Axtar

Rəbbin Yerusəlimə Girişi Rəbbin Yerusəlimə Girişi 

Liturgiya oxunuşları: 29 MART. Rəbbin Yerusəlimə Girişi – Palma Rəbb Günü

“Rəbb bizim üçün Öz həyatını verdi. Bizi xilas etmək üçün O, şərin Özünü məhv etməsinə izin verdi. Rəbb elə dərəcədə xidmət etdi ki, sevənlər üçün ən ağrılı olan halları – xəyanəti və tərk edilməni – Öz üzərində yaşadı. Ən ağır olan isə sədaqət və yaxınlıq vəd edənlərin xəyanətidir. Biz, Öz mahiyyətində sevgi olan Allahın nə qədər dərin iztirab çəkdiyini təsəvvür belə edə bilmərik” (Papa Fransisk).

Müqəddəs Həftə və ya Əzablar Həftəsi xristian sirrinin qəlbinə aparan yoldur. Onun astanasını Palma Rəbb günündə keçərkən biz sadəcə tarixi bir xatirəni deyil, İsanın Yerusəlimə zəfərli girişini – Səmavi Atanın məhəbbətinin tam bəxşinə aparan müqəddiməni bayram edirik. Bu həftə bütün ibadət həyatının mənbəyi, xilasımızın və bütün dünyanın xilasının qaynaqlandığı mərkəzdir. Sonrakı günlər bizi dərindən dua etməyə və düşünməyə dəvət edir. İsanın Çarmıxı birbaşa sual qoyur: bu gün o, şəxsən hər birimiz üçün, Kilsə üçün və dünya üçün nə deməkdir? Ənənəyə görə Müqəddəs Həftənin ilk günlərindən birində keçirilən Missa Chrismatis -  Yağların təqdis edilməsi Messasında yeparxiya icması öz yepiskopu ətrafında toplaşır. Katexumenlərin yağı, xəstələrin yağı və ətirli müqəddəs miro təqdis olunur – bunlar sakramentləri müşayiət edən ilahi lütfün görünən nişanələridir. Müqəddəs Həftəni yaşamaq – ürəyimizi və həyatımızı onun içinə daxil etmək deməkdir. Biz günbəgün Məsihin Əzabları və ölümünün zirvə anlarından keçməyə çağırılırıq ki, yenilənmiş ruhla diriliş sevincinə çataq. Bu həftə bizə xatırladır ki, Allahın məhəbbəti ağrı və ölüm qarşısında dayanmadı, əksinə onları ümid və yeni həyat mənbəyinə çevirdi.

RƏBBİN YERUSƏLİMƏ GİRİŞİNİN XATİRƏSİ

İNCİL Мatta 21,1-11

Yerusəlimə yaxınlaşıb Zeytun dağının yamacındakı Bet-Faqeyə gəldikləri zaman İsa iki şagirdi göndərərək onlara dedi: «Qarşınızdakı kəndə gedin. Dərhal orada bağlanmış bir eşşəklə bir sıpa tapacaqsınız. Onları açıb Mənə gətirin. Kim sizə bir şey desə, ona “bunlar Rəbbə lazımdır, tezliklə onları geri göndərəcək” deyərsiniz». Bunlar da peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin deyə baş verdi: «Sion qızına deyin ki, “Bax Padşahın sənə tərəf gəlir; O itaətkardır və bir eşşəyə – Eşşəyin balası olan sıpaya minib gəlir”». Şagirdlər gedib İsanın əmr etdiyi kimi etdilər. Eşşəklə sıpanı gətirib üzərlərinə paltarlarını qoydular və İsa sıpanın belinə mindi. Camaatın çoxu öz paltarlarını yola sərdi. Bəzisi də ağaclardan budaqlar kəsib yola döşədi. İsanın önündə gedən və ardınca gələn xalq belə nida edirdi: «Davud Oğluna hosanna! Rəbbin ismi ilə Gələnə alqış olsun! Ən ucalarda hosanna!» İsa Yerusəlimə daxil olanda bütün şəhər «Bu Kimdir?» deyərək sarsıldı. Camaat isə deyirdi: «Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa Peyğəmbərdir».

Təfsir

İsanın Yerusəlimə gəlmək qərarı Onun məsihlik xidmətinin ən mühüm məqamlarından biridir. O, həm Padşah, həm Peyğəmbər, həm də Baş Kahindir. İsraildə padşah taxta çıxarıldıqda, onu cavan bir eşşəyə mindirər və toplaşmış xalqın sevinc dolu nidaları altında şəhərdən keçirərdilər. Rəbb eyni bu ayini yerinə yetirməklə hər kəsə açıq şəkildə bildirir: O, həqiqətən İsrailin Padşahıdır. Əlbəttə, Onun hökmranlığı keçmişin bütün yer üzündəki hökmdarlarından fərqlənir, lakin O, şübhəsiz və mütləq Padşahdır; bu həqiqət Onun Çarmızı üzərində yazılan yazı ilə də təsdiq olunacaq. Padşah idarə etmək, qanunlar qoymaq və xalqın həyatını yönləndirmək səlahiyyətinə malikdir. Əgər İsa Padşahdırsa, O, bunu həyata keçirməlidir. Və O, bunu Çarmıx üzərində ölərək və Öz Ruhunu bəxş edərək gerçəkləşdirir. Buna görə də Rəbbin padşahlığının yalnız ruhani xarakter daşıdığını və imanlıların sadəcə daxili həyatı ilə (məsələn, günah və asılılıqlarla mübarizə ilə) məhdudlaşdığını iddia etmək yanlışdır. Əgər insan Allah tərəfindən yaradılmışdırsa, insan həyatına aid olan hər bir sahə Allahla da bağlıdır. Dar və mütləq mənada “dünyəvi” dövlət anlayışı öz-özlüyündə mövcud deyil, çünki hətta dövlət qanunları belə Allahın insan qəlbinə həkk etdiyi təbii qanundan ilham almalıdır (Rom 2,15).

MESSA

BİRİNCİ OXUNUŞ Yeşaya 50, 4-7

Yorğunlara sözlə dayaq olmağı bilim deyə Xudavənd Rəbb mənə savadlıların dilini verdi. O hər səhər qulağımı oyadır ki, savadlı adamlar kimi dinləyə bilim. Xudavənd Rəbb qulağımı açdı, mən qarşı durmadım, geri çəkilmədim. Məni döyənlər üçün belimi açdım, üzümü saqqalımı yolanlara tərəf uzatdım, təhqirlərdən, tüpürcəklərdən üzümü gizlətmədim. Xudavənd Rəbb mənə kömək etdiyinə görə utanmayacağam, buna görə də üzümü çaxmaq daşı kimi etdim, bilirəm ki, əsla xəcalət çəkməyəcəyəm.

Təfsir

Biz Müqəddəs Həftəyə Yeşaya peyğəmbərin kitabından olan oxunuş -  Məsihin Əzablarını təsvir edən, Rəbbin Qulu haqqında məşhur himnlərlə daxil oluruq. Müzəffər, Roma legionları üzərində qələbə çalacaq bir Məsihi gözləyənlər bu peyğəmbərlikləri bəlkə də sadəcə məcaz və ya bədii ifadə kimi qəbul edirdilər. Lakin Yeşayanın təsvir etdiyi hər şey sözün həqiqi mənasında yerinə yetir: Məsih öz xilas missiyasını məhz əzab vasitəsilə həyata keçirir. Allah dünyanın şərini və insanların günahlarını Öz üzərinə götürür, insanlığa olan məhəbbəti naminə onları Çarmıx üzərində ölümü ilə kəffarə edir, bizim yerimizə Özünü təqdim edir. Yeşaya bu həqiqəti qısa, lakin dərin bir ifadə ilə bildirir: «Onun yaraları ilə biz şəfa tapdıq» (Yeşaya 53,5). Bu sözləri daha sonra Həvari Peter də sözbəsöz sitat gətirəcək. Bu günlərdə biz Rəbbin yaralarına baxmağa, Onun bizə hansı qiymətə başa gəldiyimizi düşünməyə çağırılırıq; Onun müqəddəs bədənində həkk olunmuş bu nişanələri sevgi və ehtiramla anmağa dəvət olunuruq. Hətta indi belə, cənnətdə, mələklər və müqəddəslər arasında, İsa Öz izzətli bədənində bu yaraları – stiqmaları – saxlayır. Bu, bizim xilasımızın qiymətini əbədi olaraq xatırladan nişanədir.

İKİNCİ OXUNUŞ  Flp 2,6-11

Allah surətində olduğu halda O Özünü Allaha bərabər tutmağı bir haqq saymadı. Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi. Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin.

Təfsir

Həvari Paul tərəfindən bu oxunuşda ifadə olunan teoloji prinsip İlahi təbiətin ən dərin mahiyyətini açır: məhəbbət insanı öz “mən”inin əsarətindən azad edir. O, insan özünü bəxş etdiyi anda sanki “boşalır”, lakin başqasını qəbul etdikcə dolur və kamilləşir. Allahın daxilində, Müqəddəs Üçlükdə, baş verən bu sirr Allah ilə insan arasındakı münasibətlərdə də əks olunur: Müqəddəs Üçlükdə Ata Özünü Oğula verir, Oğul da Müqəddəs Ruhun birliyində Özünü Ataya bəxş edir; insanla münasibətdə isə Allahın Kəlamı Öz İlahi izzətini sanki “gizlədir” ki, insan Onu imanla qəbul edə bilsin və öz növbəsində bütün qəlbi və bütün varlığı ilə Rəbb İsa Məsihə təslim olsun. İlahi məhəbbətin təbiəti belədirsə, biz insanlar da bir-birimizi həqiqətən sevmək üçün eyni yolu seçməliyik: məhəbbətdə öz mənfəətimizi axtarmamalı, əksinə, başqası üçün yer açmalı, özümüzü “boşaltmalı”, başqasını qəbul etməli və sevdiyimiz insana özümüzü hədiyyə etməliyik. Allahda donuq dəyişməzlik yoxdur; O, yaradılışın dərinliklərinə, insan qəlbinin ən gizli qatlarına enir ki, bizim azad razılığımızı qazansın və bunu edərkən O, artıq əvvəlcədən bizim bütün borclarımızı Öz üzərinə götürmüşdür.

İNCİL Matta 26,14-27,66

Yəhudanın xəyanəti

O zaman On İki şagirddən Yəhuda İskaryot adlı biri başçı kahinlərin yanına gedib dedi: «Onu sizə təslim etsəm, mənə nə verərsiniz?» Onlar da Yəhudaya otuz gümüş təklif etdilər. O vaxtdan Yəhuda İsanı təslim etmək üçün fürsət axtarmağa başladı.

Axırıncı şam yeməyi

Mayasız Çörək bayramının ilk günü şagirdlər İsanın yanına gəlib dedilər: «Sənin Pasxa yeməyin üçün harada hazırlıq görməyimizi istəyirsən?» O da cavab verdi: «Şəhərə girib filankəsin yanına gedin və ona deyin: “Müəllim deyir: ‹Vaxtım yaxınlaşdı, şagirdlərimlə birgə Pasxanı sənin evində keçirəcəyəm›”». Şagirdlər İsanın əmrini yerinə yetirərək Pasxa yeməyi üçün hazırlıq etdilər. Axşam düşəndə İsa On İki şagirdi ilə birgə süfrəyə oturdu. Onlar yemək yeyərkən İsa dedi: «Sizə doğrusunu deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək». Onlar çox kədərlənib bir-bir Ondan soruşdular: «Ya Rəbb, mən deyiləm ki?» O cavab verib dedi: «Mənimlə birlikdə əlini qaba batıran Mənə xəyanət edəcək. Bəşər Oğlu Özü barəsində yazıldığı kimi gedir. Amma vay o adamın halına ki, Bəşər Oğluna xəyanət edir! O adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı». Ona xəyanət edən Yəhuda «Rabbi, mən deyiləm ki?» deyə soruşdu. İsa da ona «sən dediyin kimidir» dedi. Onlar yeyəndə İsa çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi: «Alın, yeyin! Bu Mənim bədənimdir». Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verərək dedi: «Bundan hamınız için! Çünki bu, Əhdin† bağlanması və günahların bağışlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır. Mən sizə deyirəm: Atamın Padşahlığında sizinlə birlikdə təzəsini içəcəyim günə qədər üzüm ağacının bu məhsulundan əsla içməyəcəyəm». Onlar ilahi oxuyandan sonra çıxdılar və Zeytun dağına tərəf getdilər.

Peterin inkarı əvvəlcədən bildirilir

Onda İsa şagirdlərinə dedi: «Bu gecə hamınız Məni atıb gedəcəksiniz,‡ çünki belə yazılıb: “Çobanı vuracağam, sürünün qoyunları pərən-pərən olacaq”. Amma Mən diriləndən sonra sizdən qabaq Qalileyaya gedəcəyəm». Peter Ona cavab verib dedi: «Hamı Səni atıb getsə də, mən əsla atıb getməyəcəyəm». İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gecə xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən». Peter Ona dedi: «Əgər Səninlə birlikdə ölməyim lazım olsa belə, Səni əsla inkar etməyəcəyəm». Bütün şagirdlər də belə dedilər.

 Getsemani bağında

Sonra İsa şagirdlərlə birlikdə Getsemani adlanan bir yerə gəldi və onlara dedi: «Mən oraya gedib dua edərkən siz burada oturub-qalın». O, Peter ilə Zavdayın iki oğlunu Özü ilə apardı. Özündə bir kədər və narahatlıq hiss etməyə başladı. Onlara belə dedi: «Ürəyimi elə dərin kədər bürüyüb, az qalır ki, ölüm. Burada qalın və Mənimlə birlikdə oyaq olun». İsa bir qədər irəli getdi və üzüstə yerə qapanıb dua etdi: «Ey Atam, mümkündürsə, qoy bu kasa§ Məndən yan keçsin. Amma Mənim yox, Sənin iradən olsun». İsa şagirdlərin yanına qayıdıb gördü ki, onlar yatıb. O, Peteri səslədi: «Məgər Mənimlə birlikdə bir saat oyaq qala bilməzdinizmi? Oyaq durub dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisim isə gücsüzdür». İsa yenə ikinci dəfə uzaqlaşdı və dua etdi: «Ey Atam, əgər Mən içmədən bu kasanın yan keçməsi mümkün deyilsə, qoy Sənin iradən olsun». İsa qayıdanda gördü ki, onlar yenə yatıb, çünki onların gözləri yumulurdu. Onları tərk edib təkrarən uzaqlaşdı, yenə eyni sözlərlə üçüncü dəfə dua etdi. Sonra İsa şagirdlərin yanına qayıdıb onlara dedi: «Hələ də yatıb dincəlirsiniz? Budur, vaxt yaxınlaşıb və Bəşər Oğlu günahkarların əlinə təslim olunur. Qalxın gedək. Budur, Mənə xəyanət edən gəlir!»

İsa həbs olunur

İsa hələ danışarkən On İki şagirddən biri olan Yəhuda gəldi. Onun yanında başçı kahinlərin və xalqın ağsaqqallarının göndərdiyi əli qılınclı və dəyənəkli böyük bir dəstə adam var idi. İsaya xəyanət edən Yəhuda onlara işarə ilə bildirib demişdi: «Kimi öpsəm, İsa Odur, Onu tutun». O anda İsaya yaxınlaşıb «Salam, Rabbi!» deyərək Onu öpdü. İsa da ona «Dostum, nə üçün gəlmisən?» dedi. Elə bu vaxt İsaya yaxınlaşıb əl ataraq Onu tutdular. Onda İsa ilə birlikdə olanlardan biri əl atıb qılıncını çəkdi və baş kahinin qulunu vurub qulağını qopartdı. İsa ona dedi: «Qılıncını yerinə qoy, çünki qılınc çəkənlərin hamısı qılıncla məhv olacaq. Yoxsa elə düşünürsən ki, Atamdan yardım istəyə bilmərəm? İstəsəm, dərhal Mənə on iki legiondan artıq mələk göndərər. “Bunların olması gərəkdir” deyən Müqəddəs Yazılar onda bəs necə yerinə yetərdi?» Həmin vaxt İsa camaata dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə Məni tutmağa gəlmisiniz? Hər gün məbəddə oturub təlim verirdim, heç Məni tutmadınız. Amma bunların hamısı peyğəmbərlərin Yazıları yerinə yetsin deyə baş verdi». Onda bütün şagirdlər İsanı atıb qaçdılar.

İsa Ali Şuranın önündə

İsanı həbs edənlər Onu baş kahin Qayafanın yanına gətirdilər. İlahiyyatçılar və ağsaqqallar da oraya toplaşdı. Peter uzaqdan baş kahinin həyətinə qədər İsanın ardınca gedirdi, sonu görmək üçün içəri girib mühafizəçilərlə birgə oturdu. Başçı kahinlə və Ali Şuranın hamısı İsanı edam etmək üçün Onun əleyhinə yalançı şahidlik ifadəsi axtarırdılar. Çoxlu yalançı şahid gəldi, lakin yenə də axtardıqlarını tapmadılar. Axırda iki şahid gəlib dedi: «Bu Adam dedi: “Mən Allahın məbədini dağıdıb üç gün ərzində tikə bilərəm”». Baş kahin ayağa qalxıb İsaya dedi: «Sənin heç cavabın yoxdur? Onlar Sənin əleyhinə bu nə ifadədir verirlər?» Amma İsa susmaqda davam etdi. Baş kahin isə Ona dedi: «Səni var olan Allaha and etdirirəm, bizə de, Allahın Oğlu Məsih Sənsənmi?» İsa da ona dedi: «Sənin dediyin kimidir. Hətta sizə deyirəm: bundan sonra Bəşər Oğlunun Qüdrətli Olanın§§ sağında oturduğunu və göyün buludları üzərində gəldiyini görəcəksiniz». Onda baş kahin əynindəki paltarını cırıb dedi: «O, Allaha küfr etdi! Artıq şahidlərə nə ehtiyacımız var? Elə indi Onun küfr söylədiyini eşitdiniz! Bəs buna nə deyirsiniz?» Onlar cavab verib dedilər: «O, ölüm cəzasına layiqdir». Elə bu vaxt İsanın üzünə tüpürüb yumruq vurdular. Bəziləri də Ona şillə vuraraq dedilər: «Ey Məsih, bizə peyğəmbərlik elə görək, Səni vuran kimdir?»

Peter İsanı inkar edir

Peter isə bayırda, həyətdə oturmuşdu. Bir qarabaş ona yaxınlaşıb dedi: «Sən də Qalileyalı İsa ilə birlikdə idin». Amma Peter hamının qarşısında inkar edərək dedi: «Bilmirəm, sən nə danışırsan». Sonra darvazaya gələndə başqa bir qarabaş onu görüb oradakılara dedi: «Bu adam Nazaretli İsa ilə birlikdə idi». Peter yenə inkar edib and içdi: «Mən o Adamı tanımıram». Bir az sonra orada duranlar gəlib Peterə dedilər: «Doğrudan da, sən də onlardansan, çünki nitqin səni ifşa edir». Peter özünü qarğıyıb and içərək dedi: «O Adamı tanımıram». Həmin anda xoruz banladı. Peter İsanın «xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. Ona görə oradan çıxıb hönkür-hönkür ağladı.

Yəhuda özünü asır

Səhər açılanda bütün başçı kahinlərlə xalqın ağsaqqalları İsanı edam etmək üçün məşvərət etdilər. İsanın əl-qolunu bağlayaraq vali Pilatın yanına aparıb ona təslim etdilər. O zaman İsaya xəyanət edən Yəhuda Onun məhkum edildiyini görəndə peşman oldu. Otuz gümüşü başçı kahinlərə və ağsaqqallara geri gətirib «mən təqsirsiz qanı təslim etməklə günah işlətdim» dedi. Onlarsa ona «Bundan bizə nə? Özün bilərsən» dedilər. Yəhuda gümüş pulları məbədin içinə atıb oradan çıxdı, gedib özünü asdı. Başçı kahinlər gümüş pulları götürüb dedilər: «Madam ki qan bahasıdır, bu gümüş pulları məbədin xəzinəsinə qoymağa icazəmiz yoxdur». Öz aralarında məşvərət keçirərək o pulla yadelliləri dəfn etmək üçün dulusçunun tarlasını satın aldılar. Buna görə o tarlaya bu günə qədər «Qan tarlası» deyilir. Beləcə Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi: «İsrail övladlarının qiymətləndirdiyi Adamın dəyərini – otuz gümüşü aldılar və Rəbbin mənə buyurduğu kimi dulusçunun tarlası üçün verdilər».

İsa Romalı vali Pilatın önündə

İsa valinin önündə dayanmışdı. Vali Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa da ona dedi: «Sənin dediyin kimidir». Başçı kahinlər və ağsaqqallar Onu ittiham etdikləri vaxt İsa heç bir cavab vermədi. Onda Pilat Ona dedi: «Sənin əleyhinə edilən bu qədər şəhadəti eşitmirsənmi?» İsa onun heç bir sözünə cavab vermədi. Vali buna çox heyrətləndi. Hər Pasxa bayramında valinin xalqın istədiyi bir məhbusu azad etməsi adət idi. O günlərdə Barabba adlı məşhur bir məhbus həbsdə saxlanılırdı. Beləliklə, onlar bir yerə toplaşdıqları vaxt Pilat onlardan soruşdu: «Sizin üçün kimi azad etməyimi istəyirsiniz? Barabbanı, yoxsa Məsih deyilən İsanı?» Çünki bilirdi ki, onlar İsanı paxıllıqdan təslim etmişdilər. Pilat hökm kürsüsündə oturarkən arvadı «o saleh Adamla sənin heç bir işin olmasın, çünki bu gün röyada Ona görə çox əzablar çəkmişəm» deyə xəbər göndərdi. Başçı kahinlər və ağsaqqallarsa xalqı təhrik edirdilər ki, Barabbanın azad olmasını, İsanınsa ölümünü istəsinlər. Vali onlardan soruşdu: «İkisindən hansını sizin üçün azad etməyimi istəyirsiniz?» Onlar da «Barabbanı» dedilər. Pilat onlara «Elə isə Məsih deyilən İsaya nə edim?» dedi. Onların hamısı «Çarmıxa çəkilsin!» dedilər. Vali «Axı O nə pislik edib?» deyə soruşdu. Onlarsa «Çarmıxa çəkilsin!» deyə daha ucadan bağırdılar. Pilat əlindən heç bir şeyin gəlmədiyini və əksinə, iğtişaşın gücləndiyini görərək su götürüb xalqın önündə əllərini yudu və belə dedi: «Mən bu Adamın* qanı üçün təqsirkar deyiləm, qoy sizin boynunuzda qalsın». Bütün xalq cavab verib dedi: «Onun qanının məsuliyyəti bizim və övladlarımızın üzərinə olsun!» Onda Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isə qamçılatdıqdan sonra çarmıxa çəkilməyə təslim etdi.

Əsgərlər İsanı təhqir edir

Sonra valinin əsgərləri İsanı vali sarayına apardılar. Bütün alayı Onun başına topladılar. Onu soyundurub al rəngli xalat geyindirdilər. Tikanlardan bir tac hörüb başına qoydular, sağ əlinə də bir qamış verdilər. Önündə diz çöküb «Yəhudilərin Padşahı sağ olsun!» deyərək Onu ələ saldılar. Ona tüpürdülər, qamışı götürüb başına vurdular. Onu ələ salandan sonra xalatı əynindən çıxarıb Öz paltarını geyindirdilər. Sonra Onu çarmıxa çəkməyə apardılar.

İsa çarmıxa çəkilir

Bayıra çıxanda Şimon adlı Kirenalı bir adamla rastlaşdılar. Onu İsanın çarmıxını daşımağa məcbur etdilər. Qolqota, yəni «Kəllə yeri» adlanan yerə gələndə Ona içməyə ödlə qarışıq şərab verdilər. İsa onu daddıqda içmək istəmədi. Əsgərlər Onu çarmıxa çəkdilər və püşk ataraq paltarlarını aralarında bölüşdürdülər. Sonra orada oturub Onun keşiyini çəkdilər. Başı üzərinə «Yəhudilərin Padşahı İsa budur» ittihamını yazıb qoydular. O zaman İsa ilə birlikdə biri sağında, biri də solunda iki quldur da çarmıxa çəkildi. Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq «Ey məbədi dağıdıb üç gündə tikən! Əgər Allahın Oğlusansa, Özünü xilas et və çarmıxdan düş!» deyirdilər. Başçı kahinlər də ilahiyyatçılar və ağsaqqallarla birgə eyni şəkildə İsanı ələ salaraq deyirdilər: «Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir! İsrailin Padşahıdır, qoy indi çarmıxdan düşsün və biz də Ona iman edək. Allaha güvənirdi. Allah Onu sevirsə, qoy indi xilas etsin! Çünki “Mən Allahın Oğluyam” dedi». İsa ilə birlikdə çarmıxa çəkilən quldurlar da Onu təhqir edirdilər.

İsanın ölümü

Altıncı saatdan doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü. Doqquzuncu saata yaxın İsa uca səslə nida edərək dedi: «Eli, Eli, lema şabaqtani?» Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir. Orada dayananların bəzisi bunu eşidərkən dedilər: «Bu Adam İlyası çağırır». Aralarından biri dərhal qaçıb bir süngər gətirdi, şərab sirkəsinə batırıb bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin. O biriləri isə dedilər: «Onu rahat burax, görək İlyas gəlib Onu xilas edəcəkmi?» İsa yenə uca səslə qışqırıb ruhunu tapşırdı. O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. Yer sarsıldı, qayalar yarıldı. Qəbirlər açıldı, vəfat etmiş bir çox müqəddəsin cəsədi dirildi. Onlar İsanın dirilməsindən sonra qəbirlərdən çıxıb müqəddəs şəhərə girdilər və bir çox insana göründülər. İsaya nəzarət edən yüzbaşı və onunla birlikdə olan əsgərlər zəlzələni və baş verən şeyləri gördükdə «doğrudan da, bu Adam Allahın Oğlu idi» deyərək dəhşətə düşdülər. Orada olub-keçənlərə uzaqdan baxan bir çox qadın var idi ki, xidmət etmək üçün Qalileyadan İsanın ardınca gəlmişdilər. Məcdəlli Məryəm, Yaqub ilə Yusifin anası Məryəm və Zavdayın oğullarının anası da onların arasında idi.

İsanın dəfni

Axşam düşəndə İsanın şagirdi olmuş varlı bir adam – Yusif adlı bir Arimateyalı gəldi. O, Pilatın yanına gedib İsanın cəsədini istədi. Pilat da cəsədin ona verilməsini əmr etdi. Yusif cəsədi alıb təmiz bir kəfənə bükdü. Onu qaya içində qazdığı öz yeni qəbrinə qoydu və qəbirin ağzına bir iri daş yuvarlayıb getdi. Məcdəlli Məryəm və o biri Məryəm orada, qəbirin qarşısında oturmuşdular. Ertəsi gün, yəni Hazırlıq günündən sonrakı gün başçı kahinlərlə fariseylər Pilatın yanına toplaşıb dedilər: «Ağa, biz xatırlayırıq ki, o yalançı hələ sağ ikən “üç gün sonra diriləcəyəm” demişdi. Ona görə də əmr et ki, üçüncü günə qədər qəbirin təhlükəsizliyi qorunsun. Yoxsa şagirdləri gəlib Onu oğurlayar və xalqa “O, ölülər arasından dirildi” deyərlər. Axırıncı yalan birincisindən daha pis olar». Pilat onlara dedi: «Bir dəstə keşikçi götürün, gedin, bacardığınız kimi qəbirin təhlükəsizliyini qoruyun». Onlar gedib qəbirin qarşısında keşikçi dəstəsi qoydular və qəbir daşına möhür basdılar. Beləliklə, qəbirin təhlükəsizliyi qorundu.

Təfsir

Bu il biz Əzabları, yəhudi düşüncə tərzinə ən yaxın olan müjdəçi Mattanın İncilindən oxuyuruq. O, bütün İncil boyu dəfələrlə Əhdi-Ətiqdən sitatlar gətirərək oxucularına sübut etməyə çalışır ki, İsa həqiqətən Müqəddəs Yazıların yerinə yetməsi, Səmavi Ata tərəfindən göndərilmiş Allahın Oğludur. Lakin Əzablar haqqında rəvayətdə artıq sitatlara ehtiyac qalmır: müjdəçi yalnız hadisələrin özünə yer verir ki, faktlar özləri danışsın. Məsihdə hər şey tamamlanır. Əzablar haqqında bu rəvayəti sadəcə dinləmək və onu ruhun ən dərin qatlarında yaşamaq lazımdır. Diqqətəlayiqdir ki, Lukanın və Yəhyanın İncilində İsa Çarmıx üzərində bir neçə dəfə danışdığı halda, Matta yalnız bir cümləni qeyd edir: «Allahım, Allahım! Nə üçün Məni tərk etdin?» – və Onun can verərkən ucaltdığı son fəryadı. Bu fəryad Əzabların bütün faciəvi dərinliyini ifadə edir. Atadan tərk olunmuşluq hissi Adəmin günahının ağırlığını, ilahi həyatla qırılmış bağın bütün yükünü açıb göstərir. Son nalə isə artıq sözlərə sığmayan, həddindən artıq bir ağrını ifadə edir. Bu dramatik fəryad Allahın Kəlamının son sözü kimi səslənir; o, varlığımızın ən dərin qatlarını sarsıdır və Diriliş gününün Pasxa nəğməsini hazırlayır.

28 mart 2026, 22:11