Axtar

2020.04.16 2.a domenica di Pasqua Vangelo Cristo Risorto

Liturgiya oxunuşları: 12 APREL. Pasxanın II Rəbb günü

“Tomas hamımızı təmsil edir. İnanmaq hər zaman asan olmur, xüsusən də məyusluqlardan sonra. Məsihi tapmaq üçün Onu uzaqlarda axtarma: icmada qal, dua et və çörəyi başqaları ilə bölüş. O, məhz Kilsədə Öz yaralarını – nifrətə qalib gələn Məhəbbətin və ölümü tapdalayan Həyatın nişanələrini bizə göstərir. İcma olmadan İsanı tapmaq çətindir. Bütün tənəzzüllərimizə baxmayaraq, Kilsə Məsihin Bədəni olaraq qalır və Onun məhəbbəti orada əbədi olaraq möhürlənmişdir” (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ Həv  2,42-47

Onlar da özlərini həvarilərin təliminə, hər şeydə şərik olmağa, birgə çörək bölməyə və duaya həsr etdilər. Bütün imanlıların ürəyinə qorxu düşdü. Həvarilər vasitəsilə çoxlu xariqələr və əlamətlər göstərilirdi. İman edənlərin hamısı bir yerdə idi, bütün əmlaklarından da birgə istifadə edirdi. Onlar mallarını, mülklərini satıb pulu hər kəsə ehtiyacına görə paylayırdılar; hər gün məbədə yığılmaqda davam edir, evlərdə sevinə-sevinə, səmimi qəlbdən çörək bölüb yeyirdilər. Onlar Allaha həmd edir və bütün xalq qarşısında lütf qazanırdılar. Rəbb isə hər gün insanları xilas edir və imanlılara qoşurdu.

Təfsir

Dirilmiş Məsihə olan iman, inananlar və bu ümidi paylaşanlar arasında dərhal həmrəylik və dostluq hissi doğurur. İsanın Kəlamı və hüzuru Onun ətrafında bir ailə qurur və Məsihin mistik bədəni olan Kilsədə məhəbbət dövr edir. Lakin bu həqiqət indi də heç də hər zaman və dərhal nəzərə çarpmır. Kilsə icmalarında daha çox tənqid, toqquşma və bölünmələr gözə dəyir. Buna baxmayaraq, Müqəddəs Ruhun bəhrəsi məhz «Həvarilərin işləri» kitabında təsvir olunan o birlik halı olmalıdır. Cənnətdəki həyat Allahın tənha və izolyasiya olunmuş şəkildə seyr edilməsi deyil, müqəddəslərin (yəni xilas edilmişlərin) ünsiyyəti olacaqdır. Əgər birliyi görmürüksə, Müqəddəs Xuan de la Kruzun dediyi kimi, ilk addımı biz atmalıyıq: «Məhəbbət olmayan yerə məhəbbət əkin — o zaman məhəbbət biçəcəksiniz». Başqalarının başlamasını gözləməyək. Bu məhəbbət toxumlarını öz xristian icmamızda əkməyə çalışaq: tənqiddən qaçınmaq, səbir nümayiş etdirmək, hər kəsə doğru addım atmaq, başqalarına səxavətlə xidmət etmək. Və bütün bunları məhəbbətlə və məhəbbət naminə edək. Bu, bir növ mənəvi zahidlikdir  və lütfün köməyi ilə göstərilən bu səylər daxilimizdə müqəddəs həyat qurur.

İKİNCİ OXUNUŞ 1 Peter 1,3-9

Rəbbimiz İsa Məsihin Allahına – Atasına alqış olsun! O Öz böyük mərhəmətinə görə yenidən doğulmamızı təmin etdi. İsa Məsihin ölülər arasından dirilməsi ilə bizi canlı ümidə, çürüməz, ləkəsiz, solmaz bir irsə qovuşdurdu. Bu irs sizin üçün göylərdə saxlanılır. Siz Allahın qüdrəti ilə axır zamanda aşkar olunmağa hazır olan xilas üçün iman vasitəsilə qorunursunuz. Buna görə hal-hazırda qısa bir müddət cürbəcür sınaqlarda kədərə düşməyə məcbur olsanız da, hədsiz sevinirsiniz; belə ki imanınızın sınaqdan keçməsi İsa Məsihin zühurunda sizə tərif, izzət və şərəf gətirsin. Bu imanınız odla təmizlənsə belə, fani qızıldan daha çox dəyərlidir. Siz İsa Məsihi görməmisiniz, amma Onu sevirsiniz. Hətta siz Onu indi də görmürsünüz, lakin Ona iman edib təsvirolunmaz və izzətli sevinclə hədsiz sevinirsiniz. Çünki imanınızın nəticəsində canınızın xilasına nail olursunuz.

Təfsir

İman aktının əzəməti həqiqətən möhtəşəmdir. Müqəddəs Peter deyir ki, biz İsanı gözlərimizlə görmürük, lakin Onun daxilimizdəki hüzuru bizi daxili bir sevinclə coşdurur. Əslində, daxili gözlərimiz — iman gözlərimiz — İsanı hər gün görür, çünki əgər Allahın lütfündə yaşayırıqsa, O, bizimlədir və bizdədir. Daxilimizdə bütün kainatı sığdıran bütöv bir mənəvi dünya var. Bizim daxili duyğularımız (mənəvi görmə, toxunma, eşitmə) var ki, bunlar reallığı zahiri duyğu orqanlarının qavraya biləcəyindən daha geniş və dərindən yaşamağa imkan verir. Üstəlik, zahiri duyğular bizi aldada və həqiqəti gizlədə bilər. Şaul Dəməşq yolunda Rəbbi gözləri ilə görmədi, lakin onun daxili qavrayışı o qədər güclü idi ki, bu gələcək «millətlərin həvarisinin» həyatı kökündən və əbədi olaraq dəyişdi. Əslində o, İsanı daxilən «gördü» və bir daha Onu heç vaxt tərk etmədi.

İNCİL Yəhya 20,19-31

O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Sizə salam olsun!» dedi. Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər. İsa yenə onlara dedi: «Sizə salam olsun! Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm». Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: «Müqəddəs Ruhu alın! Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır». Lakin On İki şagirddən biri «Əkiz» adlanan Tomas İsa gələndə onların yanında deyildi. O biri şagirdlər Tomasa «Rəbbi gördük» deyəndə onlara söylədi: «Əgər Onun əllərində mıxların açdığı yaraları görməsəm, mıxların yerinə barmağımla toxunmasam, böyrünə də əlimi qoymasam, buna heç inanmaram». Səkkiz gündən sonra İsanın şagirdləri yenə otaqda toplaşanda Tomas da onların yanında idi. Qapılar bağlı olsa da, İsa içəri girdi. O ortada durub «Sizə salam olsun!» dedi. Bundan sonra Tomasa söylədi: «Barmağını buraya uzat, əllərimə bax, əlini də uzat, böyrümə qoy. İmansız olma, imanlı ol!» Tomas cavab verib Ona «Ya Rəbbim və Allahım!» dedi. İsa ona dedi: «Sən Məni gördüyün üçünmü iman etdin? Görmədən iman edənlər nə bəxtiyardır!» İsa şagirdlərinin gözü önündə bir çox başqa əlamətlər də göstərdi ki, bu kitabda yazılmayıb. Amma buradakılar onun üçün yazılıb ki, siz İsanın Məsih – Allahın Oğlu olduğuna inanasınız və iman edərək Onun adı ilə həyata malik olasınız.

Təfsir

Bir çox ilahiyyatçı və müqəddəs deyir ki, biz həvari Tomasa onun imansızlığına görə təşəkkür etməliyik, çünki məhz bunun sayəsində hər birimizə aid olan o bəxtiyarlıq kəlamı deyildi: «Görmədən inananlar nə bəxtiyardır!». Biz məhz bu kateqoriyaya aidik, çünki heç birimiz dirilmiş İsanı cismani gözlərlə görməmişik, lakin iman lütfü və Onun Öz Kilsəsinə fasiləsiz verdiyi həqiqət nişanələri sayəsində Ona inanmışıq və inanırıq. Lakin biz bu həvariyə başqa bir səbəbdən də minnətdar olmalıyıq: o, Məsihin ilahiliyni açıq şəkildə bəyan edən ilk şəxsdir və «Rəbb» və «Allah» sözlərini birbaşa İsaya aid edir. On iki həvaridən heç kim o ana qədər bu həqiqəti belə aydın ifadə işlətməmişdi. İsa Öz şagirdlərinə artıq sadəcə Müəllim, Xilaskar və ya «Ağa» kimi deyil, Səmavi Ata ilə eyni təbiətə və mahiyyətə malik olan Qadir Allah kimi görünür: «Rəbbim və Allahım!». Bir sözlə, hələ Nikeya Məclisindən çox-çox əvvəl burada Nazaretli İsanın əslində Kim olduğu bəyan edilir. Bu həqiqəti qəbul etmək asan deyildi — o dərəcədə ki, IV əsrdə Kilsə Məsihin ilahiliyini inkar edən ağır ariyan böhranını yaşadı. Lakin bizim imanımız budur: İsa Rəbbdir və Allahdır!

11 aprel 2026, 13:51