Liturgiya oxunuşları: 31 MART. Müqəddəs çərşənbə axşamı
BİRİNCİ OXUNUŞ Yeşaya 49,1-6
Ey uzaq diyarlar, Məni dinləyin! Ey uzaqda yaşayan ümmətlər, yaxşı qulaq asın! Rəbb məni anadan olandan bəri çağırmışdı, ana bətnindən adımı yadına saldı. Ağzımı iti qılınc kimi etdi, O məni əlinin kölgəsində gizlətdi. O məni iti ox edib Öz oxdanında saxladı. Mənə dedi: «Qulumsan, ey İsrail, Mən səninlə izzətlənəcəyəm». Amma mən dedim: «Mən boş yerə çalışdım, gücümü hədər yerə tükətdim. Rəbb mənə yenə haqq qazandırır, mükafatım Allahımdadır». Rəbb məni qulu etmək üçün ana bətnində mənə quruluş verdi ki, Yaqub nəslini Ona tərəf döndərim, İsraili Onun önünə toplayım. Onun gözündə hörmət qazandım, qüdrətim Allahım oldu. Rəbb indi belə deyir. O deyir: «Yaqub qəbilələrinin bərpası, İsrailin sağ qalanlarının geri qayıtması üçün Qulum olmağın kifayət deyil. Səni millətlərə nur edəcəyəm ki, xilasım dünyanın ən uzaq yerlərinə yayılsın».
Təfsir
Rəbbin qulu boş yerə çalışdığını və heç bir nəticə əldə etmədiyini düşünərək gileylənir. Uca Allah isə cavab verir ki, onun missiyası yalnız İsrailə deyil, bütün xalqlara aiddir ki, xilas yer üzünün ən uzaq nöqtələrinə qədər çatsın. Bu məqamın Məsihin messianik xidmətinə işarə etməsi açıq-aşkardır. Müjdə hər yerə və bütün zamanlara yayılmalıdır, çünki qurtuluş hər bir insana aiddir. Xristian vəzinin ikiqat təbiəti vardır: bir tərəfdən, Allahın Kəlamı iki ağızlı qılınc və ya cərrah bıçağı kimi iti olaraq qalır. O, ruhumuzda günahla zəhərlənmiş hissələri “kəsmək” üçün verilib ki, Şeytanın vəsvəsələrindən imtina edərək özümüzdə yeni insanı quraq. Digər tərəfdən isə qurtuluş çarmıxda ölüm vasitəsilə, əzabları qəbul etmə və sərhəd tanımayan məhəbbət ruhunda özünü qurban vermə yolu ilə həyata keçir. Burada iman möhkəmliyi Quzunun həlimliyi ilə birləşir. Hər cür insani ehtiyatdan üstün olan vəzin gücü, daim dönüşə çağırılan yoxsul günahkarlara qarşı mərhəmətlə müşayiət olunur.
İNCİL Yəhya 13,21-33. 36-38
İsa bu sözləri söylədikdən sonra ürəyi təlaşa düşdü və şəhadət edib dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək». Şagirdlər Onun kimin barəsində danışdığını bilməyib çaşqınlıq içində qalaraq bir-birlərinə baxırdılar. Şagirdlərindən biri – İsanın sevimli şagirdi Onun köksünə sığınmışdı. Şimon Peter həmin şagirdə işarə etdi ki, kimin barəsində danışdığını Ondan soruşsun. Həmin şagird İsanın sinəsinə əyilərək Ondan soruşdu: «Ya Rəbb, o kimdir?» İsa cavab verdi: «Bu çörək tikəsini batırıb kimə versəm, odur». Tikəni batırıb Şimon İskaryot oğlu Yəhudaya verdi. Yəhuda tikəni alan kimi Şeytan onun içinə girdi. İsa ona «Nə edəcəksənsə, tez et!» dedi. İsanın bunu niyə ona söylədiyini süfrədə oturanların heç biri başa düşmədi. Pul qutusu Yəhudada olduğu üçün bəziləri güman etdi ki, İsa ona «bayrama bizə lazım olan şeyləri al» yaxud «yoxsullara bir şey ver» deyir. Yəhuda tikəni alan kimi dərhal bayıra çıxdı. Artıq gecə idi. O çıxandan sonra İsa dedi: «İndi Bəşər Oğlu izzətləndi və Allah da Onda izzətləndi. İndi ki Allah Onda izzətləndi, Allah da Onu Özündə izzətləndirəcək, tezliklə izzətləndirəcək. Ey övladlarım! Az bir müddət də sizinlə olacağam. Siz Məni axtaracaqsınız. Yəhudilərə “Mənim getdiyim yerə siz gələ bilməzsiniz” dediyim kimi indi sizə də bunu söyləyirəm. Şimon Peter İsadan soruşdu: «Ya Rəbb, hara gedirsən?» İsa cavab verdi: «Getdiyim yerə indi ardımca gələ bilməzsən, amma sonra ardımca gələcəksən». 37 Peter Ona dedi: «Ya Rəbb, niyə indi ardınca gələ bilmərəm? Sənin üçün canımı qurban verərəm». 38 İsa ona dedi: «Mənim üçün canını qurban verərsənmi? Doğrusunu, doğrusunu sənə deyirəm: xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən.
Təfsir
Sakramentlərin Sakramentinin təsis edildiyi Son Şam Süfrəsinin kontekstində, təsəvvür edilə biləcək ən heyrətamiz hədiyyə təqdim olunur. Bu tamamilə nurani mənzərənin fonunda — Allah Özünü həqiqi qida və həqiqi içki kimi təqdim etdiyi anda — iki kəskin bəyanat son dərəcə dramatik səslənir: «aranızdan biri Məni satacaq» və «digəri isə Məni üç dəfə inkar edəcək». Son Şam yeməyi həvari missiyasının triumfal sonu deyil; o, Allahın ən böyük hədiyyəsini – Özünü, ruhda və bədəndə sonsuz olan Varlığını aşkar edir. Lakin bu hədiyyə hər zaman imanla qəbul edilməyi tələb edir. Allah Özünü bəxş edir, amma məcbur etmir; Allah sevir, amma zorla deyil. Ürəyinə Şeytanı qəbul edən insan hətta Məsihin Bədənindən də dada bilər (Yəhuda Yevxaristiyanı qəbul etmişdi), lakin bu ona fayda gətirməz. Özünə həddən artıq güvənən və özünə arxalanan isə, Peterdə olduğu kimi, ağır süquta məhkumdur. Buna görə də özümüzə həddindən artıq güvənməyək. Həmişə təvazökar qalaq, öz acizliyimizi dərk edək və Rəbbi uşaq qəlbi ilə sevək: yalnız bu halda biz Yevxaristiyanı layiqincə və dolğun şəkildə qəbul edə bilərik. Gəlin bu müqəddəs süfrəyə Yəhyanın etdiyi kimi yanaşaq: o, səmimi ümid və məhəbbətlə Rəbbə söykənmişdi.