Axtar

2022.05.14 Gesù con discepoli - amatevi gli uni gli altri - V domenica di Pasqua

Liturgiya oxunuşları: 4 Mart. Böyük Orucun II həftəsinin çərşənbəsi

“Maddi dəyərlərin hakimiyyətindən imtina etdikdə, biz sevgi ilə xidmət etməyin azadlığını qazanırıq. Vermək almaqdan daha yaxşıdır. Pul və uğur insanı kor edir: onlar həyat vəd edir, amma ölüm gətirir. Rəbb bizi saxta sərvətləri tərk etməyə çağırır ki, həqiqi və nurlu həyata daxil olaq. Yalnız Onun baxışı bizim xoşbəxtlik susuzluğumuzu doyura bilər” (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ Yer 18,18-20

O zaman onlar dedi: «Gəlin Yeremyaya qəsd quraq. Çünki qanunu öyrədəcək kahin, nəsihət verəcək müdrik adam, söz deyəcək peyğəmbər heç vaxt əskik olmayacaq. Gəlin ona dilimizlə hücum edək, sözlərinə qulaq asmayaq». Ya Rəbb, mənə yaxşı qulaq as, mənimlə çəkişənlərin sözünü eşit. Yaxşılığın əvəzində pislik edilərmi? Onlar canımı almaq üçün quyu qazır. Unutma, mən önündə ona görə dayanmışam ki, onlar üçün yaxşı şey istəyim, onlardan qəzəbini döndərim.

Təfsir

Bir çoxları Pinokkio nağılındakı Danışan Cırcıramanı tanıyır. O, pis niyyətli macəralara aludə olmuş Pinokkiyoya daim yaxşı ilə pisin harada olduğunu xatırladırdı. Biz anlayırıq ki, bizə həqiqəti göstərən və yalanı ifşa edən birinin olması nə qədər vacibdir – insanın daxilində bu rolu vicdan yerinə yetirir. Qədim İsraildə belə bir fenomenal “cırcırama” Allahın Öz xalqı arasında həqiqi səsi olan peyğəmbər Yeremya idi. Lakin hiyləgər insanlar həqiqəti xatırladan sözləri dinləmək istəmirlər. Həqiqət onları o qədər qıcıqlandırır ki, onu mümkün olan hər vasitə ilə susdurmağa üstünlük verirlər. Peyğəmbər uydurma obraz deyil. O, Allahın Sözü uğrunda təqiblərdən həqiqətən əziyyət çəkir və Allahdan ədalət və müdafiə diləyir. Bu mənada Yeremya Məsihin bir növ ön surətidir: Məsih də məhz dayanmadan hamıya Həqiqəti xatırlatdığı üçün tutuldu, işgəncələrə məruz qaldı və öldürüldü. Peyğəmbərlə Xilaskar arasındakı fərq ondadır ki, Yeremya müdafiə və ədalət istəyir, İsa isə Atadan intiqam diləmir. Onun Sözü işıqla qaranlığı ayıran bir sərhədə çevrilir. Böyük Oruc zamanı bizim üçün bizi xeyirə yönəldən vicdanımızın “səsini artırmaq” və nəhayət onun ardınca getmək üçün gözəl bir fürsətdir.

İNCİL Matta 20,17-28

Yerusəlimə qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edəcəklər; ələ salaraq qamçılayıb çarmıxa çəksinlər deyə başqa millətlərə təslim edəcəklər. O, üçüncü gün diriləcək». O zaman Zavday oğullarının anası oğulları ilə birlikdə İsaya yaxınlaşıb səcdə qılaraq Ondan nə isə dilədi. İsa qadından «Sən nə istəyirsən?» deyə soruşdu. Qadın Ona dedi: «Əmr et ki, mənim bu iki oğlum Sənin Padşahlığında biri sağında, biri solunda otursun». Amma İsa cavab verib dedi: «Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içəcəyim kasadan siz də içə bilərsinizmi?» Onlar dedilər: «Bilərik». İsa onlara dedi: «Mənim içəcəyim kasadan içəcəksiniz. Amma sağımda və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Atam oranı kimlər üçün hazırlayıbsa, onlara veriləcək». Bunu eşidən on şagirdin iki qardaşa acığı tutdu. İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbərləri onların üzərində hökmranlıq edir, əyanları da onlara ağalıq edir. Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun. Aranızda kim birinci olmaq istəsə, başqalarının qulu olsun. Beləcə Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».

Təfsir 

Rəbb İsa Yaqub və Yəhyanın anasının açıq-aşkar səhvindən istifadə edərək Allahın Padşahlığının xidmətçisi olmağın nə demək olduğunu aydın şəkildə izah edir. Həvarilərin baxışı hələ də çox insani idi: onların düşüncəsinə görə hakimiyyət nüfuzun, imtiyazların və şərəfli vəzifələrin əlamətidir. Əlbəttə, Rəbbin həqiqi davamçılarına da izzət və şöhrət vəd olunur, lakin bu şöhrət yer üzünün padşahlıqlarının şöhrətinə bənzəmir; çünki həmin şöhrət çox vaxt insanın başını gicəlləndirir və onu Səmavi Padşahlıqdan məhrum edə bilər. Lakin İsa Öz dostlarının nadanlığına görə qəzəblənmir: O bilir ki, onların hələ öyrənməli olduqları çox şey var və bu məktəb uzun bir yoldur. Rəbb səbirlidir və biz bəzən nəyisə səhv başa düşsək də, O bunu düzəldir. Şöhrətə çatmaq üçün isə, Onun dediyinə görə, üç vasitə var: kasadan içmək – insanı təmizləyən və möhkəmləndirən həyat əzablarını qəbul etmək; xidmət etmək – yaxınların həqiqi xeyri üçün zəhmət çəkmək; həyatını vermək – könüllü şəkildə sonuncu yeri seçmək. Beləliklə, xristian Məsihin həyatının mərhələlərini təkrar edir: Onun uğrunda ölən, Onunla birlikdə də hökmranlıq edəcək. Bu, hər günün yoludur; müqəddəs Paul də bu barədə demişdir: «Rəbbimiz Məsih İsada sizinlə etdiyim fəxrin haqqı üçün mən hər gün ölümlə qarşılaşıram» (1 Kor 15,31).

04 mart 2026, 08:00