Liturgiya oxunuşları: 7 Mart. Böyük Orucun II həftəsinin şənbəsi
BİRİNCİ OXUNUŞ Миkeya 7,14-15.18-20
Ya Rəbb, mirasın olan sürünü – öz xalqını çomağınla otar. O, çöldə indi tənha qalır, ətrafında isə yaxşı otlaq var. Qoy keçmiş günlərdəki kimi Başan və Gileadda otlasınlar. «Misirdən çıxdığın günlərdəki kimi sizə möcüzələr göstərəcəyəm». Sağ qalan xalqının cəzasını aradan götürən, üsyankarlığını bağışlayan sənin kimi Allah varmı? Qəzəbini əbədi saxlamazsan, çünki məhəbbət göstərməyi xoşlayırsan. Yenə bizə rəhm edib şər əməllərimizi siləcəksən, bütün günahlarımızı dənizin dərinliklərinə atacaqsan. Qədim zamanda atalarımıza and içdiyin kimi Yaqub nəslinə sədaqətini, İbrahim övladlarına məhəbbətini göstərəcəksən.
Təfsir
Peyğəmbər Mikeya, böyük Yeşayanın müasiri idi; o, Aşşur padşahı Sуnnaxeribin hücumunun və öz xalqının sürgünə aparılmasının şahidi olmuşdu. O, Allahın Qanununa sədaqətsizliklərinə görə hakim təbəqələri və xalqın rəhbərlərini cəsarətlə ifşa edirdi. Lakin onun kitabının son fəslində səmimi ümid sədası eşidilir. Mikeya yəhudi mənəviyyatının əsas hadisəsinə – Misirdən Çıxışa müraciət edir. İsraili köləlikdən azad edən Allah Öz əhdini yenidən bərpa edir. Lakin bu dəfə azadlıq başqa cürdür: O, günahları götürür və “onları dənizin dərinliklərinə atır”. Dəniz haqqında bu son dərəcə güclü obraz Qırmızı dənizin keçilməsini xatırladır: o zaman dənizin dərinliyində fironun ordusu – yəni xarici düşmən – məhv olmuşdu; indi isə həmin dərinlikdə bizim günahlarımız – daxili düşmən – batır. Bu o deməkdir ki, hər şeyi yenidən başlamaq mümkündür. Allah buna hazırdır və insanlar hər zaman Ona arxalana bilərlər. Lakin yenidən başlamağı bacarmaq vacibdir: əgər biz səhv etmişiksə, Rəbbin işığı olmadan yanlış yolla getdiyimizi anlayaraq doğru yola qayıtmağa hazır olmalıyıq. Bu gün bizim şəxsi “dənizdən keçidimiz” Tövbə Sakramenti olur. Bu sakramentdə biz bütün keçmişimizi dənizin dibinə atır və yenilənmiş halda yeni yola çıxırıq.
İNCİL Luka 15,1-3.11-32
Bütün vergiyığanlar və günahkarlar İsanı dinləmək üçün Ona yaxınlaşırdılar. Fariseylər və ilahiyyatçılar isə «bu adam günahkarları qəbul edir və onlarla yemək yeyir» deyə deyinirdilər. Amma İsa onlara bu məsəli çəkdi: «Bir adamın iki oğlu var idi. Oğlanlardan kiçiyi atasına dedi: “Ata! Var-dövlətindən payıma düşəni mənə ver”. Atası da varını onların arasında bölüşdürdü. Bir neçə gün sonra kiçik oğul nəyi vardısa, yığıb uzaq bir diyara yollandı. Orada pozğun həyat sürüb var-dövlətini heç-puç etdi. Oğlan hər şeyini xərclədikdən sonra o ölkədə böyük bir aclıq oldu. O korluq çəkməyə başladı. Buna görə də oğlan gedib o ölkənin sakinlərindən birinin yanında iş tapdı. Bu adam onu öz otlaqlarına donuz otarmağa göndərdi. Oğlan donuzların yediyi keçibuynuzu qabıqları ilə qarnını doydurmağa şad olardı. Amma heç kim ona bir şey vermirdi. Onda oğlan özünə gəlib dedi: “Atamın nə qədər muzdlu işçisi var, hamısının da doyunca yeməyə çörəyi var. Mənsə burada acından ölürəm! Durub atamın yanına gedəcəyəm və ona deyəcəyəm: ‹Ata, mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm. Məni öz muzdlu işçilərinin biri kimi qəbul et›”. O durub öz atasının yanına getdi. Oğul hələ uzaqda ikən atası onu gördü. Ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü. Oğul dedi: “Ata! Mən göyə və sənə qarşı günah etdim. Mən artıq sənin oğlun adlanmağa layiq deyiləm”. Atası isə öz qullarına dedi: “Tez olun, ən gözəl xalat gətirin və onu geyindirin. Barmağına üzük və ayaqlarına çarıq taxın. Kökəldilmiş dananı gətirin, kəsin: gəlin yeyib-şadlanaq! Çünki bu oğlum ölmüşdü, yenə həyata qayıtdı. O itmişdi, tapıldı”. Beləliklə, şadlıq etməyə başladılar. Atanın böyük oğlu isə tarlada idi. Qayıdaraq evə yaxınlaşanda çalğı və rəqs səsləri eşitdi. O, nökərlərdən birini yanına çağırıb soruşdu: “Bu nədir?” Nökər ona dedi: “Qardaşın qayıdıb. Atan da onun sağ-salamat qayıtmasına görə kökəldilmiş dananı kəsib”. Böyük oğul isə hirsləndi və içəri girmək istəmədi. Atası bayıra çıxıb ona yalvardı. Amma o, atasına belə cavab verdi: “Bax neçə ildir ki, sənin üçün qul kimi işləyirəm. Heç zaman sənin əmrindən çıxmamışam. Amma mənə heç vaxt bir oğlağı belə qıymadın ki, dostlarımla şadlıq edim. Bu oğlunsa sənin bütün varını fahişə qadınlara sərf edib. Amma o qayıdanda sən onun üçün kökəldilmiş dananı kəsdin”. Atası isə ona dedi: “Oğlum, axı sən həmişə mənimləsən və bütün varım sənindir. Lakin sevinmək və şadlanmaq lazımdır. Çünki sənin bu qardaşın ölmüşdü, həyata qayıtdı. O itmişdi, tapıldı!”»
Təfsir
Bu məsəldə iki dəfə belə bir ifadə təkrarlanır ki, kiçik oğul “ölmüşdü və yenidən həyata qayıtdı”. Günaha baymaq və Allahdan ayrılmaq həqiqi ölümdür, Ona qayıdış isə ikinci doğuluşdur. Bu hadisə o qədər mühümdür ki, dərhal təşkil olunan bayramı əsaslandırır və məhz bu bayram məsəlin mənəvi mərkəzini təşkil edir. Kiçik oğulu sonuncu qullardan biri kimi görmək olmaz, çünki o qul deyil, oğuldur. O yenidən doğulmuşdur. Ata dərhal onun hüquqlarını bərpa edir və onu layiq olduğu yerə qaytarır. Böyük oğul da bu sevincə qoşulmalıdır, çünki dirilən insanın həyatı bayram üçün səbəbdir. Lakin o qəzəblənir. O, qardaşının qayıdışının özünə qarşı deyil, onu narahat edən odur ki, atasından üz döndərmiş birinin qayıdışı belə təntənə ilə qeyd olunur. Hər dəfə itirilmiş bir şey tapılanda, “ölü” olan günahdan lütfə keçərək yenidən həyata qayıdanda, biz Pasxa sevincinə daxil oluruq. Gəlin hazırlaşaq: cənnətə daxil olanda (ümid edək ki, bu baş verəcək!) elə düşünməyin ki, biz ora sakitcə, sanki gizlicə girəcəyik. Xeyr! Bizi bütün bəxtiyarların gur alqışı, möhtəşəm bir bayram gözləyir. Səmadakı həyat bolluq və şadlıqdır; burada bu, zəngin ziyafət, gözəl libaslar və rəqslərlə təsvir olunur. Ən vacibi isə tövbə etmiş və ilahi lütfdə yenidən doğulmuş olmaqdır.