs Ruhun İncili” adlandırırlar.

İNCİL Yəhya 3,16-21

Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi. Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib.  Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi. Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz. Həqiqətə əməl edənsə nura tərəf gələr ki, əməllərini Allah naminə etdiyi bəlli olsun.

Təfsir

Müjdəçi Yəhyanın ilahiyyatında insan reallığı aydın şəkildə iki yerə bölünür: Oğulu qəbul edib nurda yaşayanlar və Onu rədd edərək qaranlıqda qalanlar. Buğda və alaq haqqında məsəldə Rəbb İsa göstərir ki, bu iki zidd gerçəklik yanaşı mövcuddur. Bununla belə, insan tövbə edərsə, alaq yaxşı buğdaya çevrilə bilər; eyni şəkildə sağlam bitki də korlanma yoluna düşərək şərə çevrilə bilər. Beləliklə, əbədi xilas müəyyən mənada yalnız Allahdan deyil, həm də bizdən asılıdır. Çünki Allah artıq başlanğıcdan bütün dünyanı xilas edib (“Bəşər Oğlu dünyanı mühakimə etmək üçün deyil, dünyanın Onun vasitəsilə xilas olması üçün gəldi”). İnsan bu artıq bəxş edilmiş xilasa daxil olarsa, ona təqdim olunmuş qələbənin iştirakçısına çevrilir. Əgər insan inadla özünü, öz qüsurlarını və ehtiraslarını üstün tutarsa, bu halda artıq heç nə dəyişmir: Allah bizim iradəmizə və qərarlarımıza hörmət edir. Allaha gəlincə, O, artıq Öz hökmünü verib – və bu hökm Çarmıxdır, yəni bağışlanmadır. İndi seçim bizə aiddir və taleyimiz öz əlimizdədir.

14 aprel 2026, 22:18