Liturgiya oxunuşları: 11 APREL. Pasxa oktavasının şənbəsi
BİRİNCİ OXUNUŞ Həv 4,13-21
Onlar Peter və Yəhyanın cəsarətini görəndə, onların savadsız, sadə insanlar olduğunu biləndə heyrətə düşdülər, amma tanıdılar ki, onlar İsa ilə birgə olmuşdular. Şəfa tapan adam Peter və Yəhya ilə birgə onların gözləri qarşısında durmuşdu, buna görə onların əleyhinə heç nə deyə bilmədilər. Ali Şuranın üzvləri onlara bayıra çıxmağı əmr edəndən sonra aralarında müzakirəyə başlayıb dedilər: «Bu adamlara nə edək? Bütün Yerusəlim əhalisinə aydın olub ki, bu adamların əli ilə əhəmiyyətli bir əlamət göstərilib və biz bunu dana bilmərik. Amma bu xəbərin xalq arasında daha çox yayılmasının qarşısını almaq üçün onlara hədə-qorxu gələk ki, bundan sonra bu Adı çəkib heç kimə heç nə deməsinlər». Beləcə onları çağırıb əmr verdilər ki, İsanın adını bəyan etmək və bu adla hər hansı bir təlim öyrətmək qadağandır. Lakin Peterlə Yəhya cavab verib dedilər: «Özünüz qərar verin, Allaha deyil, sizə qulaq asmaq Allahın gözündə nə qədər doğrudur? Axı eşidib-gördüklərimizi deməyə bilmərik». Ali Şuranın üzvləri onlara cəza vermək üçün imkan tapa bilmədiklərinə görə onları bir daha hədələyəndən sonra azadlığa buraxdılar. Çünki bütün xalq baş verən hadisəyə görə Allahı izzətləndirdi.
Təfsir
Həvarilərin ağzını təhdidlərlə yummağa çalışırlar, lakin onlar susa bilmirlər. Həmin andan etibarən Müjdə bütün gücü ilə yayılmağa başlayır, çünki həvarilər böyük bir şövqlə, qətiyyətlə danışır, hətta möcüzələr yaradırlar. Çox qısa bir zaman ərzində o dövrkü dünyanın böyük hissəsinin xristianlığı qəbul etməsi təəccüblü deyil. Xalqları fəth edən məhz bu insanların gümrahlığı, gücü və sevincidir; onlar təqiblərə və əzaba dözür, lakin tapdıqları və yaşadıqları o lütfü gizlədə bilmirlər. Demək olar ki, dünya həvarilərin və ilk xristianların hüzuru ilə «başqalaşır». Yeni doğulan Kilsənin möcüzəsi də elə bundadır: heç bir insani vasitəyə sahib olmadan onlar xristian həyatını yayır, dünya isə qədim kədər və bütpərəstlik zəncirlərindən azad olur. Əlbəttə, hər şey ideal deyildi, problemlər kifayət qədər idi, lakin insanı həqiqətən heyrətə salan şey — ilk xristianların coşqusunun dolğunluğu, onların yaradıcı azadlığı və diri, dirilmiş İsaya olan məhəbbətidir. Dünyanın nuru və yerin duzu olmaq çağırışı da məhz budur.
İNCİL Mark 16,9-15
İsa həftənin birinci günü səhər tezdən, diriləndən sonra əvvəlcə yeddi cin qovduğu Məcdəlli Məryəmə göründü. Məryəm gedib İsanın yanında olub, indi isə yas tutaraq ağlayanlara xəbər verdi. Amma onlar İsanın diri olduğunu və Məryəmə göründüyünü eşidərkən inanmadılar. Bundan sonra İsa kənd yerinə gedən yoldan keçən onlardan ikisinə başqa surətdə göründü. Onlar geri qayıdıb o birilərinə xəbər verdilər, amma o biriləri də bunlara inanmadılar. Nəhayət, İsa süfrəyə oturan On Bir şagirdə göründü; onları imansızlıqlarına və ürəklərinin inadkar olduğuna görə məzəmmət etdi, çünki Onun diri olduğunu görənlərə inanmamışdılar. İsa şagirdlərinə dedi: Dünyanın hər tərəfinə gedin, bütün yaradılışa Müjdəni vəz edin.
Təfsir
Müqəddəs Markın İncilində Dirilmişin görünməsi qısa təsvir olunub və onların hamısı «inanmaq» sözü üzərində cəmlənib. Məcdəlli Məryəm, daha sonra isə iki şagird İsanı gördülər, lakin On bir həvari onlara inanmadı. Həvarilər üçün bu, bir növ təhqir idi — dərk etmək ki, başqaları Rəblə qarşılaşıb, onlar isə yox; onlar hələ təvazökarlıqdan uzaq idilər. Burada həmin insanların hələ kamil olmayan bəşəri təbiəti görünür. Onlar yalnız Müqəddəs Ruhun enişindən sonra dünyanın qarşısına çıxan və şəhidliyə qədər ucalan cəsur müjdəçilərə çevriləcəklər. Lakin buna qədər onlar şahidlərin sözünə inanmağı öyrənməlidirlər. Axı biz də bu gün ona görə inanırıq ki, Məcdəlli Məryəm, Xamma yolundakı iki nəfər və nəhayət həvarilərin özləri İsanı dirilmiş və diri halda görür, Onun göyə ucalmasına şahidlik edir və hamıya bildirirlər ki, çarmıxa çəkilən həmin İsa diridir və onlarla birlikdə fəaliyyət göstərir. Təvazökarlıq hər zaman birinci yerdə dayanır. İnanmaq üçün hər cür üstünlük iddiasından və sırf «həvari» olduğumuz üçün dirilmiş İsadan əlamətlər görməyə ən layiq şəxs olduğumuz düşüncəsindən əl çəkməliyik. Əksinə, ən layiq olanlar özünü ucaltmayan sonuncular, sadə insanlardır. On bir həvari bu dərsi mənimsədikdən sonra həqiqi şahidlərə çevrildilər.