Axtar

Bəhreynin paytaxtı Manamada binaya dron hücumu Bəhreynin paytaxtı Manamada binaya dron hücumu 

Yepiskop Berardi xristianları və müsəlmanları sülh naminə duada birləşməyə çağırır

Şimali Ərəbistanın apostol vikarisi yepiskop Aldo Berardi bütün dinlərin inanclılarını “raket gurultusunun dayanması” və Yaxın Şərq xalqlarının birlik və həmrəylik içində yaşaması üçün dua etməyə çağırıb, həmçinin münaqişənin baş verdiyi mənəvi konteksti vurğulayıb.

Linda Bordoni tərəfindən

“Bu çətin günlərdə, müharibənin acısı və qeyri-müəyyənliyi ilə səciyyələnən bir vaxtda”, yepiskop Aldo Berardi ümid və ruhlandırıcı sözlərlə Bəhreyn Krallığının xalqına, kral ailəsinə, hökumət üzvlərinə, vətəndaşlara və ölkədə yaşayan bütün sakinlərə müraciət edib.

Təmsil etdiyi katolik xristian icması adından danışan Şimali Ərəbistanın apostol vikarisi martın 5-də yaydığı bəyanatda qeyd edib ki, müharibə xristianların və müsəlmanların öz ibadət və tövbə dövrlərini yaşadıqları bir zamanda başlayıb.

Ramazan və Böyük Oruc dövründə gedən müharibə

Yepiskop bəyanatında bildirib: “Bu müharibənin başlanması müsəlmanları və xristianları icmalarının hər biri üçün xüsusi əhəmiyyət daşıyan Ramazan və Böyük Oruc dövründə yaxaladı”.

O daha sonra qeyd edib ki, “təsadüf yox, məhz ilahi təqdirlə bu iki müqəddəs zaman bu il eyni gündə – fevralın 18-də başlayıb”.

Yepiskop Berardi müsəlmanlara və xristianlara xatırladıb ki, onlar bu mənəvi yolu birlikdə başlayıblar. O qeyd edib ki, müharibə “həyatımızın kövrəkliyini və bu dünyadakı varlığımızın keçiciliyini” daha da aydın göstərir. Onun sözlərinə görə, bu isə “bütün qəlbimizlə Allaha yönəlməyin, oruc tutmağın və öz günahlarımız, eləcə də dünyanın günahları üçün tövbə etməyin” zəruriliyini vurğulayır.

Sülhə aparan yolların birgə axtarışı

“Qoy birlikdə başladığımız Ramazan və Böyük Oruc yolu, münaqişə ilə səciyyələnən bu çətin günlərdə də bizi birləşdirsin, bizi sülhə aparan yolları yorulmadan axtarmağa sövq etsin”– deyə o müraciət edib.

Apostol vikarisi daha sonra insanları oruca və “davamlı və səmimi duaya” təşviq edib ki, biz tək Allaha yalvararaq sülhün bərpası üçün şəfaət edək, həmçinin bu münaqişə nəticəsində yaxınlarını itirən və ya ondan əziyyət çəkən hər kəs üçün təsəlli diləyək.

Gəlin sülh yaradan olaq

“Gəlin sülh yaradan olaq”, – deyə o sözlərini belə tamamlayıb və əlavə edib: “Gəlin Allahdan diləyək ki, O, bizi birliyə aparan yollar ilə addımlamağa ilhamlandırsın, raketlərin gurultusu dayansın və biz Yaxın Şərqdə, təəssüf ki, çox vaxt parçalanmalara görə tanınan bu torpaqda, nəhayət birlik və həmrəylik içində yaşaya bilək”.

Körfəz bölgəsində mövcud olan Kilsə

Şimali Ərəbistanın Apostol Vikariatı Bəhreyn, Küveyt, Qətər və Səudiyyə Ərəbistanında yaşayan katolikləri əhatə edir. Bu ölkələrdə katolik icmasının böyük hissəsini əsasən Asiyadan, Afrikadan və digər bölgələrdən gəlmiş miqrant işçilər təşkil edir.

06 mart 2026, 22:30