Axtar

PAKISTAN-RELIGION-CHRISTIANITY

Pakistanda xristianlar və müsəlmanlar sülh üçün birlikdə dua ediblər

Lahorda keçirilən dinlərarası görüş xristianları və müsəlmanları Böyük Oruc və Ramazan dövründə bir araya gətirdi. Görüş iştirakçıları Pakistanla Əfqanıstan arasındakı sərhəddə baş verən hərbi toqqquşmaların sona çatması üçün dua etdilər və sülh naminə ortaq səylərə sadiq olduqlarını bir daha ifadə etdilər.

Kelke Qassi tərəfindən

Əfqanıstan ilə Pakistan arasındakı sərhəddə davam edən münaqişə və zorakılıq bölgədə gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir vaxtda, Pakistanın Lahor şəhərində yerləşən “Sülh Mərkəzində” dinlərarası görüş keçirilib. Görüş çərçivəsində xristian və müsəlman icmalarının nümayəndələri şəhərin məşhur kral məscidi olan tarixi Badşahi məscidində bir araya gələrək sülh naminə dua ediblər.

Lahor arxiyepiskopluğunun general vikarisi keşiş Asif Sərdar bildirib ki, bu görüşün məqsədi “xüsusilə Əfqanıstanla Pakistan arasında davam edən münaqişə fonunda sülh və birlik rəmzi olmaqdır.”

Sülhə ortaq sadiqlik

Vatikanın “Fides” xəbər agentliyinin məlumatına görə, general vikari bu tədbiri “bir arzu” kimi xarakterizə edib, çünki o, “iki icma arasında dinlərarası harmoniya və sülhün şahidi” oldu. Görüş Böyük Oruc və Ramazan dövründə müsəlman və xristian dini liderlərini bir araya gətirib. Görüşün proqramı çərçivəsində orucu açmaq üçün iftar süfrəsi də təşkil olunub.

Keşiş Sərdar bildirib ki, tədbirin məqsədi bu çətin dövrdə iki icma arasında mənəvi birliyi və “sülhə olan ortaq sadiqliyi” bir daha təsdiqləməkdir. O qeyd edib ki, oruc -  dua və xeyriyyə işləri etmək, çörəyi aclarla bölüşmək, ədaləti, sülhü və barışığı təşviq etmək deməkdir.

Görüş zamanı Lahordakı “Sülh Mərkəzinin” rəhbəri, dominikan rahibi keşiş Ceyms Çannan məscidin imamı Əbdül Xabir Azad ilə birlikdə “Pakistanda xristianlar və müsəlmanlar arasında münasibətlərin köklərini daha da dərinləşdirmək”, “həm Ramazanın, həm də Böyük Oruc dövrünün oruc və fədakarlıq kimi ortaq dəyərləri yaşamaq” və “Pakistanın sabitliyi, eləcə də dünyadakı münaqişələrin sona çatması üçün sülh naminə birlikdə Allaha dua etmək” əzmini ifadə edib.

Dominikan rahibi vurğulayıb ki, bu dinlərarası görüş qarşılıqlı hörmətin konkret nümunəsidir. “Biz aydın bir mesaj verdik: iman ayrılıq divarı deyil, birlik körpüsü ola bilər”, — deyə o əlavə edib.

Aydın çağırış

Bu, son günlər Pakistanda keçirilən yeganə dua mərasimi deyildi. Katolik icması da Pakistan ilə Əfqanıstan arasındakı sərhəddə sülhün bərqərar olması niyyəti ilə şamla yürüş və dua ayini təşkil edib. Pietrelçinalı Müqəddəs Pio kilsəsinin ruhaniləri, icma üzvləri və icmanın digər nümayəndələri birlikdə sülh naminə Çarmıx Yolu duasını ediblər.

Pakistan Katolik Yepiskopları Konfransının İctimai Əlaqələr üzrə Komissiyasının icraçı katibi kapusin keşiş Qaysər Fəruz OFM Cap. və Karmelit Apostol Bacılarının rəhbəri Azmat bacı mərasimi idarə ediblər. Keşiş Fəruz vurğulayıb ki, mesaj aydındır: onlar iki ölkə arasında baş verən zorakılığı qınayır və atəşkəsə dialoq yolu ilə nail olunmasını dəstəkləməyə davam edirlər.

O bildirib: “Talibanın ekstremist zorakılığı dağıdıcı bir ideologiyadır. Bunun qarşısını almaq və onu dəyişdirmək üçün imanlı insanların birgə səyi lazımdır.”

Bundan əlavə, o beynəlxalq ictimaiyyətə münaqişənin sona çatdırılması və sülhün bərqərar olması üçün üzərinə düşən məsuliyyəti xatırladıb və vurğulayıb ki, “sülh bütün bəşəriyyətin ortaq məqsədi və marağı olmalıdır.”

04 mart 2026, 11:03