Liturgiya oxunuşları: 3 Mart. Böyük Orucun II həftəsinin çərşənbə axşamı
BİRİNCİ OXUNUŞ Yeşaya 1,10.16-20
Ey Sodom başçıları, Rəbbin sözünü eşidin! Siz, ey Homorra xalqı, Allahımızın təlimini dinləyin! Yuyunub təmizlənin, gözümün önündə işlərinizi şərdən uzaqlaşdırın, pislik etməkdən vaz keçin. Yaxşılıq etməyi öyrənin, ədaləti axtarın, məzlumları qurtarın, yetimin haqqını qoruyun, dul qadını müdafiə edin». Rəbb deyir: «Gəlin indi birgə düşünək bu an, günahlarınız qıpqırmızı parça kimi görünsə də, onlar qar kimi ağ olacaq; tünd qırmızı rəngə çalsa da, onlar ağ yun kimi bəyaz olacaq. İtaətkar olub sözə baxsanız, torpağın ən gözəl bəhrələrindən yeyərsiniz. Əgər üsyankar olub Məni rədd etsəniz, qılınc sizi yeyəcək». Bu sözlər Rəbbin ağzından çıxıb.
Təfsir
Bu oxunuş bizim Allahla münasibətlərimizin ən dərin mahiyyətinə toxunur. O, günah mövzusunu hüquqi müstəvidən (“qaydaların pozulması”) çıxararaq şəxsiyyətlərarası münasibətlər və etimad sahəsinə keçirir. Allah Öz sevimli övladlarından yalnız bir şey istəyir: Ona bənzəmək – yaxşılıq etmək, mərhəmətli və şəfqətli olmaq. Adəm və Həvvanın günahı Yaradanla münasibətlərdə dərin və ağrılı bir çat yaratdı. Etimad çatışmazlığı səbəbindən ulu valideynlərimiz Allahın səsi əvəzinə ilanının səsini seçdilər. İndi bu dostluğu bərpa etmək üçün etimad yolunu yenidən kəşf etmək lazımdır. Övladlar hiss etməlidirlər ki, Ata onları sevir, dəyərləndirir və konkret, anlaşılan mərhəmət əməlləri yoluna – məsələn, yetimə və ya dul qadına yardım etməyə – dəvət edir. Bu sadə addımlar ünsiyyətə və məhəbbətə qayıtmağa kömək edir. Sodom və Homorranın xatırlanması günahın dəhşətli nəticələrini – dağıntı və ölümü – yada salır. Lakin Allah heç vaxt kimsənin məhvini istəmir. O, insana yalvarır ki, dönüş etsin və Onun məhəbbətinə etibar etsin, çünki O, Atadır. İnsanlar niyə Allaha etimadı itirdilər? Onlar Onun ata nəvazişini necə unutdular? Niyə artıq Atanı tanımırlar? Bu suallar bu gün də son dərəcə aktualdır. Allaha güvənmək hər bir insanın həsrətində olduğu həqiqi sülhə aparan yeganə yoldur.
İNCİL Matta 23,1-12
Bundan sonra İsa camaata və şagirdlərinə müraciət edib dedi: «İlahiyyatçılar və fariseylər Musanın kürsüsündə oturmuşlar. Buna görə də sizə əmr etdikləri hər şeyə riayət və əməl edin. Amma onların etdiklərini etməyin, çünki söyləyərlər, amma riayət etməzlər. Ağır və çətin daşına bilən yükləri bağlayıb insanların çiyninə yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə, tərpətmək istəməzlər. Onlar öz əməllərinin hamısını insanlar görsün deyə edərlər. Çünki onlar dua qutucuqlarını genişləndirib geyimlərinin qotazlarını uzadarlar. Ziyafətlərdə yuxarı başı və sinaqoqlarda baş kürsüləri tutmağı, bazar meydanlarında salam almağı, insanların onlara “Rabbi!” deyə xitab etməsini sevərlər. Amma kimsə sizi “Rabbi” deyə çağırmasın. Çünki sizin bir Müəlliminiz var. Siz hamınızsa qardaşsınız. Yer üzündə kimsəyə “ata” deməyin. Çünki bir Atanız var, O da Səmavi Atadır. Kimsə sizə “rəhbər” deməsin. Çünki bir Rəhbəriniz var, O da Məsihdir. Aranızda ən böyük olan xidmətçiniz olsun. Kim özünü yüksəldərsə, aşağı tutulacaq və kim özünü aşağı tutarsa, yüksəldiləcək.
Təfsir
Bir Müəllimimiz olduqda biz “eyni sinfin şagirdləri”nə çevrilirik; bir Atamız olduqda isə qardaş olur – vahid bir bütövə, bir ailəyə çevrilirik. İmanlıların birliyi bizi bir Bədən kimi yaradan Müqəddəs Ruhdan doğur. Belə aydın daxili mövqe dərhal imkan verir ki, təkəbbüründə Allahın yerini tutmağa çalışan və özünü bizə müəllim kimi sırıyan insanları tanıyaq. Biz bilirik ki, məhz şeytan Rəbbin yerini tutmaq, insanların onu dinləməsini və ona səcdə etməsini istəyir. Halbuki bizim yalnız bir Səmavi Atamız və bir Müəllimimiz var – İsa. “İnsan Allahın surətini dəhşətli şəkildə təhrif etmişdir”, – deyə Nikolay Berdyayev yazır və vurğulayır ki, insanlar öz pozğun və günahkar psixologiyalarını Yaradanın üzərinə köçürmüşlər. Əgər xristianlıq qanadsız, darıxdırıcı və yaradıcılıqdan uzaq hala gəlməsəydi, əgər o, insan cəmiyyətlərinin və mədəniyyətlərinin həyatını ilhamlandırmaqdan və istiqamətləndirməkdən vaz keçməsəydi, dünyada belə dəhşətli fəlakətlər və sarsıntılar, belə allahsızlıq və ruhun alçaldılması olmazdı. Bizə yeganə Müəllim olan İsaya səmimi məhəbbəti və vahid Səmavi Atanın övladları olduğumuzu dərk etməyin sevincini yenidən bərpa etmək lazımdır.