Axtar

2010.09.27 XXVI Domenica Tempo Ordinario - C - la parabola del povero Lazzaro

Liturgiya oxunuşları: 5 Mart. Böyük Orucun II həftəsinin cümə axşamı

“Varlı adam və Lazar haqqında məsəl xəbərdarlıq edir: Allahın bizə olan mərhəməti bizim yaxınlarımıza göstərdiyimiz mərhəmətlə bağlıdır. Əgər mən ürəyimin qapısını yoxsula açmıramsa, o qapı Allah üçün də bağlı qalır. Dönüş etmək üçün möcüzələri gözləməyə ehtiyac yoxdur – ürəyi Allahın Kəlamına açmaq kifayətdir; o Kəlama ki, sevgiyə çağırır və insanı eqoizmin korluğundan sağaldır” (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ Yer 17,5-10

Rəbb belə deyir: «O adam lənətlidir ki, insana güvənir, bəşərin gücünə arxalanır, ürəyi Rəbdən ayrılır. O, çöldəki yulğun ağacı kimi olacaq, xeyir gələndə onu görməyəcək. Səhrada olan quraq yerlərdə, heç kəs yaşamayan şoranlıqda sakin olacaq. Nə xoşbəxtdir o adam ki Rəbbə güvənir, Rəbbi özünə arxa sayır. O, sular kənarında əkilmiş ağac kimi olacaq, elə ağac ki çay kənarında kök salar, isti gələndə qorxmaz, yarpağı həmişə yaşıl qalar, quraqlıq olan il qayğı çəkməz, bəhər verməkdən qalmaz». İnsan ürəyi hər şeydən hiyləgərdir, çarəsi yoxdur. Onu kim başa düşə bilər? «Mən Rəbb ürəyi yoxlayıram, insanın fikrini sınayıram ki, hər kəsə əməllərinə görə, işlərinin bəhrəsinə görə əvəz verim».

Təfsir

Niyə başqa insana güvənən adam «lənətli» adlandırılır? Axı həyatda biz daim və tam təbii şəkildə yaxın insanlarımıza etibar edirik və buna görə özümüzü günahkar hiss etmirik. Səbəb sadədir: əgər biz ümidimizi hər şeydən əvvəl Allaha bağlamırıqsa, qaçılmaz olaraq Onun hüzurundan uzaqlaşırıq. Biz xeyir və zövqü yalnız toxuna bildiyimiz şeylərdə axtarmağa başlayırıq və bu da zamanla ehtiraslara, daha sonra isə qüsurlara çevrilən meyllərə qapı açır. Dəməşqli Yuhanna bu barədə belə yazır: «Allahın yaratdığı hər şey gözəldir; Onun yaratdığı vəziyyətdə qalan hər şey gözəldir. Şər isə insanın könüllü şəkildə təbii halından uzaqlaşması və təbiətinə qarşı getməsi ilə yaranır». Əlbəttə, bizim arxalana biləcəyimiz dostlarımız ola bilər. Lakin bütün bunlar Allaha tabe olmalıdır. Əvvəl O, sonra isə qalan hər şey. «Allaha görə» yaşamaq – Həqiqətə bağlanmaq deməkdir. «Lənət» insanları sevdiyimiz zaman baş vermir. O, yalnız və yalnız bizim kimi zəif və kövrək olan yaradılmış varlığa tam və müstəsna şəkildə güvəndiyimiz zaman baş verir.

İNCİL Luka 16, 19-31

Varlı bir adam var idi. O, tünd qırmızı və incə kətandan paltar geyərdi və hər gün cah-calal içində kef edərdi. Bütün bədəni yaralı olan Lazar adlı yoxsul bir adam da var idi. O, varlı adamın qapısı ağzına gətirilib uzanmışdı. Lazar varlı adamın süfrəsindən tökülən qırıntılarla qarnını doydurmaq arzusunda idi. İtlər də gəlib onun yaralarını yalayırdı. Bir gün yoxsul adam öldü və mələklər onu İbrahimin qucağına apardı. Varlı adam da öldü və dəfn edildi. Varlı adam ölülər diyarında iztirab çəkəndə gözlərini qaldırıb uzaqda İbrahimi və onun qucağında Lazarı gördü. O uca səslə dedi: “Ey İbrahim ata, mənə rəhm et! Lazarı göndər, barmağının ucunu suya batırıb mənim dilimi sərinlətsin, çünki mən bu alov içində əzab çəkirəm”. Lakin İbrahim dedi: “Oğlum, yadına sal ki, sən öz həyatında yaxşı şeyləri, Lazar isə pis şeyləri almışdır. İndi isə o, təsəlli tapır, amma sən əzab çəkirsən. Üstəlik, sizinlə bizim aramıza böyük bir uçurum qoyulmuşdur ki, nə buradan sizin tərəfinizə keçmək istəyənlər keçə bilir, nə də oradan bizim yanımıza gələ bilirlər”. Varlı adam dedi: “Ata, elə isə yalvarıram sənə, Lazarı atamın evinə göndər. Çünki beş qardaşım var. Qoy onlara xəbərdarlıq etsin ki, onlar da bu iztirab yerinə gəlməsinlər”. İbrahim ona dedi: “Onlarda Musanın və Peyğəmbərlərin sözləri var. Qoy onlara qulaq assınlar”. Varlı adamsa dedi: “Xeyr, İbrahim ata! Əgər ölülərdən biri onların yanına gəlsə, onlar tövbə edərlər”. Onda İbrahim ona dedi: “Əgər onlar Musaya və Peyğəmbərlərə qulaq asmırlarsa, ölülərdən biri dirilsə belə, inanmazlar”».

Təfsir 

Yoxsul Lazarın xilası onun həyatda yaşadığı yoxsulluq faktından irəli gəlir. Məsəldə heç bir əxlaqi qiymətləndirmə verilmir: onun mülayim, səbirli olduğu və ya çox dua etdiyi deyilmir. O sadəcə tam ehtiyac və dərin yoxsulluq içində yaşayırdı. Lukanın İncilində İsa açıq deyir: «Nə bəxtiyarsınız, ey yoxsullar! Çünki Allahın Padşahlığı sizindir.» (6,20), halbuki Mattanın İncilində belə oxuyuruq: «Nə bəxtiyardır ruhən yoxsullar» (5,3) – sanki demək istəyir ki, yoxsulluğun özü də əbədi mükafatı qazanmaq üçün kifayət edir. Bəs bu o deməkdirmi ki, insan dərhal bütün mal-mülkünü paylamalı və Assizili Fransisk kimi ayaqyalın və cırıq paltarda dünyanı dolaşmalıdır? Xeyr. Lakin xilas olmaq üçün hamımız «Allah qarşısında yoxsul» olmalıyıq ki, hər şeyi Ondan diləyərək: həm ruhani, həm də maddi nemətləri (bunu «Atamız» duası bizə öyrədir). Bu həm də artıq olanı bölüşmək deməkdir: əgər bizdə nəsə çoxdursa, onu ehtiyacı olanlarla paylaşmalıyıq, çünki hamımız eyni dərəcədə Allahın mərhəmətinə möhtacıq. Bu hekayədə Lazar Allahın varlı adama göndərdiyi «xilaskar» idi, amma varlı adam bunu anlamadı. Biz də çox Rəbbin bizə də belə «xilaskarlar» göndərdiyini görmürük.

04 mart 2026, 09:00