Liturgiya oxunuşları: 8 MART. Böyük Orucun III Rəbb günü
BİRİNCİ OXUNUŞ Çıx 17, 3-7
Xalq orada olanda susamışdı. Ona görə də Musanın əlindən deyinib dedi: «Axı niyə bizi Misirdən çıxartdın? Bu bizi, oğullarımızı və heyvanlarımızı susuzluqdan öldürmək üçündürmü?» Musa Rəbbə fəryad edib dedi: «Axı mən bu xalq ilə nə edim? Bir az da keçsə, məni daşqalaq edəcəklər». Rəbb Musaya dedi: «Xalqın qarşısına çıx. Özünlə bərabər bir neçə İsrail ağsaqqalı götür. Nil çayına vurduğun əsanı əlinə alıb irəli get. Orada – Xorevdəki qayanın üstündə Mən sənin önündə dayanacağam. Zərbə ilə qayaya vur və oradan xalq üçün içməli su çıxacaq». Musa da İsrail ağsaqqallarının gözü qarşısında bunu etdi. Musa o yeri Massa və Meriva adlandırdı, çünki orada İsrail övladları münaqişə etmişdilər və «görəsən Rəbb aramızdadır ya yox» deyə Rəbbi sınamışdılar.
Təfsir
Bu gün oxuduğumuz Çıxış Kitabından olan parça bizi samariyalı qadın haqqında olan İncil mətninə hazırlayır. Orada Rəbb bəyan edir ki, həqiqi həyatı verən su məhz Odur və ondan içən insan özü də həyatverən su mənbəyinə çevriləcək. Suyun əsl dəyərini anlamaq üçün insan heç olmasa bir dəfə səhrada olmalıdır. İçməyə su olmayanda, sözün həqiqi mənasında hiss edirsən ki, həyat səndən uzaqlaşır və anlayırsan ki, susuz həyat yoxdur. Səhrada israillilər möcüzə təcrübəsi yaşayırlar: bu qiymətli neməti onlara məhz Allah bəxş edir. Allah yalnız bir çomaq zərbəsi ilə quru qayadan su axıdır. Bu su qırx il ərzində qızmar günəş altında davam edən yol boyu insanların və mal-qaranın sağ qalması üçün zəruri idi. Bu möcüzə imanımızın və ümidimizin “çomaq zərbəsi” vasitəsilə Allahın əbədi həyat bəxşişinin bir ön işarəsidir. Müqəddəs Yazıda qayadan bəhs ediləndə ümumiyyətlə Allah deyil, konkret olaraq Məsih nəzərdə tutulur. Müqəddəs Paul açıq şəkildə deyir: «Qaya isə Məsih idi». Buna görə də bu gün biz samariyalı qadının sözlərinə cəsarətlə qoşula bilərik: «Ya Rəbb, mənə o sudan ver ki, daha susuzluq çəkməyim».
İKİNCİ OXUNUŞ Rom 5,1-2.5-8
Beləliklə, imanla saleh sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oluruq. Elə Məsihin vasitəsilə də daxilində qaldığımız lütfə imanla nail olduq və Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik. Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb. Biz hələ gücsüz ikən Məsih müəyyən zamanda allahsız adamların uğrunda öldü. Saleh bir adam uğrunda kiminsə ölməsi çətin işdir; bəlkə də yaxşı bir adam uğrunda kimsə ölməyə cəsarət edər. Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü.
Təfsir
Rəbb bizə əbədi xilası təklif etmək üçün bizim Ona tərəf dönməyimizi gözləmir. O, bu xilası istisnasız olaraq hamıya bəxş edir. Məsih Özünü Çarmıx üzərində bütün zamanların bütün insanları uğrunda qurban verdi: Ondan əvvəl yaşamışlar üçün də, Ondan sonra gələcək və yer üzündəki son insana qədər yaşayanların hamısı üçün də. İlahiyyatda bu proses adətən iki mərhələyə bölünür. Birinci mərhələ –İsa tərəfindən artıq həyata keçirilmiş və heç bir xidmətə baxmadan hər kəsə “öncədən” təklif olunmuş ümumbəşəri xilasıdır. İkinci mərhələ isə ondan ibarətdir ki, hər bir insan bu xilası şəxsən qəbul etməlidir. Bəs xilasa aparan bu “ikinci” qapılardan necə daxil olmaq olar? Səmimi tövbə ilə günahlarımızı etiraf etməklə və Xilaskardan bizi Yeni və Əbədi Əhdə şərik etməsini diləməklə. Müqəddəs Paul Romalılara Məktubunda bunu xüsusi vurğulayır: biz hələ günahkar olduğumuz zaman Məsih bizim uğrumuzda öldü. Əbədi həyat bizə daim və hər şeydən əvvəl Müqəddəs Messa zamanı təklif olunur: biz dirilmiş Rəbbimiz İsa Məsihin Bədənini qəbul edirik; bizi satın alan Onun Qanından içirik; tövbə edərək Müqəddəs Ruhda Onun həyatı ilə yaşamağa başlayırıq.
İNCİL Yəhya 4,5-42
O, Yaqubun öz oğlu Yusifə verdiyi torpağa yaxın olan Samariyanın Sixar adlanan şəhərinə gəldi. Yaqubun quyusu orada idi. Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat radələri idi. Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona «Mənə su ver, içim» dedi. Çünki şagirdləri yemək almaq üçün şəhərə getmişdi. Samariyalı qadın Ona dedi: «Sən bir Yəhudisən, mənsə Samariyalı bir qadın. Sən necə məndən su istəyə bilərsən?» Çünki Yəhudilər Samariyalılarla ünsiyyət etmir. İsa ona cavab verdi: «Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi». Qadın Ona dedi: «Ağa, su çəkmək üçün bir qabın yox, quyu da dərindir. Bəs o həyat suyunu haradan götürəcəksən? Məgər Sən bu quyunu bizə verən, oğulları və mal-qarası ilə buradan su içən atamız Yaqubdan da üstünsən?» İsa ona cavab verdi: «Bu sudan içən hər kəs yenə susayar, amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək». Qadın Ona dedi: «Ağa, bu suyu mənə ver ki, mən heç vaxt susamayım və su çəkmək üçün buraya gəlməyim». İsa qadına «get ərini çağır və buraya gəl» dedi. Qadın da Ona «ərim yoxdur» söylədi. İsa ona dedi: «“Ərim yoxdur” deməklə düz söylədin, çünki beş kişin olub, indi səninlə yaşayan da ərin deyil, sən bunu düz söylədin». Qadın Ona dedi: «Ağa, görürəm ki, Sən peyğəmbərsən. Bizim ata-babalarımız bu dağda ibadət edirdi, amma siz deyirsiniz ki, ibadət etmək üçün lazımi yer Yerusəlimdədir». İsa ona dedi: «Ey qadın, Mənə inan, artıq o zaman yetişir ki, Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz. Siz bilmədiyinizə ibadət edirsiniz, bizsə bildiyimizə ibadət edirik, çünki xilas Yəhudilərdəndir. Amma o zaman gəlir və artıq gəlib ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da Özünə belə ibadət edənlər axtarır. Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir». Qadın Ona dedi: «Bilirəm ki, “Məsih” deyilən məsh olunmuş Şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək». İsa ona dedi: «Səninlə danışan Odur, O Mənəm». Bu arada İsanın şagirdləri gəldilər və Onun bir qadınla söhbət etməsinə heyrətləndilər, ancaq heç biri «Nə istəyirsən?» yaxud «Niyə o qadınla danışırsan?» demədi. Bu zaman qadın səhəngini yerə qoydu və şəhərə gedib adamlara dedi: «Gəlin, etdiyim bütün əməlləri mənə söyləyən Adamı görün. Bəlkə elə Məsih Odur?» Adamlar da şəhərdən çıxıb İsanın yanına gəldilər. Bu arada şagirdlər «Rabbi, yemək ye» deyə Ondan xahiş etdilər. Lakin İsa onlara dedi: «Məndə elə yemək var ki, siz ondan xəbərsizsiniz». Onda şagirdlər «Görəsən kimsə Ona yemək gətirdimi?» deyə bir-birindən soruşdular. İsa onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır. Siz “biçinə dörd ay qalıb” demirsinizmi? Budur, Mən sizə deyirəm: başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır. Əkən də, biçən də birlikdə sevinsin deyə indi biçinçi zəhmət haqqı alır və əbədi həyat üçün məhsul toplayır. Bu işlə bağlı “biri əkər, biri biçər” ifadəsi doğru deyilib. Mən sizi zəhmətini çəkmədiyiniz bir məhsulu biçməyə göndərdim. Başqaları zəhmət çəkdi, sizsə onların zəhmətindən bəhrələndiniz». «Etdiyim bütün əməlləri mənə söylədi» deyə şəhadət edən qadının sözünə görə o şəhərdən olan Samariyalıların bir çoxu İsaya iman etdi. Sonra Samariyalılar İsanın yanına gəlib Ondan xahiş etdilər ki, onların yanında qalsın. İsa da iki gün orada qaldı. Daha çox adam da İsanın sözünə görə iman etdi. Onlar qadına deyirdilər: «Biz artıq sənin sözlərinə görə iman etmirik, elə özümüz də eşidib bildik ki, həqiqətən, dünyanın Xilaskarı Budur».
Təfsir
Bu liturgiya ilinin Böyük Oruc dövründə oxunan üç böyük Rəbb günü oxunuşları bizi Pasxaya ən yaxşı şəkildə hazırlayır. Bu gün biz samariyalı qadınla qarşılaşırıq, gələn Rəbb günü anadangəlmə kor olan insanı görəcəyik, Palma Rəbb günündən əvvəl isə Lazarın dirildilməsi hadisəsini xatırlayacağıq. Bu üç epizod Məsihin vəhyinin güclü bir “kresendosunu” təşkil edir: O – Canlı Sudur (samariyalı qadınla görüş), Dünyanın Nurudur (korun sağaldılması möcüzəsi), Həyat və Dirilmədir (Lazarın dirildilməsi). Samariyalı qadınla söhbətində Rəbb günəşli Aralıq dənizi ölkələrində hər kəs üçün aydın olan su obrazından istifadə edir: su həyatın sinonimidir. Başqa sözlə, Məsihsiz insanın daxilində hər şey quruyur, solur və ölür. Günahların yükünü daşıyan bu qadın bu görüşdən dərin şəkildə sarsılır. İlk anlaşılmazlıq anlarından sonra o anlayır ki, Məsih siyasi qarışıqlıq yaradan bir şəxs deyil, ürəkləri oxuyan və Öz varlığı ilə onları yeniləyən Olandır. O başa düşür ki, əbədi xilas yalnız İsrail üçün nəzərdə tutulmuş bir “imtiyazlı klub” deyil, bütün insanlar üçün bir bəxşişdir. Onun bu əminliyi dərhal başqalarına da təsir edir: İncil şəhadət edir ki, bu qadının sözünə görə bir çox samariyalı Məsihə iman gətirdi. Bu gün hər bir insanın bu suya ehtiyacı var; bütün dünyanın ona ehtiyacı var. Gəlin bu Bulaqdan içək və başqalarını da Ona doğru aparaq.